İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında NATO-nun Yaxın Şərqdə təhlükəsizlik alyansı yaratması ilə bağlı çağırış edib.
“İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər. İsraillə sülhə malik olan bütün ölkələri bu ittifaqa dəvət etmək lazımdır”, – Baş nazir bildirib.
Netanyahunun təklifi diqqət çəkir, çünki haqlı tərəfləri var. NATO sırf artan sovet təhlükəsinə qarşı Avropa ölkələrini qorumaq üçün yaradılan müdafiə paktıdır. Bu pakt Avropa ölkələrini qoruduğu kimi, ehtimal işğal cəhdlərinin də qarşısını aldı.
ABŞ bənzər formada Asiya və Okeaniya regionunda da NATO bənzəri bir təşkilat yaradıb. Söhbət 2004-cü ildə təsis olunan QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) təşkilatından gedir. Bu təşkilat 2017-ci ilə qədər fəal olmasa da, Çinin artan gücünə qarşı NATO bənzəri formata çevrilməyə qərar verdi. Təsadüfi deyil ki, QUAD-ı həm də “Asiya NATO-su” adlandırırlar.
Mümkündür ki, Benyamin Netanyahu elə QUAD bənzəri bir təşkilatın Yaxın Şərqdə yaranmasını istəyir. Başqa sözlə desək, “Yaxın Şərq NATO-su”. Necə ki NATO SSRİ-yə (bu gün Rusiyaya), QUAD Çinə qarşı yaradıldı, Yaxın Şərqdə yaranacaq təşkilat da İrana qarşı olacaq.
Netanyahunun bu təklifi məhz indi verməsi də diqqət çəkir. Aydın məsələdir ki, hazırda ABŞ-da prezident seçkilərinə hazırlıq gedir. Prezidentliyə namizəd Donald Trampın reytinqi yüksəkdir. Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında bu təklifi irəli sürsə də, əslində, “topu” Trampa atır.
Məsələ ondadır ki, QUAD ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyi dövründə fəallaşıb. Trampdan sonra Prezident Co Bayden də bu siyasəti davam etdirməyə qərar verdi. Netanyahu da əslində bu təklifi gerçəkləşdirəcək namizədə dəstək sözü verir.
Tramp Netanyahunun arzusunu gerçəkləşdirə bilər, çünki onun yanaşması belədir ki, ABŞ bütün münaqişələrə birbaşa müdaxilə etməməli, fərqli regionlardakı qoşunlarını geri çəkməlidir. Misal üçün, 2018-ci ildə Tramp “Biz İŞİD-i məhv etməkdəyik, tezliklə Suriyanı tərk edəcəyik. İndi qoy başqaları bunun qayğısına qalsın. Biz isə öz ölkəmizə qayıdacağıq” dedi.
QUAD-dan sonra Yaxın Şərqdə yeni bir təşkilatın yaranması həm Trampın həm də Netanyahunun maraqlarına uyğundur. Lakin bu təşkilatın yaranması QUAD qədər asan olmayacaq. Məsələ ondadır ki, QUAD üzvü olan ABŞ, Hindistan, Avstraliya və Yaponiya ayrı-ayrılıqda Çinlə problem yaşayır. Yəni onları ortaq maraqda bir araya gətirmək asan idi. Yaxın Şərqdə isə İran ortaq problem kimi görünsə də, İsrail və onun Fələstinə baxış bucağı, habelə Qəzza məsələsi islam ölkələrini İsrail ilə bir təşkilatda olmaqdan uzaq tutur.
İsrail Fələstinin müstəqilliyini tanıyıb Qəzzadan qoşunlarını çıxararsa, Yaxın Şərqdə arzuladığı kimi bir təşkilat qura bilər. Hətta bu halda ehtimal təşkilatda ABŞ İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Oman yer alması mümkündür. Hizbullah və Husi təhlükəsi olmasa, Yəmən və Livan da bu birliyin parçası ola bilər.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.