Qonşu sarıdan bəxtimiz gətirməyib. Tarixin heç bir mərhələsində biz coğrafi qonşularımıza bir pislik etməsək də, hər zaman onlardan xain davranışlar görmüşük…
Ermənistan bəlli, əzəli düşmənlərimizdir. Torpaqlarımızı işğal ediblər, xalqımıza qarşı soyqırımlar törədiblər, nə pislik varsa Azərbaycana, azərbaycanlılara qarşı ediblər.
Rusiyaya, İrana, Gürcüstana ziyanımız dəyməsə də, bunun qarşılığında onlardan heç də adekvat münasibət görməmişik. Hazırda İran və Rusiya gündəm deyil, Gürcüstanın növbəti xain addımı ilə üzləşmişik, bu səbəbdən ondan danışacağıq…
Azərbaycan heç zaman Gürcüstanla konflikt yaradan addım atmayıb. Geosiyasi, regional, coğrafi mövqeyi, neft kontraktları və iqtisadi inkişafı baxımından bölgənin lider dövləti olan Azərbaycan hansısa strateji əməkdaşlıq zamanı Gürcüstan qarşısında Ermənistanla davranışlarına dair tələb, ön şərt qoymayıb. Hansı ki, həm Bakı-Tiflis-Ceyhan, həm də Gürcüstanı qoşduğumuz digər layihələrdə Azərbaycanın belə imkanları vardı. Amma biz Gürcüstana bu təzyiqləri etməmişik. Əksinə, Gürcüstan iqtisadiyyatına yatırımlar etmişik, dar günlərində enerji təchizatlarına yardım göstərmişik. Separatizmlə üz-üzə qalanda, Rusiya bombaları başlarına yağdıranda Azərbaycan bütün mümkün yaxşılıqları edib gürcülərə. “SOCAR Georgiya” Gürcüstanda minlərlə iş yeri açıb.
Üstəlik, 10 minlərlə Azərbaycan vətəndaşı hər il yay, qış tətillərində bu ölkəyə üz tutur. Azərbaycanlılar pullarını bu ölkənin iqtisadiyyatına, turizminin inkişafına xərcləyirlər. (Düzdür, burada sərfəli turizm şərtləri də rol oynayır, amma biz gərək bundan sonra bu məsələyə də milli, dövlət maraqlarımız çərçivəsindən yanaşaq.)
Bəs bütün bunların qarşılığında Gürcüstan neylədi? Azərbaycanlılara qarşı qəddarlığı, Xocalı soyqırımında iştirakı ilə tarixə düşmüş “Kobra” ləqəbli erməni cəlladının – Mixail Avaqyanın Cavaxetiyada Buqaşen kəndində abidəsinin ucaldılmasına imkan verdi.
Özü də qanlı 20 Yanvarın ildönümündə 2019-cu il yanvarın 20-də baş tutdu xain təxribat.
Regionda Azərbaycanın xeyrinə çox ciddi proseslər getdiyi, Qarabağ münaqişəsi ilə bağlı sülhdən danışıldığı bir vaxtda Gürcüstanın belə bir davranış sərgiləməsi düşündürücüdür. Burada mütləq bir pozuculuq missiyası var.
Bunu düşünməyə bir neçə amil əsas yaradır. Əvvəla, Gürcüstan prezidenti Salome Zurabişvili ermənipərəst mövqeyi tanınır. Qarabağla bağlı proseslərin işğalçı Ermənistanın əleyhinə, haqlı tərəf olan Azərbaycanın xeyrinə sürətlə irəlilədiyi bir vaxtda faktiki olaraq Gürcüstan özünün məkrli niyyətini ortaya qoymuş oldu.
İkinci amil odur ki, Cavaxetiya Tiflisə qarşı potensial separatçı ocaq kimi tanınmaqdadır. Ermənilər də bu separatçı hərəkata böyük dəstək veriblər. Bu reallıqlarla və məhz bu həssas bölgədə ermənilərə geniş meydan vermək də bir siyasi ismarıc kimi diqqətlərə hakim kəsilməyə bilmir…
Tiflis bilməmiş deyil ki, Axalkalakidə həyata keçirilən bu anti-Azərbaycan davranışı iki ölkə arasında münasibətlərə xələl gətirəcək. Amma buna göz yumublar, razılıq veriblərsə, deməli, məlum son Qarabağ proseslərində açıq-aşkar mövqe sərgiləmiş kimi görünürlər.
Bəs biz nə edək? Bu təxribata necə cavab verək?
Əlbəttə, belə bir həssas dönəmdə radikal addımlar atıb, Gürcüstanı “düşmən” elan etmək, vəziyyəti daha da dramatikləşdirmək doğru variant olmazdı. Bunun üçün sadəcə, Gürcüstana strateji əməkdaşlıq etdiyimiz layihələrdə iştirakı məsələlərinin məhz Azərbaycandan asılı olduğunu diplomatik qaydada, eyni zamanda iqtisadi terminlərlə başa salmaq lazımdır.
Digər tərəfdən həm də ona görə mümkün qədər təmkinli davranışlarla hədəfə çatmalıyıq ki, Borçalıdakı soydaşlarımıza qarşı hansısa təxribatlar törədilməsin. Ermənistan üzərində danışıqlar prosesinin Azərbaycanın xeyrinə getdiyi bir vaxtda baş verənlərin düşünülmüş təxribat olduğunun fərqinə vararaq, növbəti təxribatların baş verməməsinə, başımızın bu dəfə ona qarışmamasına çalışmalıyıq.
Və yaxşı olar ki, Azərbaycan tərəfi Borçalıda Mübariz İbrahimova, Allahverdi Bağırova və ya digər bir Qarabağ qəhrəmanımıza büst qoyulmasına nail olsun. Əgər Gürcüstan buna icazə verməzsə, o zaman lənətlik “Kobranın” abidəsinin uçurulması tələbini gündəmə gətirə bilərik.
Biz Azərbaycan vətəndaşları olaraq Gürcüstana birlikdə dərs verməliyik. Ən azı bu ölkənin turizminə pul xərcləməyi dayandırmaqla, onların turistik bölgələrinin ac-gic ermənilərin ümidinə qalmasına çalışmalıyıq. Ürəyiniz xaricə çıxmağı lap çox istəyirsə Batumiyə, Urekiyə, Barjomiyə getməyin, oradan cəmi 150 kilometr sonra, qardaş Türkiyənin daha gözəl bölgələri – Rizə, Trabzon başlayır. Biz ora üz tutaq, Gürcüstan ermənilərə qalsın…
Elşad MƏMMƏDLİ
araz.az xəbər portalı.