“Avropanın xüsusi statuslu əksər beynəlxalq təşkilatlarının Azərbaycandakı ictimai-siyasi proseslərə, insan haqları ilə bağlı məsələlərə daim təəccüb və təəssüf doğuran ikili standartlar çərçivəsində yanaşması qəbuledilməzdir. Ümumiyyətlə, belələrinin öz işlərini milli-dini ayrı-seçkilik prinsipi əsasında qurmalarının, beynəlxalq normalarla müəyyən edilən hüquqları hər yerdə bərabər tətbiq etməmələrinin, bütün məsələlərə fərqqoyma rakursunda yanaşmalarının dəhşət və faciələrə yol açdığı danılmazdır”.
Rusiya Federasiyasının bütün regionlarındakı fəal diaspor qurumlarımızı öz ətrafında birləşdirən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası Ermənistanda QHT fəalı, “Erməni Qartallar — Vahid Ermənistan” ictimai təşkilatının sədr müavini, haynyus.am internet portalının xəbər bölməsinin rəhbəri kimi tanınan Mher Yeğizaryanın, 52 günlük aclıq aksiyasından sonra, həbsxanada ölməsi ilə bağlı, bir başqa yöndən sərt xarakterli Bəyanatını verib. Əsasən, Avropanın insan haqları ilə bağlı xüsusi statuslu beynəlxalq qurumlarına ünvanlanan həmin etiraz sənədinin araz.az-a daxil olan rus və ingilis dillərindəki versiyasını, adını çəkdiyimiz Assosiasiyanın prezidenti, Rusiyada və Azərbaycanda fəal diasporçu, ictimai-siyasi xadim, istedadlı qələm sahibi kimi tanınan Mirkazım Seyidov imzalayıb.
“Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatlardan heç birinin Ermənistanda baş vermiş bu dəhşətli hadisəyə hələ də ciddi reaksiya verməməsi adama qəribə gəlir. Axı, necə də qəribə gəlməsin ki, əgər belə bir hadisə torpaqlarının xeyli hissəsi erməni təcavüzkarlarının əsarətində olan doğma Azərbaycanımızda baş versəydi, buna AŞPA-nın, Avropa Parlamentinin, ATƏT-in və digər qurumların kəskin etirazla dolu reaksiyaları həmin andaca ortada olardı. Yəqin, bunun necə bir etiraz olacağını da, tam çılpaqlığı ilə təsəvvür edirsiniz. Deyilənlər bir daha sübut edir ki, Avropa İttifaqı Parlamentinin üzvləri Cənubi Qafqaz regionunda öz işlərini daim ikili standartlar çərçivəsində quraraq, beynəlxalq hüquq normalarına bu rakursdan da fərq qoymayıblar. Onları, bu normalarla müəyyən edilən hüquqları hər yerdə bərabər tətbiq etməyə, din və məzhəb fərqinə son qoymağa çağırışlarımız da, indiyədək, öz müsbət nəticəsini verməyib. Biz, xaricdə yaşayan azərbaycanlılar, digər xalqların sülh və demokratiya tərəfdarı olan nümayəndələri kimi, ümid edirdik ki, heç olmasa, bu tükürpədici olaydan sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək, haqqında müvafiq qətnamə qəbul edəcəklər. Təəssüf ki, bunu da görmədik”, — həmin Bəyanatın əvvəlində bildirilib. Sonra xüsusi olaraq vurğulanıb ki, beynəlxalq qurumların erməni hökumətinə belə bir “toxunulmazlıq prinsipi” ilə yanaşmasının acı nəticəsidir ki, bütün dövrlərdə bu hökumət harın və qudurğan olub, heç nəyi saymayıb və heç nə ilə hesablaşmayıb: “Bu dövlətin ictimai-siyasi mühitində açıq-aşkar görünən biabırçı duruma beynəlxalq qurumların barmaqarası baxmasıni isə, heç cür başa düşmək olmur. Görünən pisliklərin ən acı nəticəsi budur ki, bu respublikada insan haqlarının pozulmasının durmadan davam etdiyi, üstəlik, bu siyasi məhbusun ölkənin həbsxanasındakı aclıq aksiyası zamanı iki dəfə infarkt keçirdiyi, məhz burada ona verilən qeyri-insani əzab-əziyyətlər və işgəncələr zamanı mənəvi cəhətdən sarsılaraq, dünyasını dəyişdiyi bir vaxtda da, Ermənistan yenə özünü həyasızcasına “demoktarik dövlət” adlandırmaqda davam edir. Əslində isə, bizim halal dədə-baba torpaqlarımız hesabına haram dövlət olaraq yarandığı gündən indiyədək, bu ölkənin hakimiyyətini ələ keçirənlərin heç biri beynəlxalq qanunlarla idarə olunmayıblar. Bura, sivil qanun-qaydalara məhəl qoyulmayan, insan haqlarının heç vaxt qorunmadığı qorxunc bir məkana çevrilib. Bütün biabırçılıqlara baxmayaraq, dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT-in və digər nüfuzlu beynəlxalq qurumların hələ də “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistandakı demokratiyadan, qanunun aliliyindən, qorunan insan haqlarından bəhs etmək üçünsə, əsaslı bir səbəb, adi bir nümunə tapmaq olmur.
Bu yerdə, onu da qeyd etməyi vacib bilirik ki, Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə daim böyük həssalıqla yanaşan Avropa təşkilatlarının Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, günahsız insanların həbs olunmasına, seçki prosesinin saxtalaşdırılmasına və digər vacib məsələlərə hədsiz dərəcədə etinasızlıq göstərməsi bizim hədsiz təəccüb və təəssüfümüzü doğurur. Elə, götürək, 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamentinin “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” – 2019/2511 saylı, reallığı tamamilə əks etdirməyən əsassız qətnamə qəbul edib, bloger Mehman Hüseynovun işini xüsusi diqqətə almasını. Bu, necə təəccüb doğurmasın ki, erməni siyasi məhbusun aclıq aksiyasında ölüm xəbəri bütün dünya, eləcə də Amerika və Avropa mətbuatında yayılmasına baxmayaraq, həmin beynəlxalq təşkilatlar bu ciddi məsələni sükutla qarşılayırlar. Halbuki sosial şəbəkələr və internet resursları vasitəsilə bizə də məlum olur ki, Ermənistan həbsxanasında ölən bu siyasi məhbusla bağlı məsələ beynəlxalq ictimaiyyəti silkələyib və böyük narazılıq dalğası yaradıb.
Beynəlxalq təşkilatların bu cür dəhşətli hadisəyə laqeyd qalması qəbuledilməzdir; Onların hədsiz narahatlığı tükürpədici belə dəhşətlərə görə olmalıdır, nəinki qəbul etdikləri “Mehman Hüseynov işi” qətnaməsindəki reallığı tamamilə əks etdirməyən epizodlara görə! Nədən, ATƏT PA-nın İnsan Hüquqları və Demokratiya Komitəsi aclıq aksiyası nəticəsində Ermənistan həbsxanasında ölən siyasi məhbusla bağlı rəsmi İrəvana başdansovdu məktub göndərməlidir?! Komitə rəsmisi əsl siyasi məhbus olan bu şəxsin aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən sanki heç narahat olmur və elə bil ki, onun yaxınlarına başsağlığı verir. Halbuki, bu təşkilat məsələnin ciddi araşdırılmasını rəsmi İrəvandan qəti şəkildə tələb etməli, məsələyə ciddi münasibət bildirərək, yenə rəsmi İrəvandan məhbusun ölümü ilə bağlı narahatlığını tam ifadə edən ətraflı izahat istəməliydi.
Dünya və erməni KİV-lərinə istinadlı xəbərlərdə də deyilir ki, İnsan Haqları və Demokratiya Komitəsinin bu münasibəti belə olduqca çox gecikib. Üstəlik, bu dəhşətli hadisə barədə belə soyuq açıqlama verilməsi ilə əlaqədar bütün təsəvvürlərdə şübhələr yer alıb. Ermənistan Ədliyyə nazirinin rəsmi açıqlamasındakı: “Mənim nazirliyim bu şəxsin cəzalandırılmasına məsul deyil və yalnız məhkəmə qərarlarını icra edir”, — fikirləri ilə, siyasi məhbusun oğlunun verdiyi Bəyanatda və ölkənin Baş nazirinə ünvanladığı Açıq məktubda göstərdiyi: “Nikol Paşinyan, bu cinayət işində sizin rolunuzu müəyyən etmək, yəqin ki, heç vaxt mümkün olmayacaq. Lakin siz “nəyin bahasına olursa olsun, bu adamı məhkum etmək lazımdır” prinsipi ilə hərəkət etmisinizsə, onda mənim anamın və qardaşımın yaşadıqları əzabları sizin xanımınıza və oğlunuza da arzulayıram. Xatırladıram ki, bu məsələdə icraçı olan şəxslər sizə tabedirlər”, — fikirlərinin üst-üstə düşməməsi isə, bu şübhələri daha da artırır.
Bu göstərdiklərimiz də, yuxarıda xüsusi vurğuladığımız həmin ikili standartların tam çılpaq şəkildə olan daha bariz nümunələridir!”.
Mərkəzi ofisi Rusiya Federasiyasının Novosibirsk vilayətinin paytaxtı Novosibirsk şəhərində yerləşən “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının siyasi cəhətdən dərin mənalı bu Bəyanatının sonunda, Avropanın insan haqları ilə bağlı olan beynəlxalq qurumları qəti şəkildə haqq-ədalətə dəvət olunur: “İşinizi ikili standartlar çərçivəsində qurmağın dəhşət və faciələrə yol açdığı danılmazdır. Böyük Allah dərgahında da, beynəlxalq hüquq normalarına bu rakursdan yanaşma qəbuledilməzdir. Amalı və məqsədi dini və milli fərqqoyma prinsiplərindən ilhamlanan heç bir təşkilatın uğurlu fəaliyyəti də mümkünsüzdür. Buna görə də, sizi bu normalarla müəyyən edilən hüquqları hər yerdə bərabər tətbiq etməyə, milli ayrı-seçkiliyə, din, məzhəb fərqinə son qoymağa çağırırıq!”.
Rüfət RƏHMANOĞLU,
Əli HÜSEYN,
araz.az saytının xüsusi müxbirləri.
araz.az xəbər portalı.