…Bu gün- 2019-cu ilin yanvarın 20-də AzTV-də “20 yanvar”la bağlı demək olar bütün canlı və adi verilişləri izlədim… Ötən illəri də xatırlayıram. Hər il AzTV və digər kanallarda keçmiş SSRİ rəhbərliyinin günahları ilə yanaşı, həm də Əbdürrəhman Vəzirovun və ondan sonrakı dövrdə ölkəyə rəhbərlik etmiş Mütəllibovun da adı xüsusilə çəkilirdi və adları səriştəsiz, o hadisələrin baiskarlarından birincisi kimi qeyd olunurdu.
Lakin AzTV bu dəfə həmin ittihamları təkrarlamadı. Bu çox vacib məqamdır və təbii ki, bu məsələdə siyasi rəhbərliyin dəsti-xətti var. Çünki Vəzirovun, Mütəllibovun adı hallananda belə çıxırdı ki, guya “20 yanvar” faciəsini törədən Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq və xalqın gözünü qırmaq istəyən SSRİ rəhbərliyi, xüsusən də Mixail Qorbaçov deyil, özümüzünkülərdir.
Bəli, bu dəfə AzTV-dən doğru addım görürük. Təkrar edirəm, təbii ki, bu, düşməni içimizdə deyil, kənarda axtarmaq kimi siyasi qərarını ortaya qoyanların üstün, təqdirəlayiq addımıdır.
***
Aşağıda 2014-cü ildə fəaliyyəti dayandırılmış APA-nın Moskva müxbirinin rus və Azərbaycan dilində yayımladığı bir məlumatını “Təzadlar”ın arxivindən taparaq təqdim edirəm. Olduqca maraqlı faktdır:
Nikolay Rıjkov: “Bakıya qoşun yeridilməsi qərarı Qorbaçovun kabinetində verildi”
“Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi”
[ 26 Sentyabr 2014 13:34 ]“Yazova dedim ki, atəşə atəşlə cavab versinlər”
Moskva. Fərid Əkbərov – APA. “Etnik zəmində ilk cinayət törədilən kimi SSRİ Ali Sovetinin Rəyasət Heyətində Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı məsələ qaldırdım. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə buna qarşı çıxış etdi, bildirdi ki, Rıjkov vəziyyəti gərginləşdirir. Yekunda Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olundu”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “İzvestiya” qəzetinə müsahibəsində SSRİ-nin keçmiş baş naziri, hazırda Rusiya Federasiya Şurasının Belqorod vilayətindən olan üzvü Nikolay Rıjkov deyib.
1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı açıqlamalar verən N. Rıjkov bildirib ki, o vaxt Bakıda vəziyyət getdikcə pisləşirdi: “Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verildi. Orda Lukyanov (SSRİ Ali Sovetinin sədri), Yazov (müdafiə naziri), Kryuçkov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri), Bakatin (daxili işlər naziri) və mən iştirak edirdim. Yazov əmrin verilməsini xahiş elədi. Qorbaçov Medvedevə Bakıya qoşun yeridilməsi ilə bağlı mətnin hazırlanmasını və gecə yarısına qədər KİV-də yaymağı tapşırdı. Lakin Medvedev həmin mətni gecikdirdi və onu ancaq səhər çap etdirdi. Qoşun isə Bakıya Qorbaçovun keçirdiyi iclasdan dərhal sonra yeridildi. Medvedevin əmri sabotaj elədiyinə şübhə edirəm. Ya da bu, əvvəlcədən düşünülmüş addım idi ki, baxsınlar vəziyyət necə inkişaf edir. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib (o da Qorbaçova zəng edə bilmirdi) dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə. O isə cavabında “Ну, делай, делай” deyirdi”.
N.Rıjkov jurnalistin “Siz qoşun yeridilməsi ilə bağlı heç bir yazılı əmr olmadan bütün gecə hərbi əməliyyatı idarə etmisiniz?” sualına belə cavab verib: “Mən siyasətlə məşğul olmurdum, tapşırıqları həll edirdim”.
***
Bu da həmin məlumatın rus dilində olan variantı:
Николай Рыжков: «Решение о вводе войск в Баку принималось совместно в кабинете у Горбачева»
Xəbərin çap versiyası Tarix: 8/10/2014
«Я сказал Язову, чтобы на огонь отвечали огнем»
“В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана Везиров и истошно просил остановить армию”
«Как только начались первые преступления на этнической почве, я поставил вопрос на Президиуме Верховного Совета СССР о введении чрезвычайного положения в Баку. Председатель Президиума ВС Азербайджана Эльмира Гафарова выступила резко против, заявив, что Рыжков нагнетает. В итоге ЧП ввели в Нагорном Карабахе».
Как сообщает московский корреспондент АПА, об этом в своем интервью газете «Известия» заявил бывшый председатель Совета министров СССР, ныне член Совета Федерации России от Белгородской области Николай Рыжков.
Говоря о событиях 20 Января 1990 года, Н.Рыжков отметил, что ситуация в Баку продолжала накаляться: «Решение принималось совместно в кабинете у Горбачева. Присутствовали Лукьянов (председатель ВС СССР), Язов (министр обороны), Крючков (председатель Комитета государственной безопасности), Бакатин (министр внутренних дел) и я. Язов попросил приказ. Горбачев поручил Медведеву подготовить текст о вводе войск и до полуночи опубликовать его в СМИ. Медведев с текстом затянул и опубликовал его только утром, а войска пошли сразу после совещания. Медведев или саботировал распоряжение, в чем я сомневаюсь, или это был продуманный шаг, чтобы посмотреть, как будет ситуация складываться. В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана Везиров и истошно просил остановить армию. Ночью звонил Язов, который тоже не мог до Горбачева достучаться. Сказал, что по войскам стреляют. Есть погибшие среди солдат. Спрашивал, что делать. Ответил, чтобы на огонь отвечали огнем. За ночь Горбачев звонил мне три раза. Я докладывал ему о ситуации, в том числе про обстрелы и о погибших. Он в ответ только: «Ну, делай, делай».
На вопрос журналиста «То есть вы всю ночь руководили войсковой операцией, не имея документального приказа на ее проведение?» Н.Рыжков ответил так: «Я не политикой занимался, я задачу решал”
(26 Сентября 2014, Москва. Фарид Акберов – АПА).
***
Bu yazı da çox maraqlıdır və Vəzirovun günahsızlığının sübutuna deyil, tarixin olduğu kimi, təhrif edilmədən təqdimatıdır:
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Xəbərin çap versiyası Tarix: 19/10/2016
“Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olardı. Əlbəttə, bu məsələni güc yolu ilə yoluna qoymaq imkanı da vardı. Ancaq bu mənim seçə biləcəyim yol deyildi. Qanlı toqquşmalara yol vermək olmazdı. Ondan sonra normal münasibətlər qurmaq çox çətin, hətta mümkünsüz olur. Mən problemin güc yolu ilə həll edilməsi planını qətiyyən dəstəkləmirdim”.
Bu sözləri Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirov yazdığı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabında qeyd edib. Özünün rəhbər təyinatı barədə yazan Vəzirov bildirir ki, o, Azərbaycanda pis vəziyyətdə olan sosial- iqtisadi həyatla yanaşı ölkəni kəskin şəkildə laxladan faciəvi Qarabağ münaqişəsi ilə üz-üzə qalıb. “Mən, güzəşt tanımayan beynəmliləlçi özü karyeramın ən pik nöqtəsində millətçilik dalğası ilə toqquşdum. Mən həmişə milli mentalitetə hörmət göstərilməsinin tərəfdarı olmuşam. Ancaq mağara millətçiliyinin qəti əleyhdarı olmuşam”- deyə Ə. Vəzirov bildirib.
Daha sonra Dağlıq Qarabağda separatçı hərəkatın baş qaldırmasının səbəbləri barədə yazan sabiq ölkə başçısı qeyd edir ki, “SSRİ-də konstitusiya yolu ilə həll olunmuş bu məsələ” separatçıların və onların himayədarlarının səyi ilə millətlərarası münaqişə müstəvisinə çıxarılıdı.
“Sovet sisteminin əsasını sarsıtmağa çalışan qüvvələr var gücü ilə belə münaqişələri alovlandırır, insanlar arasında inamsızlıq səpirdilər”-deyə o vurğulayıb.
Ə. Vəzirov daha sonra yazır ki, Azərbaycanda milli birliyin olmaması separatçılara qarşı mübarizə imkanlarını zəiflədirdi. “Bakıda işlədiyim ilk günlərdə mən bütün qüvvəmlə Qarabağ probleminin sülh yolu ilə həll olunmasına çalışırdım. Amma münaqişədən öz xəbis məqsədləri üçün istifadə etməyə çalışanlar bu yeganə düzgün prosesə ciddi müqavmət göstərirdilər. Mənim prinsipial mövqeyim isə belə idi: Qan tökülmədən, vətəndaşlar həlak olmadan problemi həll etmək!”
Ə.Vəzirov kitabında Qarabağ probleminin alovlanmasının ABŞ dairələri üçün də maraqlı olduğuna işarə vurub. Ə. Vəzirov bildirib ki, Qarabağ probleminin ən qaynar vaxtında -1989-cu ilin noyabrında ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok Bakıya gələrək onunla görüşüb.
“Amerikalılar bizim ölkəmizdə baş verənləri çox diqqətlə izləyirdilər”- deyə Vəzirov yazıb.
Cek Metlok özünün 1995-ci ildə yazdığı “İmperiyanın ölümü: Amerika səfirinin SSRİ-nin süqutuna baxışı” adlı kitabında Bakıya səfəri barədə yazıb.
Metlok qeyd edir ki, səmimi və diqqəti özünə çəkməyi bacaran Ə. Vəzirov ola bilsin ki, Qarabağ məsələsindən çıxış yolu tapa bilərdi. “Lakin onun fəaliyyət azadlığı yox idi. O, Moskvanın laqeyd passivliyindən və “evində” qaynayan siyasi ehtirasların üzündən küncə sıxılmış halda idi”.
Ə. Vəzirov görüş zamanı ABŞ səfirinə deyib ki, Ermənistandan qovulan azərbaycanlılara qayıtmaq üçün kömək etmək lazımdır. Ancaq bunun o zaman mənası olar ki, ermənilər Dağlıq Qarabağa olan bütün iddialarından əl çəksin. Daha sonra Vəzirov səfirə deyib ki, ermənilərin ərazi iddiaları Azərbaycan cəmiyyətini qəzəbləndirir və respublikalar arasında de-fakto müharibəyə aparıb çıxaracaq. “Vaxtında getmək milli lider üçün əsas məsələdir. Nə gec, nə tez – vaxtında… Mən Azərbaycana ölkənin taleyüklü dəqiqələrində gəldim. Artıq cin şüşədən çıxmışdı, “pandora yeşiyi” açılmışdı. Sovet İttifaqının dağılmasının əsası qoyulmuşdu”.
SSRİ-nin fövqaladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Ə.Vəzirov sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra vəzifəsini tərk edərək Moskvaya gedib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır. (Strateq.az)
***
Bax belə…
Asif MƏRZİLİ
araz.az xəbər portalı.