Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib. İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Tvitter) platformasında pisləyib. “Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar”, – nazir yazıb.
Əvvəlcə deyim ki, Türkiyə İsrailin Qəzzada başlatdığı əməliyyatdan sonra Fələstin və Qəzzaya ən böyük diplomatik və humanitar yardımı edən ölkədir. Ankara Təl-Əvivin əməliyyatları davam etdirməsi, mülki şəxslərin həyatını itirməsi fonunda humanitar yardımları hərbi-texniki yardımla əvəzləyə bilər. Mümkündür ki, Ərdoğan “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” sözləri ilə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutur.
Məsələ ondadır ki, Türkiyə heç vaxt Qarabağa girməyib. Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır. Lakin bu, Türkiyə ordusunun Qarabağda döyüşməsi mənasına gəlmir. Azərbaycan tərəfi də bu günə qədər belə bir məlumatı açıqlamayıb.
İkinci Qarabağ müharibəsinə qədər Türkiyə Azərbaycanın strateji tərəfdaşı idi. Əlaqələr ən üst səviyyədə idi. Müharibədən sonra isə tərəflər arasında “Şuşa Bəyannaməsi” imzalandı və bununla da iki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqi oldu. Yəni zərurət yaranarsa, rəsmi Bakı və ya Ankara bir-birindən dəstək istəyə bilər.
Türkiyənin Liviyaya etdiyi yardımla Azərbaycana etdiyi yardım heç bir halda eyni deyil. Çünki iki ölkənin içində olduğu situasiya fərqli idi. Liviya faktiki olaraq parçalanmış vəziyyətdə, vətəndaş müharibəsinin içində idi. Liviyanın qanuni hökuməti Ankaradan hərbi dəstək tələb etmişdi. Azərbaycan isə belə bir zərurət olmadığından türk ordusundan dəstək tələb etmədi. Bununla belə, diplomatik sferada tərəflər ortaq hərəkət edirdi.
O ki qaldı Türkiyənin İsrailə girməsinə, bu, indiki məqamda real deyil. Hər şeydən öncə Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr var. 2010-cu ildə baş verən “Mavi Mərəmərə” olayından sonra iki ölkə arasında siyasi münasibətlər kəsilsə də, iqtisadi münasibətlər davam etdi. Türkiyə və İsrail münasibətləri kifayət qədər dərin və pozulması hər iki tərəfə ciddi zərər vuracaq səviyyədədir. Bundan başqa, Türkiyənin İsrailə girməsi Ankaraya qarşı ciddi təzyiq yarada bilər.
Ərdoğanın birdən-birə İsraili belə sərt ritorika ilə hədələməsinin əsas səbəbi isə tam fərqlidir. Məlum olduğu kimi, bir müddət öncə Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanıb. Çinin iki rəqibi barışdırması Ankaranı narahat edir. Təbii ki, söhbət HƏMAS və FƏTH-in barışmasından getmir. Ankaranı narahat edən əsas məsələ Çinin keçmiş Osmanlı imperiyasının nüfuz zonasına daxil olmasıdır. Türkiyə isə bu regionu özünün arealı sayır.
Ankara regionda söz sahibi ölkə olduğunu sübut etmək istəyirsə, Çinin etdiyindən daha böyük bir şey etməlidir. Mümkündür ki, Türkiyə Fələstin və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardım edəcək. Bununla belə, yardımın uzunmüddətli olacağını düşünmürəm. Ankara siyasi sferada etdiyi həmlələrin iqtisadi münasibətlərə təsir etməsini arzulamır.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.