“Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkilərlə bağlı yekun qərarını verib”.
araz.az xəbər verir ki,bu sözləri yenicag.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov deyib.
AMİP funksioneri diqqətə çatdırıb ki, partiyası seçkilərə start qərarını 6 ay bundan qabaq vermiş və bununla bağlı seçki qərargahı formalaşmışdı:
“Prezident tərəfindən seçkilərin günü təyin ediləndən sonra yenə də seçki qanununun tələblərinə müvafiq olaraq, partiyanın siyasi şurasının iclası çağırıldı və partiyanın səlahiyyətli nümayəndələri təsdiq olaraq Mərkəzi Seçki Komissiyasına göndərildi. Ondan sonra namizədlərin irəli sürülməsi ilə bağlı qərar oldu. Namizədlikləri irəli sürülən şəxslərin hamısı artıq dairə seçki komissiyalarına müraciət edib, imza vərəqələrini götürüb imza toplama kampaniyasını davam etdirirlər. Onların içərisində imzaların toplanmasını yekunlaşdırıb dairə seçki komissiyalarına təqdim edənlər də mövcuddur”.
“Mən isə 4 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və bu gün imzaların toplanması yekunlaşıb və sabah dairə seçki komissiyasına təqdim olunacaq.
O ki qaldı Etibar Məmmədovun seçkilərdə iştirak edib-etməyəcəyi məsələsinə, bununla bağlı hələlik qərar yoxdur. Əgər olsaydı, partiya tərəfindən onun da namizədliyinin irəli sürülməsi məsələsinə qərar verərdik. Lakin bununla bağlı Etibar bəyin hər hansı bir istəyi olmayıb. Partiya sədri Arzuxan Əlizadə də namizədliyini verib və dünən imza toplama kampaniyasını başa çatdıraraq, sənədlərini 27 saylı Sabunçu ikinci seçki dairəsinə təqdim edib” – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, R. Bayramovun 4 saylı Naxçıvan şəhər dairəsindən hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan rəqibi Eldar İbrahimov, partiya sədri Arzuxan Əlizadənin 27 saylı Sabunçu ikinci seçki dairəsindən rəqibi isə YAP-dan Səbinə Qasımovadır.
araz.az xəbər portalı.