imtahan yeni

2 ay sonra başlayacaq buraxılış imtahanlarının nəticələri də önəmli olacaq…

Məlum olduğu kimi,  2019-cu ildən ali məktəblərə qəbul, həmçinin orta məktəblərin IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsas səbəb orta məktəbdə tədrisdə tətbiq edilən dəyişikliklər, kurikulumların tətbiqi, orta məktəb dərsliklərinin yeni tələblərə uyğunlaşdırılması və ən nəhayət, bu dəyişikliklərin meydana çıxardığı biliyin qiymətləndirilməsi üçün lazım olan yeni qaydalar oldu.

Qısa bir xatırlatma verək ki, ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və  qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.  V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Artıq tədris ilinin birinci yarısı geridə qaldı. Buraxılış imtahanlarına çox qısa bir zaman qalıb. Bəs görəsən, bu yeniliklərin tətbiqi, abituriyentlərin yeni sistemə uyğunlaşması prosesi necə gedir?

Kamran Əsədov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, istənilən halda, yenilik, inkişafa doğru atılan addım müsbət qarşılanmalıdır: “Ənənəvi tədris və dərsliklərlə ali məktəblərə qəbul imtahanlarının nə az, nə çox, təqribən 25 ildən artıq ömrü var. Bu 25 ildə də müəyyən yeniliklər tətbiq olunurdu. İstənilən yenilik haqda xəbərdarlıq 1 il əvvəlcədən elan edilir, bununla bağlı şagirdlərin və müəllimlərin özlərində formalaşdıra biləcəyi vərdiş və bacarıqlar üçün yetəri qədər zaman olurdu. Bilirik ki, qəbul imtahanlarına hazırlıq üçün əlavə vəsaitlər önəmli rol oynayır. Uzun illərdir ki, qəbul imtahanlarına hazırlıqda önəmli kömək olan TQDK (DİM) nəşrləri çap olunurdu. Çox təəssüf ki, bu il üçün çap olunan vəsaitlər qəbul imtahanı üçün hazırlığa önəmli təsir edə bilmir”.

Təhsil eksperti tədris ili bitmədən buraxılış imtahanlarının keçirilməsinin müəyyən problemlər yaradacağını bildirdi: “Bildiyimiz kimi, buraxılış imtahanlarının keçirilməsi üçün nəzərdə tutulan tarix mart və ya aprel aylarıdır. Bu isə tədrisin bitməsindən ən azı bir ay əvvələ uyğun gəlir. Xüsusilə müəllim heyətinin haqlı narazılıqlarından biri də tədris bitməmiş şagirdlərin buraxılış imtahanına getməsidir. Əlbəttə, bu məqamda buraxılış imtahanından sonra şagirdlərin həmin dərsə olan davamiyyəti və marağına mənfi təsir göstərəcək. Məsələyə həm də bu baxımdan yanaşmaq olar ki, mart-aprel aylarında keçiriləcək buraxılış imtahanından sonra xüsusilə xarici dil fənnindən şagirdin fəaliyyətinin qiymətləndirilməsi praktiki əhəmiyyətini itirəcək. Çünki xarici dil fənni qəbul imtahanları üçün nəzərdə tutulmuş heç bir ixtisas blokunda yoxdur”.

Ekspertin sözlərinə görə, artıq imtahanın keçirilməsi ilə bağlı proqramın detalları da bəlli olub: “Qeyd edim ki, bir neçə gün əvvəl ”Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Burada 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub. Burada hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarında sistemlilik və ardıcıllıq prinsipləri gözlənilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris materiallarının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və sair verilib. “Abituriyent 1” jurnalında tarix fənnindən proqrama Şumerlər əlavə olunub. I Dünya müharibəsi haqqında bilgilər daha az tələb olunur. XX əsrin sonu və XXI əsrin əvvəllərində dövlətlərarası münasibətlər əvvəlki illərdə olduğu kimi yenə də var, amma indi, sadəcə, münasibətlərdən daha çox bilik tələb olunur. Qalan mövzular isə demək olar ki, yerindədir”.

K.Əsədov vurğuladı ki, artıq müəllimlər və abituriyentlər Dövlət İmtahan Mərkəzinin jurnallarını izləməli və onun əsasında səmərəli hazırlaşmağa çalışmalıdırlar: “Azərbaycan tarixində Qurtuluş hərəkatı, xarici siyasət və s. kimi mövzularda da bilik tələb olunur. Coğrafiyada coğrafi məkan, təbiət və cəmiyyət olmaqla fənn kurikulumunun müəyyən etdiyi bu 3 məzmun xəttinin 6 əsas standartı əsasında proqram tərtib olunub. Burada da bir sıra yeniliklər var. Digər fənlərdə kurikuluma və ona əsaslanan dərsliklərə əsasən, bəzi çıxarılan və əlavə olunan mövzular özünü göstərir. Bütün abituriyentlərə, müəllimlərə məsləhət görərdim ki, mütləq Dövlət İmtahan Mərkəzinin “Abituriyent 1” saylı jurnalını əldə edib mövcud proqramlarla tanış olsunlar. Bu onların daha səmərəli hazırlaşmalarında əsas faktordur. Bundan əlavə, abituriyentlər üçün jurnalda bəzi məlumatların olması da onların işinə yarayacaq amillərdir. Məsələn, balların hesablanması, xüsusi ali məktəblərə ərizə qəbulu, bloklar üzrə sual nümunələri və s. jurnalda əksini tapıb Müsbət məqamlardan biri də odur ki, tarix fənnindən siniflər arasında anlaşılmaz, çaşqınlıq doğuran məqamlar, ziddiyyət təşkil edən mövzular qəbul proqramında öz əksini tapmayıb”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

araz.az xəbər portalı.