Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov deputat olmaq istəyir.
araz.az modern.az-a istinadən xəbər verir ki, o, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.
O, 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olub. 2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilib.
Sabiq deputat 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Gülgün Kərimovun namizədliyini irəli sürüb.
Qeyd edək ki, Azər Əmiraslanovun namizədliyinin irəli sürülməsi barədə məlumatı daha əvvəl “Unikal.az” yayıb.
araz.az xəbər portalı.