Livan hökuməti İsrailin işğalı altında olan Colan Təpələrində yerləşən Majdel Şəms qəsəbəsində futbol meydançasına raket atılmasını pisləyib.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA hökumətin bəyanatını yayıb.

Bəyanatda Livan hökuməti bütün mülki şəxslərə qarşı hər cür zorakılıq və təcavüzü pisləyib və bütün cəbhələrdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb: “Mülki şəxslərin hədəfə alınması beynəlxalq hüququn açıq şəkildə pozulması və insanlıq prinsiplərinə ziddir”.

Bəyanatda raketin Livan ərazsindən atılması iddiası rədd edilməklə yanaşı, ölkənin hava məkanının uçuşlara qapadılması xəbəri də təkzib olunub.

Livanın Nəqliyyat naziri Əli Hamiyye də Livanın hava sahəsinin uçuş trafikinə bağlanması ilə bağlı irəli sürülən iddiaları yalanlayıb.

Xatırladaq ki, iki gün əvvəl İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına düşən raket aralarında uşaqların da olduğu 12 nəfərin ölməsinə, 17-si ağır olmaqla 35 nəfərin yaralanmasına səbəb olub.

Bu hadisədən sonra İsrail ordusu raketin Livandakı Hizbullah qruplaşması tərəfindən atıldığını iddia edib: “Bu barədə ləşfiyyat məlumatları var. Hazırda vəziyyət dəyərləndirilir”.

Hizbullah Hərəkatı isə raketin onlar tərəfindən atılmadığı haqda bəyanat yayıb.

İsrail baş naziri Netanyahu isə faktla bağlı çox sərt açıqlama verib. O, Livanı və Hizbullahı təhdid edərək, deyib: “İsrail bu ölümcül hücumu cavabsız qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bir bədəli ödəyəcək”.

araz.az xəbər portalı.