Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərdə quruculuq işləri ilə yanaşı, əhalinin doğma yurda qayıdışı prosesi də mərhələli şəkildə davam edir. Qərbi Azərbaycandan olan soydaşlarımız arasında da bu ərazilərə gedib, orada yaşamaq istəyənlər var.  

Maraqlıdır ki, Qərbi Azərbaycandan olan nə qədər soydaşımız Qarabağa getmək üçün müraciət edib. Gedənlər olubmu və onların həmin bölgələrə getməsi üçün hansı şərtlər var? Gedənlər  iş və evlə təmin olunurlarmı?

araz.az xəbər verir ki,mövzu ilə bağlı TNS-in suallarını Qərbi Azərbaycan İcmasının sədri Vl çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli cavablandırıb.

İcma sədri bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən az sonra Qərbi Azərbaycandan olan yüzlərlə soydaşımız işğaldan azad olunan ərazilərə köçmək istəyini bildirib: “Qərbi azərbaycanlıların 30 illik işğaldan azad olunmuş ərazilərimizə köçmək istəyi bu günün məsələsi deyil. Həmin ərazilərdə quruculuq işləri başlayan ilk günlərdə yüzlərlə, daha sonra minlərlə ailə ərizə ilə İcmamıza və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdi. Müraciət edənlərin əksəriyyəti Qərbi Azərbaycanın o bölgələrindən idi ki, onlar tarixən Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilmiş əraziləri ilə həmsərhəd olub. Yəni daha çox Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu bölgələrinin qaçqınları idi. Maraqlıdır ki, bu insanlar işğaldan azad olunmuş azərbaycanlı yaşayış məntəqələrinə yox, vaxtilə ermənilərin məskunlaşdırıldıqları, artıq boş qalmış yaşayış məntəqələrinə köçməyə üstünlük verirlər”.

18-2

Əziz Ələkbərli bildirib ki, soydaşlarımızın bu addımı onların Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıdış ideyasından imtina anlamına  gəlməməlidir: “Bu, illərlə Vətən həsrəti çəkən insanlarımızın doğma yurda bir addım daha yaxın olmaq istəyindən irəli gəlir. Köç nə vaxt, hansı şərtlərlə olacaq? Bu, artıq dövlətin, aidiyyəti qurumların məsələsidir.  Elə hesab edirəm ki, bu qayıdışda ən əsas şərt daimi məskunlaşmaq məsələsi olmalıdır və belədir də. Hazırda bərpa olunan yaşayış məntəqələrinə artıq xeyli sayda məcburi köçkün ailələri köçürülüb. Bu məsələdə Laçın şəhəri və kəndləri parlaq nümunə ola bilər. O ki qaldı köçürülənlərin iş və evlə təmin olunması məsələsinə, bu məsələdə ayrı-seçkilik ola bilməz, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan hər bir vətəndaşımızın, köçkün-qaçqın və ya başqa bir şəxs olsun, dərhal ev və işlə təmin olunması dövlətimizin əsas prioritetidir”.

araz.az xəbər portalı.