Erməni diasporu muzdla tutduğu Luis Okamponu fasad kimi istifadə edərək Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlamışdır. Kampaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini hədəf alıb.
araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Bəyanatda, həmçinin deyilir: “Sözügedən kampaniyanın müəllifi qismində müsahibəsində L.Okampo özünü iqlim fəalı kimi qələmə vermiş, Azərbaycana qarşı böhtan atmış, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham edilən separatçıların azad olunmasını tələb etmişdir.
L.Okamponun bir tərəfdən Azərbaycana soyqırımı böhtanı atması, digər tərəfdən soyqırımı cinayətlərini törədənlərin azad olunmalarını tələb etməsi onun nə dərəcədə gülünc durumda olduğunu göstərir. Okampo həmin canilərin azad olunmasını tələb etmək əvəzinə, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirməyə çalışmalıdır. Xatırladaq ki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksəkrütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal altındakı Azərbaycan ərazilərində və Ermənistandakı düşərgələrdə edam edilmələrinə dair təkzibolunmaz ictimai dəlillər var.
Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması və oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava və su hövzələrinə vurduğu zərərlərlə məşğul olsun.
Qərbi Azərbaycan İcması erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyir, beynəlxalq ictimaiyyəti bu cür yaramaz ünsürlərlə mübarizəyə səsləyir”.
araz.az xəbər portalı.