Heydər Əliyev adına hava limanında qəyməti 40 qəpik olan yarım litlik içməli sular dəyərindən 10 dəfə baha satılır.
araz.az xəbər verir ki,bu barədə redaktor.az-a video görüntü daxil olub.
Görüntülərdə vətəndaşlardan biri hava limanında adi suya 6 manat ödəniş etdiyini deyir. Müxbirimizin verdiyi məlumata görə, hava limanında quraşdırılan avtomatlarda yarım litrlik içməli sular 4 manata qoyulub.
Mövzu ilə bağlı redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, evlərə və ofislərə verilən suların qiymətini dövlət tənzimləsə də, Azərbaycanda mağazalarda satılan suların qiymətə dövlət qurumları təsir edə bilmir və dünyanın digər ölkələrində də bu belədir:
“Hələ sadəcə marketlərdə aldığımız sular Avropa ölkələrində qat-qat bahadır. Dünyanın isə istənilən aeroportunda suların qiyməti bahadır. Bizdə də qiymətlər digər hava limanlarına uyğunlaşdırılıb. Çünki hava limanında obyektlərin xərcləri də yüksəkdir, hər adam orada yer götürə bilmir. Eyni zamanda müştəri seqmenti imkansız şəxslər deyil. Bütün bunlar nəzərə alınaraq qiymətlər təklif edilir. Vətəndaşın baha olduğuna görə həmin suyu almamaq seçimi də var, onsuz da təyyarədə AZAL pulsuz su verir”.
İqtisadçı qeyd etdi ki, hava limanındakı suyun qiyməti ilə bağlı vətəndaş istənilən yerə müraciət edə bilər, ancaq heç bir nəticəsi olmayacaq, çünki burada qanun pozuntusu da yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında dedi ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən malları istənilən adam istədiyi yerdə və istədiyi qiymətə sata bilər, bir şərtlə ki, ona uyğun kassa çeki versin:
“Hərçənd yeni qəbul edilən “Rəqabət Məcəlləsi”ndə bu barədə maddələr var, lakin hələ ki tətbiq edilmir. Bəlkə də bu təzadları çox olan məcəllə tətbiqə başlasa, bir sıra məsələlərə son qoya bilər. Azad bazar iqtisadiyyatı adından sui-istifadə olunur. Məhsulun istənilən qiymətə satılması istehlakçı hüququnun pozulmasıdır. Biz bu cür məsələlərə Bulvarda fəaliyyət göstərən kafe və restoranlarda da rast gəlirik. Bir çaynik çayın 50 manata verilməsi, Ramazan ərəfəsində bir nəfərlik iftar süfrəsinin 70 manata təyin edilməsi və s. bunlara nümunədir. Bütün bunların kökündə dövlətin istehlakçı siyasəti ilə biznesin inkişafı siyasəti düz gəlmir. Biznes inkişaf edir, ancaq istehlakçı siyasəti yox vəziyyətindədir. Nəzarətçi orqanlar da əksər hallarda biznes qurumlarının tərəfini saxlayırlar”.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə də sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, hava limanında mal və xidmətlərin qiymətləri ictimai iaşəmüəssisələri tərəfindən müəyyən edilir. Bir çox beynəlxalq hava limanlarında olduğu kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda da şəhər mağazaları ilə müqayisədə yüksək qiymətin olması mümkündür.
“Əlavə edək ki, tərəfimizdən hava limanı ərazisində ictimai iaşə obyektlərində yüksək səviyyəli xidmətin göstərilməsi və keyfiyyət standartlarına riayət olunması mütəmadi olaraq nəzarətdə saxlanılır. Uyğunsuzluqlar aşkar edildikdə, onların aradan qaldırılması üçün dərhal tədbirlər görülür. Bununla yanaşı, əl yükündə 100 ml-dən çox mayelərin daşınmasına qadağa da daxil olmaqla uçuş təhlükəsizliyi qaydaları beynəlxalq aviasiya standartları ilə müəyyən edilir və dünyanın əksər hava limanlarında tətbiq edilir. Bu tədbirlər təyyarədə olan bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Sərnişinlər yoladüşmə nöqtəsində artıq təhlükəsizlik nəzarətindən keçdikləri üçün ölkəyə gələrkən oxşar tədbirlər tələb olunmur”,- deyən mətbuat xidməti yarımlitrlik suyun təyyarədə olan bütün sərnişinlərə və ekipaj üzvlərinə hansı təhlükə yaratdığını qeyd etməyib.
araz.az xəbər portalı.