“Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, Ümummilli Liderimizin də dediyi kimi, hər bir xalq öz dili ilə yaranır.
Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 60 milyona yaxın həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib.
Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ sovetlər birliyi dönəmində – 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
araz.az xəbər verir ki,bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Müsahibimiz bildirib ki, “Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətini ölkəmizin müstəqilliyi dövründə də davam etdirib. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır. “Dil, dil, bir də dil… Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.” – deyən Ulu öndər gələcək nəsillərə əbədiyaşar çağırışı ilə, Azərbaycan dilinə olan sevgisi və sayğısı ilə daim örnək olmuşdur”.
Əziz Ələkbərli qeyd edib ki, “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Prezident cənab İlham Əliyev dilimizə hər zaman yüksək qiymət verərək qeyd etmişdir ki: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.””
“Bu fikirlər bir çağırışdır, bir rəhbərin öz millətinə, dilinə olan sevgisidir və bütün nəsillər üçün örnəkdir” – deyə müsahibimiz fikrini yekunlaşdırıb.
araz.az xəbər portalı.