“İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Milli mətbuatımızın yaranmasının 149-cu ildönümü ərəfəsində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Beləliklə də siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa bu gün yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirmiş oldu.
Ölkə başçısı cənab İlham Əliyevin Forumda iştirakı və ona ünvanlanan çoxsaylı suallara özünün dəmir məntiqi və tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər bölgədə, istər regionda, istərsə də dünyada baş verən prosesləri hərtərəfli şərh etməklə Azərbaycanın dünyada yerini və rolunu göstərdi və əhəmiyyətini anlatdı. Cənab Prezident bildirdi ki, Azərbaycan Avropa üçün vacib ölkə, etibarlı tərəfdaş olmaqla yanaşı, sülh və sabitliyin tərəfdarıdır. Təəssüf ki, bununla bərabər, Qərb mətbuatında aparılan ardıcıl dezinformasiya siyasətindən əziyyət çəkənlərdən biri də məhz bizim ölkədir. Bir tərəfdən Avropanın etibarlı tərəfdaşı adalndırlan, digər tərəfdən neft və qazla zəngin olduğuna görə qınanan bir ölkə haqqında yalan hekayələri uydurulmaqda davam edir. Ən çox dezinformasiya isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yayılmağa başladı və bu sahədə Fransanın mənfi rolu xüsusilə qabarıq şəkildə üzə çıxdı. Lakin bu dairələr ciddi şəkildə yanılmışdılar. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunu, milli ləyaqət məsələsində qətiyyətli və cəsarətli mövqeyini və mətbuata açıq lider olduğunu unutmuşdular. Ona görə də bir sıra Qərb dairələrinin, eləcə də Fransanın feyk xəbərləri, böhtan və qarayaxmaları havadan asılı vəziyyətdə qaldı.”
araz.az bildirir ki,bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli II Qlobal Media Forumunu şərh edərkən söyləmişdir.
Müsahibimiz bildirib ki, “bir əsrdə dörd dəfə deportasiyaya məruz qalmış Qərbi Azərbaycanın türk millətindən olan sakinlərinin müsibətlərini görməzdən gələn, Qarabağda ermənilərin törətdikləri vəhşilikləri “unudan” dairələr birgünlük antiterror əməliyyatından dərhal sonra ermənilərin hüquqlarından, etnik təmizləmədən, olmayan, uydurma hadisələrdən ağızdolusu danışmağa başladılar. Ermənilərin xarabalığa çevirdikləri Qarabağ və Şərqi Zəngəzurda heç zaman ermənilərə məxsus olmayan abidələrin guya dağıdılmasından ağızdolusu danışanlar, indiki Ermənistan adlanan ərazidəki maddi-mədəniyyət abidələrimizin yer üzündən silinməsini, 1987-1991-ci illərdə xalqımızın başına gətirilən müsibətləri yadlarına belə salmadılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə 30 ildən sonra Qarabağın işğalına son qoyulmasını həzm edə bilməyənlər xalqımızın ləyaqətli şəkildə ata-baba yurdlarına dönüşünün də beynəlxalq hüquq normalarının tələbi olduğunu bilmək belə istəmədilər.
Forumdakı çıxışında bu məsələyə toxunan cənab İlham Əliyev bildirdi ki, “Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər.”
Əziz Ələkbərli qeyd edib ki, “Vaxtilə Qərbi Azərbaycanda yaşamış insanların deprotasiya olunduqları kənd və qəsəbələrin 90 faizininin boş olduğunu, eynilə 30 illik işğal dövründə Qarabağın kənd və qəsəbələri kimi xarabazarlığa çevrildiyini diqqətə çatdıran cənab İlham Əliyev bu gün Azərbaycanda qərbi azərbaycanlıların nəsillərinin sayının milyonlarla olduğunu bildirərək bu insanların öz tarixi vətənlərinə, ata-baba yurdlarına qayıtma haqqının olduğunu bir daha nəzərə çatdırdı: “Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı – milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər.”
Cənab Prezident İlham Əliyev bu məsələyə beynəlxalq media qurumlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının qoşulmasının vacibliyini qeyd edərək gec-tez bu prosesin müsbət sonluqla nəticələnəcəyini bildirdi: “Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək.” Bəli, biz öz Prezidentimizə inanırıq. İnanırıq ki, 30 illik işğala son qoyan, milli kimliyimizi dünya çapında isbat edən müzəffər Liderin həyata keçirdiyi siyasət sayəsində qərbi azərbaycanlıların ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacağı gün yaxındadır. Bu, bizim qanuni haqqımız və beynəlxalq hüququn tələbidir”.
araz.az xəbər portalı.