Artıq bir ildir ki, araz.az xəbər portalının əməkdaşları olaraq, sifariş əsasında məhkum həyatı yaşamağa məcbur edilən daha bir soydaşımızın — “SOCAR –AQŞ”-nin qurucusu və 12 il yarım Baş direktoru olmuş Ramin İsayevin başına gətirilənlərlə bağlı yazırıq. Şər-böhtan, uydurma üstündə qurulan ibtidai istintaq işi başa çatsa da, iyulun 29-unda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayacaq məhkum yenə “məngənə içində sıxma-boğmaya salınır”.
Hətta vəkillərinin onunla görüşü belə üzücü variantda həyata keçirilir. Bu günlərdə sabiq Baş direktorun özünün başına gətirilənlərlə bağlı yarım saatlıq video-çıxışı sosial şəbəkələrdə, eləcə də araz.az-da ictimaiyyətin diqqətinə çatdırıldı. Bundan dərhal sonra, haker hücumuyla internetdəki bütün paylaşımlar bloklandı. Hətta xarici media vasitələrində bu barədə gedən yazı və çəkilişlərə baxışlar da yasaqlandı. Məlumatlı mənbənin dediyinə görə, bununla bərabər, Ramin İsayevin saxlanıldığı istintaq təcridxanasında onun “başına olmazın oyunlar açılır”. Hətta vəkillərinin belə onun yanına qanun çərçivəsində sərbəst gedib-gəlmələrinə, etiraz əksi olan hər hansı yazı-pozu işlərini aparıb gətirmələrinə imkan verilmir. Məhkumun saxlandığı kamerada isə, xüsusi göstəriş əsasında hər şey yığışdırılıb. Adi qələm və kağızın qalmasına belə imkan verilmir. Ən dəhşətlisi odur ki, bu ilin sonunda ölkəmizin ev sahibliyi edəcək önəmli COP-29 tədbiri ilə bağlı, bu alimin qələmə aldığı möhtəşəm əsər də, onun əlindən alınıb. Bu səbəbdən, Ramin İsayevin özünün müəllifi olduğu və birinci hissəsini araz.az-da dərc etdiyimiz olduqca maraqlı
“İqlim dəyişikliyi və COP-29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!” sərlövhəli yazısının davamını xəbər portalımızda dərc edə bilmirik.
Konkret desək, Ramin İsayevin öz video-çıxışında bütün yalanları, uydurmaları və şər-böhtanları üzə çıxarması çoxlarının “kürkünə birə salıb”. Bu səbəbdən, onlar istədiklərini edir və onun susdurulması üçün, bütün iyrənc vasitələrə əl atırlar. Onu da qeyd edək ki, qanunsuz həbs edilən Ramin İsayevin müdafiəsi ilə bağlı yazılar dərc etdiyimizə görə, redaksiyamız və əməkdaşları da məhkəməyə verilib. Onun həbsində əli olan iddiaçılar tərəfindən mənəviyyat, şərəf, ləyaqət və nüfuz adıyla üzərimizə külli miqdarda təzminat tələbi qoyulub. Guya, hər şeyi “ağına-bozuna baxmadan” yazmışıq. Di gəl ki, əlimizdə böhtançıları ifşa edəcək faktlar, dəlil və sübutlar çoxdur! Buna baxmayaraq, məhkəmə, proses gedən müddətdə mübahisə predmeti ola biləcək yazılar dərc etməyi bizə qadağan edib. Məhkəmə prosesi getdiyi zaman, daha doğrusu, hazırlıq iclasları gedərkən məhkəmə işinə müdaxilə etməmək üçün, yalnız belə yazılar verə bilirik. Baş direktorun başına gətirilənlərlə bağlı ətraflı yazıları isə, hazırlıq iclasları iki aydır davam edən məhkəmə prosesində baxış iclasları başlayandan sonra dərc edəcəyimizi bildiririk.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.