Milli Məclisin VI çağırış tərkibində seçilən odioz deputatlar sırasında xüsusi yer tutan Məşhur Məmmədovun başı “sülalə qalmaqalları”ndan açılmır.
2020-ci ilin fevralında baş tutan növbədənkənar parlament seçkilərində bəxti üzünə gülən, deputat mandatına sahiblənən namizədlər arasında cəmiyyətdə “biznes divləri” kimi tanınan iş adamları da oldu. Təbii, dünyanı təhdid edən COVİD-19 pandemiyasının hələ tam vüsət almadığı dönəmdə keçirilən həmin seçkilərdə formalaşan tərkib bir o qədər də sual doğurmadı. Çünki qısa müddətdən sonra koronavirus məhdudiyyətlərinin tətbiqi, həmin ilin sentyabrında isə 44 günlük Vətən müharibəsinin başlaması, ölkənin ərazi bütövlüyünün geniş mənada bərpa edilməsi bu məsələləri arxa plana keçirdi.
Bununla belə, VI çağırış Milli Məclisin də vaxtında əvvəl buraxılması, sentyabrın 1-nə növbədənkənar seçkilərin təyin edilməsi ali qanunverilik orqanının mümkün tərkibini, həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) müəyyənləşdirdiyi namizədlər korpusunu geniş ictimai müzakirəyə çıxardı. YAP-ın ötən həftə açıqlanan namizədləri ətrafında diskussiyaların səngiməməsi məsələnin cəmiyyət üçün aktuallığını qoruyub saxladığını göstərir.
Bu da ilk növbədə onunla izah olunur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra ölkə Prezidenti başda olmaqla, hakimiyyətin nüfuzunun yüksəlməsi YAP-ın namizədləri üçün də “planka”nın böyüdülməsi gözləntisini artırıb.
Sözsüz ki, hakim partiyanın 125 seçki dairəsinin hər birindən irəli sürdüyü namizədlər siyahısında mühüm yeniliklər var. Bu isə o anlama gəlir ki, Milli Məclisin formalaşacaq tərkibində YAP-ın təmsilçiləri arasında kifayət qədər yeni adlara rast gəlinəcək. Bununla belə, siyahıda tanış isimlərin də yetərincə çox olduğu qeyd edilməlidir. Onların arasında YAP-ın veteranları ilə yanaşı, cəmiyyətdə iş adamı kimi tanınan fiqurlar da az deyil və VI çağırış parlamentdə hakim partiyanı Masallı rayonundan təmsil edən biznesmen-deputat, əksəriyyətin daha çox “Embawood” mebel firmasının sahibi olaraq bildiyi Məşhur Məmmədov da onlarla bir sıradadır.
Aydın məsələdir, deputat madatına sahibləndikdən sonra digər biznesmen-deputatlar kimi Məmmədov da qanunun tələbinə uyğun olaraq, sahibkarlıq fəaliyyətindən kənarlaşdığını iddia etməkdədir. Ancaq parlamentə biznesdən “adlayan” bəzi deputatlarla bağlı aşkara çıxan faktlara əsaslandıqda, “Embawood” sahibinin bu bəyanatına yumşaq desək, inanmaq mümkün deyil. Ölkə mediasında Məmmədov haqqında indiyə qədər dərc olunan və olumaqda davam edən çoxsaylı materiallar onun bu iddialarının blefdən başqa bir şey olmadığını söyləməyə ciddi səbəb verir.
Məhz həmin materiallarda Məşhur Məmmədovun hələ də “Embawood”u birbaşa özünün idarə etdiyi, bu da azmış kimi, vaxtilə şirkətdə pay verərək şərik olduğu yaxın qohumları ilə aralarında problemlərin yarandığı da yazılmaqdadır. Maraqlı və təəccüblüdür ki, deputat mandatı əldə etdikdən sonra imkanları genişlənən Məmmədovun qohumları ilə apardığı mübarizədə məğlub olduğu, bu üzdən malik olduğu biznes şəbəkəsinin əhəmiyyətli hissəsini itirdiyi də mediada əminliklə irəli sürülən iddiaların mühüm tərkib elementidir.
Hətta konkret olaraq göstərilib ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq qaydada 60 və 40 faizinə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov Səhmdar Cəmiyyətdəki paylarının bir hissəsini yeni aksionerə satmalı olub.
Məlumata görə, yeni səhmdar Tamara Polyakova ilə həyata keçirilən sövdələşmə nəticəsində o, səhmlərin 14 faizini əldə edib. Bununla da əsas səhmdarlar olan adları çəkilən şəxslərin 51 və 35 faizə düşüb.
Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir, ABŞ-a köçüb.
Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-da təsis etdiyi “Masalli Enterprise LLC” şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb. Həmin şirkətin hüquqi ünvanı da ictimailəşib: 35 Riverdale Dr Fort Lee, NJ 07024-4441.
Sözsüz, başı qalmaqallardan ayılmayan biznesmen-deputat Məşhur Məmmədovun hazırda ən böyük qayğısı namizəd olduğu 74 saylı Masallı dairəsində seçki kampaniyasını problemsiz başa vuraraq deputat kreslosunu əlində saxlamaqdır. Lakin bunun o qədər də asan olmayacağı mübahisə doğurmayan məsələdir. Çünki YAP-ın namizədlər siyahısında yer almaq hələ deputat mandatını qarantiləmək deyil. Üstəlik, Məşhur Məmmədovun qohumları ilə yaşadığı biznes-qarşıdurmada aldığı zərbələr və onun reputasiyasını daha da korlayan müəyyən olaylar “Embawood” sahibinin planlarını dərin suya sala bilər.
O səbəbdən, bütün dairələrdə deputatlığa namizəd irəli sürən YAP-ın “xərcləyəcəyi” fiqurlar sırasında Məşhur Məmmədovun da olacağı çox real görünür. Hər halda, o da bunun fərqindədir.
www.yenicag.az
araz.az xəbər portalı.