ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.
Tezadlar.az CNN-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ötən gün mətbuata açıqlamasında bildirib. Sitat: “Biz düşünürük ki, Gürcüstanda demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, – deyə o bildirib.
Patel Gürcüstan hökumətinə səslənərək “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb. Hansı ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.
Gürcüstan hakimiyyətində isə bu məsələdə ikitirəlik hökm sürür. Daha doğrusu, bir deyir sağa, digəri deyir-sola!
A.MƏMMƏDLİ
araz.az xəbər portalı.