Şuşada iyulun 20-də başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb. Kifayət qədər məhsuldar keçən forumun diqqətçəkən əsas tərəfi Prezident İlham Əliyevin açılış mərasimində iştirak edib, xarici jurnalistlərin suallarını cavablandırması oldu.
Prezidentin verdiyi cavablardan bu qənaətə gəlmək olar ki, Azərbaycanın İrəvandan hazırda 3 əsas tələbi var:
1. Ermənistan Konstitusiyasının dəyişdirilməsi;
2. ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədin razılaşdırılması;
3. Azərbaycanlıların Ermənistandakı tarixi yurdlarına qaytarılması;
Əslində, hər üç tələb bundan öncə də ölkə başçısı tərəfindən dilə gətirilib. Bu tələblər təkcə sülh prosesi ilə bağlı deyil, həm də sülhün qalıcı olması üçündür.
Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Bakının tələbi dəyişməz və birmənalıdır. Rəsmi İrəvan 2026-cı ilə qədər möhlət istəsə də, Azərbaycan tərəfi bunu vaxtı uzatma kimi qiymətləndirir. Burada əsas məqam Ermənistanın Azərbaycan və region ölkələrinə ərazi iddiasının olması və bunun konstitusiyada əksini tapmasıdır.
ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədin razılaşdırılmasına gəldikdə isə deyə bilərəm ki, bu, sırf münaqişənin hazırkı etabı ilə bağlıdır. Prinsip etibarilə sülh sazişi mətninin böyük hissəsi razılaşdırılıb. Buna görə də Bakı və İrəvan ATƏT-ə birlikdə müraciət etməli, Minsk qrupunun ləğvini tələb etməlidir.
Azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasına gəldikdə, bu, münaqişəni bitirəcək detaldır. Çünki Ermənistan-Azərbaycan konflikti məhz 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından zorla çıxarılması ilə başladı. Prinsip etibarilə bu proses baş tutmasaydı, Ermənistan Qarabağı rahatlıqa işğal edə bilməzdi.
Azərbaycan Qarabağı azad edib. Münaqişənin tam bitməsi üçün kökünə enilməli, yəni Qərbi azərbaycanlı qaçqınlar ata-baba yurdlarına qayıtmalıdır. Bu üç tələb hazırda Ermənistan-Azərbaycan danışıqlarının aktual gündəliyidir. Ayrı-ayrılıqda baş tutan rəsmi və ya qeyri-rəsmi görüşlərdə tərəflər bu məsələləri müzakirə edir, lakin COP29 sammiti zamanı effektiv nəticənin əldə olunması mümkündür. Ermənistan Baş naziri Nikol Paşinyan, ya da səlahiyyətli erməni rəsmilər Bakıya gəlsə, üç məsələdən ən azı biri müzakirə edilib, razılaşdırıla bilər.
Turan RZAYEV,
politoloq
araz.az xəbər portalı.