Prezident İlham Əliyevin, təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni reallıqlarını da hamıdan artıq düşünüb nəzərə aldığına, gələcək hədəfləri tam dəqiqliklə müəyyən etdiyinə hər gün dəfələrlə, əyani şəkildə şahid oluruq.

Böyük Zəfərdən sonra, millət, cəmiyyət və dövlət olaraq, qarşımızda duran məqsədləri ən doğru və aydın şəkildə xarakterizə etmək baxımından cənab Prezidentin keçən il mayın 10-da Şuşada səsləndirdiyi bu fikirlər olduqca ibrətamizdir: “Bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq: hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq”.

Göründüyü kimi, bu cümlələrdə, dövlət başçısından sıravi azərbaycanlıya qədər, hamılıqla qazandığımız möhtəşəm Qələbəyə layiq olmağa çalışmaq mühüm mənəvi vətəndaşlıq borcumuz kimi önə çəkilir. Yeni dövrün şərtlərini, Qalib Xalq olmağın üstün məsuliyyətini dərk edib paylaşmaq, hər an bu məsuliyyətlə hərəkət etmək zərurəti qətiyyətlə vurğulanır. Əfsuslar olsun ki, həm cəmiyyət, həm də fərd olaraq bu məsuliyyəti heç də lazımınca anlayıb bölüşə bilmədiyimizi son günlərin hadisələri bir daha ortaya qoydu. Məlum oldu ki, canımız-qanımız bahasına qazandığımız Zəfərə, 30 illik işğala son qoymağımızla nəticələnən Vətən Müharibəsinin parlaq nəticələrinə layiq davranmaq hələlik cəmiyyətimizin xeyli qismi üçün uzaq mövqedir.

Heç şübhəsiz, indi hamımızın diqqət mərkəzində dayanan mövzular Böyük Zəfər qazanmış Azərbaycanın regionda və dünyada günbəgün artan nüfuzu, bununla əlaqədar ölkəmizdə, xüsusən Şuşada ardıcıl keçirilən beynəlxalq tədbirlər, azad edilmiş torpaqlarımızdakı nəhəng quruculuq işləri olmalıdır. Bunun əvəzinə, hansısa cılız qalmaqallar, fərdi kriminal olaylar, ötəri məişət məsələləri gündəmə gəlir. Belə olaylar hər gün, hər saat fərqli donda, müxtəlif yozumda qarşımıza çıxıb həm vaxtımızı, enerjimizi alır, həm də əsəblərimizi korlayır, mənəvi-əxlaqi tarazlığımızı pozur.

Səviyyəsi əksərən heç bir pozitivliyə yer qoymayan bəzi sosial şəbəkə istifadəçiləri bir yana, çox təəssüf ki, bir sıra hallarda ayrı-ayrı media qurumları və onların təmsilçiləri də bu dağıdıcı “gündəm yaratmaq”, stəkanda fırtına qoparmaq prosesinin fəal iştirakçısına çevrilirlər. Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, neqativ hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır. Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı Qalib və Məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir.

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətində də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayırlar. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Halbuki sosial media mənsubları, bu platformanın fəalları ilk növbədə insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Böyük Zəfərimizə, Şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!

Rəşad MƏCİD.

araz.az xəbər portalı.