«Cənab Prezident, 11 ildir xeyrimə çıxarılmış məhkəmə qətnaməsini icra etmirlər, icra məmuru deyir ki, guya yuxarıdan göstəriş var, xahiş edirəm, bu problemin həlli üçün aidiyyəti üzrə göstəriş verəsiniz…»
araz.az xəbər verir ki, tanınmış şair Saday Şəkərli Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə müraciət edib.
Şair müraciətində Kürdəmir rayon Məhkəməsinin, eləcə də Şirvan Apelyasiya Məhkəməsinin onun xeyrinə çıxarılmış qətnamə və qərardadlarının Məhərrəm adlı icra məmuru tərəfindən icra edilməməsindən yazır.
Şairin surətini «Təzadlar»a göndərdiyi həmin müraciətini təqdim edirik:
«Çox hörmətli cənab Prezident!
Bildirirəm ki, mən ötən əsrin səksəninci illərindən başlayaraq «Saday Şəkərli» imzası ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda tanınmaqdayam. Kitablarım indiyədək dünyanın yüzdən artıq ölkəsində nəşr edilib və yayılmaqdadır. Rusiya, Başqırdıstan və Londonda yerləşən Azad Qələmlər Yazıçılar Təşkilatlarının üzvüyəm. Təvazökarlıqdan uzaq olsa da, bildirirəm ki, mən yeganə azərbaycanlıyam ki, Nobel mükafatı laureatı Soljenitsin Fondunun ömürlük təqaüdçüsüyəm. Yaradıcılığımda Vətənimə və dövlətimə qürurlu olduğumu tərənnüm edir, Azərbaycanımızı vəsf edirəm. Doğma Vətənimi harda olsam belə, ləyaqətlə təmsil etməyə çalışıram, adını həmişə uca tuturam.
Onu da xatırladıram ki, müəyyən səbəblərdən hazırda Avropada mühacir həyatı yaşayıram və ölkəmizdə bəzi problemlərim mövcuddur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Kürdəmir rayon Məhkəməsinin 12 avqust 2013-cü ildə Dövlətimizin adından mənim xeyrimə çıxardığı 2(041)-419/2013 tarixli Qətnaməsi 11 il keçməsinə baxmayaraq icra edilmir. Sizi narahat etməyimdə də məqsədim odur ki, Kürdəmirin Məhərrəm adlı icra məmuru bəzi yüksək dövlət məmurlarının adından sui-istifadə edərək məhkəmə qərarını icra etmir. Hər dəfə deyir ki, guya bu barədə ölkə rəhbərliyi səviyyəsində tapşırıq verilib ki, bu Qətnamə icra olunmasın. Əlbəttə, mən buna qəti inanmıram. Qanun deyir ki, məhkəmə qərarlarının icrası mütləqdir, əks halda, bu qərarların çıxarılmasının bir əhəmiyyəti olmazdı.
Cənab Prezident!
Deməyim odur ki, icra məmurunun kifayət qədər dünyada tanınmış bir qələm adamına olan belə münasibəti yolverilməzdir. Axı bu qərarlar Azərbaycan dövləti adından qəbul edilib. Lazım olmasaydı və əsaslı maddi sübutlar olmasaydı, təbii ki, hakimlər belə bir məhkəmə aktı da qəbul etməzdilər.
Çox hörmətli cənab Prezident!
Hesab edirəm ki, icra məmurunun Azərbaycan dövləti adından qəbul edilmiş məhkəmə aktına bu cür münasibət sərgiləməsi hakimiyyətin müsbət imicini qəsdən gözdən salmağa hesablanıb.
Xahiş edirəm, bu məsələyə müdaxilə edərək məhkəmə Qərarının icra olunması barədə aidiyyəti üzrə göstəriş verəsiniz.
Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm».
REDAKSİYADAN: İnanırıq ki, qeyd olunan problem tezliklə həllini tapacaq.
Həmçinin, hesab edirik ki, icra məmurunun hərəkətsizliyindən və de-fakto məhkəmə qərarını icra etməkdən imtina etməsindən həm də yuxarı dövlət orqanlarına da qanuni şikayətlər verilməlidir.
«Təzadlar»
araz.az xəbər portalı.