Bakıvaxtı.az-ın “Tarixə düşənlər” rubrikasının budəfəki qonağı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, prezident təqaüdçüsü Rais Rəsulzadədir.
araz.az da, bu müsahibəni öz oxucularına təqdim edir:
Azərbaycan xalqı oxuyan və kitablı xalqdır
– Dünən Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötdü. Ölkə mediasının fəaliyyəti ilə bağlı düşüncələriniz maraqlıdır…
– Fürsətdən istifadə edib, Bakıvaxtı.az-ın rəhbərliyi və kollektivini, eləcə də bütün Azərbaycan xalqını Milli Mətbuat Günü münasibətilə təbrik edirəm.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”dən üzü bu yana mətbuatımız böyük bir yol keçib. Azərbaycanın çox istedadlı jurnalistləri var. Beynəlxalq adlar, mükafatlar qazananlar da olub. Bəzilərinin başı çox bəlalar çəkib. Əziliblər də, təltif də olunublar.
Azərbaycan xalqı çox istedadlı xalqdır. Azərbaycanın çox gözəl gəncliyi və gələcəyi var. İstər jurnalistika sahəsində, istərsə də digər sahələrdə çox istedadlı gəncliyimiz yetişib. Təbii ki, hər sahədə bütün məsələlər qaydasında olmur. Nailiyyətlərlə yanaşı, qüsurlara da rast gəlinir. Ümumiyyətlə, Azərbaycan xalqı oxuyan və kitablı xalqdır. Azad olunmuş, bütöv, müstəqil Azərbaycanda milli mətbuat gününün qeyd olunmasının xüsusi əhəmiyyəti var.
– Onlayn, çap mediasında, TV və radioalarda fikirlərinizə yer verilirmi, dəvətlər alırsınızmı?
– Olur, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı mediadan çoxsaylı dəvətlər alırdım. Nəinki, meydan vermək, hətta məni yorurdular.
– Rəsulzadənin Azərbaycan jurnalistikasının inkişafına nə kimi töhfələri olub?
– Onun çoxlu sayda gözəl məqalələri olub. Hələ 1988, 1989 və 90-cı illərdə, SSRİ-nin dağılma ərəfəsində “Odlar Yurdu” qəzeti dərc olunurdu. Rəsulzadə haqqında məlumat ilk dəfə bu qəzetdə işıq üzü görüb. Allah rəhmət eləsin Mövsüm Əliyev arxivlərə əsaslanaraq, yazmışdı. Mövsüm Əliyev rəhmətlik akademik Ziya Bünyadovla çox yaxın dost idi. O, Ziya müəllimin nüfuzundan istifadə edərək, bu məlumatları toplamışdı. Habuki həmin arxivlərə heç kimi buraxmırdılar. Həmin dövrlərdə heç Rəsulzadənin adını belə çəkmək olmazdı. Onlar müəyyən məlumatları tapıb, üzə çıxarırdılar və çap edirdilər. Sonrakı illərdə rəhmətlik professor Şirməmməd Hüseynov Rəsulzadənin əsərlərini tərcümə etdi, televiziyada, mətbuatda onunla bağlı danışdı, onu tanıtdı. Bu da tarixin zərurəti idi. Daha sonra Rəsulzadənin 110, 130, 140 illik yubileyləri qeyd olundu. Latın əlifbasında kitabları buraxıldı. Bütün bunlar həm də o dönəmlər fəaliyyət göstərən mətbu orqanların fəaliyyəti idi.
Tarixi olduğu kimi işıqlandırmaq, tarixin qaranlıq səhifələrinə işıq salmaq, demokratiya uğrunda mübarizə aparmaq medianın başlıca missiyasıdır. Anlayıram, bu işlər çətindir, amma şərəflidir. Bu işin çətinliklərini bilirəm, amma yenə də jurnalistlərimiz bunun öhdəsindən gəlirlər.
Tarixi bilməyən məmurlar, tariximizə düşmən mövqeyində olanlar Rəsulzadəyə qısqanc yanaşırlar
– Məlum olduğu kimi, Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzaladı. Sözsüz ki, bu, ölkə başçısının Rəsulzadəyə, onun qoyduğu tarixi irsə, yola rəğbət idi. Amma bəzi məmurlar hələ də Rəsulzadəyə qısqanc yanaşırlar. Əsasını qoyduğu Bakı Dövlət Univeristetindəki abidəsini belə götürüblər. Bu, nədən irəli gəlir?
– Sualınız aydındır. 80 il müddətdə Rəsulzadə və onun silahdaşlarının adının çəkilməsi yasaqlanıb. Rəsulzadəni SSRİ-nin bir nömrəli düşməni elan etmişdilər. Bu o dövr üçün bəlkə də təbii idi, amma bu gün Rəsulzadə o taylı-bu taylı Azərbaycanda, Türkiyə, Almaniya, Kanada, Amerika və Asiya ölkələrində anılır. Tarixi bilməyən məmurlar, Azərbaycan tarixinə düşmən mövqeyində olanlar, Azərbaycan mədəniyyətinə soyuq münasibət bəsləyənlər isə Rəsulzadəyə qısqanc yanaşırlar.
Buna rəğmən Rəsulzadə haqqında çox yüksək fikirlər səsləndirilib, onun fəaliyyəti işıqlandırılıb. Tarixi pozmaq qeyri-mümkündür. Nə qədər ki, Azərbaycan xalqı var, Rəsulzadə də yaşayacaq.
– Əlbəttə, yaşayacaq, çünki Rəsulzadə bir dövlət qurucusu olmaqla yanaşı, böyük ideoloq idi…
– Tarixi bilənlər, təhlil edənlər Rəsulzadənin fəaliyyətini, ideologiyasını, Azərbaycan sevdası və vətən davasını bilirlər.
Rəsulzadənin ideologiyası Azərbaycan xalqının tarixi həyatında böyük bir dönüş yaradıb
– Ötənlərdə Bakıda sorğu keçiriblər. Sorğuda iştirak edənlərə Rəsulzadənin fotosunu göstəriblər, bəziləri onu tanımayıb. Bu sorğudan yola çıxaraq, bildirirlər ki, gənclər Rəsulzadəni tanımır. Sizcə, bu, doğru yanaşmadırmı?
– Dünən xəbər yayıldı ki, ən yüksək bal toplayan abituriyentlərdən biri ucqar kənddə təhsil alıb. Amma paytaxtda təhsil alan elə gənc var ki, 100-200 bal yığıb. Elə gənclər var ki, bəstəkar Qara Qarayevi futbolçu Qara Qarayevlə səhv salır. Ona görə də bu cür sorğular obyektiv deyil.
– Bəzi qərəzli şəxslər Rəsulzadənin ali təhsilinin olmadığını iddia edib, onun böyüklüyünə, cahanşümul şəxsiyyətinə “toz qondurmağa” çalışır. Bu cür şəxslərə cavabınız maraqlıdır…
– Rəsulzadənin qurduğu ali təhsil ocağında təhsil alıb, onu qınayanlar var. Görünür, həmin şəxslər dərs müddətini auditoriyada deyil, dəhlizlərdə keçiriblər. Rəsulzadənin ideologiyası Azərbaycan xalqının tarixi həyatında böyük bir dönüş yaradıb. Ömründə bir divara bir mıx vurmayanlar gəlib böyük iddialarla çıxış edir, Rəsulzadəni günahlandırırlar. Həmin şəxslər bilməlidirlər ki, Rəsulzadə 1905-ci ildən başlayaraq 1955-ci ilə qədər siyasətdə olub. Onun amalı, əfkarı müstəqil Azərbaycan olub. Bunu heç kəs inkar edə bilməz. Azərbayxcan xalqı var olduqca, Rəsulzadənin də ideologiyası və xidmətləri əbədi yaşayacaq.
Aydın BAXIŞ.
araz.az xəbər portalı.