Nəhayət ki, bu yaxınlarda ibtidai istintaq zamanı toplanmış materiallar öz hüquqi qiymətini alması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.
Qurama ittihamlarla öncə 16, sonra isə, 54 milyon manatlıq mənimsəmədə və israfetmədə şərlənərək həbsdə saxlanan, hətta heç bir qanuni əsas olmadan ibtidai istintaqının müddəti 4 dəfə uzadılan “SOCAR – AQŞ” MMC-nin 12 il 6 ay Baş direktoru vəzifəsində çalışmış Ramin İsayevin işinin məhkəmə araşdırmasına iyulun 29-da start verildi. Sabiq MMC rəhbərinin olmayan “cinayət dosyesinin” məhkəmə istintaqının ilkin hazırlıq iclası hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutdu. Ramin İsayevə qarşı aqressiv münasibətin daha bir nümunəsinə araz.az xəbər portalının əməkdaşları elə buradaca şahidlik etdilər. Konkret desək, məhkəmə zalının qapıları məhkum Baş direktorun onlarla qohum-əqrəbası, dost-tanışı, keçmiş iş yoldaşları ilə bərabər, ölkənin media vasitələri nümayəndələrinin üzünə bağlandı. Səs-küylü etirazlara, məhkum hüquqlarını müdafiə edən vəkillərin mövcud qanunlar çərçivəsindəki qəti tələblərinə baxmayaraq, 3 saat davam edən proses qapalı şəraitdə aparıldı. Məlum oldu ki, hakim və prokuror bu məhkəmə prosesində araşdırmanın axıradək qapalı keçirilməsi qənaətinə gəliblər. Onlar vəkillərin belə buna görə kəskin etirazlarına məhəl qoymadılar.

Deyilənlərin olduqca pis nəticəsi isə, göz qabağında oldu — bir il məhkum həyatı yaşamağa məcbur edilən Ramin İsayevin üzünü görmədiyi doğma və yaxınları yenə “həsrət burulğanından çıxa bilmədilər”. Onların yuxarıda qeyd olunan əsas məsələlər barədə dediklərinin qısa xülasəsi isə belə oldu: “Düz bir ildir bu qovğadan qurtara bilmirik. Yanına adi “peredaçanı” belə sakit tərzdə aparmaqda çətinlik çəkirik. Sanki Vətən xainidir, bağışlanmaz xəyanətdə ittiham olunur. İndi də belə, qapı arxasında qalmışıq. Ona qarşı belə yalan ittihamları irəli sürənlərin vicdanları yoxdur. Həbsində marağı olanların hamısını tanıyırıq. Hədə-qorxu təpkili iddialarla, barələrində həqiqət və reallıqları yazan mətbu orqanları və onların əməkdaşlarını dərhal məhkəməyə verirlər. Onlar tərəfindən, bu barədə yazan xarici internet informasiya vasitələrinin ölkədə açılmasına imkan verilmir və dərhal bloklanır. Nə edəcəyimizi bilmirik.

Ramin İsayev ötən ilin iyul ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildi. İlkin olaraq, ona qarşı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəməni və israfetməni özündə ehtiva edən 179.4-cü maddəsi ilə ittiham irəli sürüldü. Öncə iş üzrə dəymiş ziyan 16 milyon manat müəyyən edildi. Bu ittiham təsdiqini tapmırdı deyə, ibtidai istintaqın müddəti bir-neçə dəfə uzadıldı. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmanı özündə ehtiva edən 193-1.3.2-ci maddəsi ilə əlavə ittiham verildi. Bu maddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə bir saf insanın, bütün dünyanın qəbul etdiyi Harvard Universitetinin məzunu olan yüksək səviyyəli bir mütəxəssisin bu cür şantaj və böhtanlarla ləkələnməsi yolverilməzdir. Onsuz da, Ramin İsayevin özü də, indiyədək bu ittihamları qəbul etmədiyini deyir. Özünü bu ittiham üzrə təqsirli bilməyən sabiq Baş direktorun özünün İnternet resurslarında və media vasitələrində bu günlərdə yayımlanan video-müraciətində də, o, bunu xüsusi olaraq vurğulayıb. Çox təəssüf ki, həmin video-müraciət də, çox keçmədən bloklandı. Bu, bir daha onu sübut edir ki, Ramin İsayevin həbsində marağı olanların arxasında duranlar mövcud hakimiyyətdəki söz və güc sahibi vəzifəlilərdir və onlarla bacarmaq çətindir.

Bəyəm yuxarıdakılar xatırlamırlar ki, 2007-ci ildə bu şirkəti yaradan Ramin İsayevin özü olub. Bu MMC-nin qurucusu 2020-ci ilin oktyabrına qədər onun Baş direktoru vəzifəsini tutub. Vəzifə başında olarkən ağlagəlməz ilklərə imza atıb, yüksək gəlirli bir müəssisə kimi onu dünyada tanıdıb. Öz istəyi ilə, tutduğu vəzifədən gedəndən sonra, onu bu postda Samir Mollayev əvəzləyib. Az sonra isə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilən və kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olan bu şirkətin gəlirləri günbəgün azalmağa başlayıb. Burada törədilən qanunsuzluqlar şirkətin nüfuzuna xələl gətirib. Qurucusu olduğu müəssisədə törədilən bəd əməllərə dözməyən Ramin İsayev bu barədə lazımi şəxslərə məlumat çatdırıb. Bunun nəticəsi isə, özü üçün baha başa gəlib. Özlərindən daha şanslı hesab etdikləri bu insana qarşı həmişə qısqanclıq və əsassız kin bəsləyən həmin şəxslər tərəfindən şərlənərək “dəmir barmaqlıqlar” arxasına atılıb. Dəhşət ondadır ki, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün həddindən artıq israrlı və mübariz olan Ramin İsayevin həbsini təşkil edənlərin bəd əməllərinə qarşı, “SOCAR – AQŞ” MMC-nin ən böyük səhmdarı, milyarder kimi özünü tanıdan Nəsib Həsənovun belə indiyədək reaksiyası olmayıb. Axı, o, daha yaxşı bilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində müstəntiqin, guya, Ramin İsayevin işi üzrə başqa epizodlar üzə çıxarması tamamilə yalandır. Doğrudan da, Ramin İsayevin əməlləri nəticəsində dəymiş ziyanın 4 dəfəyə yaxın artaraq, 54 milyon manat şok yeyinti təşkil etməsi heç bir məntiqə sığmır. Eks-baş direktorun qazancının həqiqi mənbəyini gizlətmək məqsədi ilə, qeyd olunan pul vəsaitlərinin öncə 16, sonra 54 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırması ağlabatan deyil. Bununla, onun “SOCAR – AQŞ”-dən başqa, “Abşeron Qazma” MMC-yə və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına zərər vurması heç yerdə təsdiqlənmir. Özünüz deyin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyəti ilə bağlı istintaq başlayarkən hüquq-mühafizə orqanlarının Ramin İsayevin fəaliyyətinə dair də araşdırmalar aparması nə dərəcədə düzgün olardı?! Guya, Ramin İsayevin ölkəni tərk etməsi və 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alaraq, İsayev soyadını Hakan soyadına dəyişərək, rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunmasını başlanan həmin araşdırmalardan yayınmaq, məsuliyyətindən yaxa qurtarmaq üçün etdiyinin deyilməsi gülüş doğurur. Onu da qeyd edək ki, onların dediyi kimi, Ramin İsayev qalmaqallı keçmişi ilə məşhur olan bir adam da deyil. Nə də ki, o, vaxtilə KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri kimi vəzifə borclarının öhdəsindən gələ bilmədiyi səbəbindən tutduğu vəzifədən azad edilməyib. O, bu şirkətin rəhbərliyinə də heç vaxt hədə-qorxu gəlməklə təhdid etməyib, onlarla daim səmimi münasibətdə olub. Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərərək, KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışması barədə deyilənlər də tamamilə yalandır. Axı, “yalan ayaq tutsa da, heç vaxt yeriyə bilməyib!”.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.