Xəbər verdiyimiz kimi, Vahid Əhmədov 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürsə də, sonradan geri çəkildiyini elan edib. Vahid Əhmədov bu addımını yaşlı olması ilə əlaqələndirib.

Qeyd edək ki, 77 yaşlı Vahid Əhmədov 2005-ci ildən etibarən deputat kimi fəaliyyət göstərirdi. O, III, IV, V və VI çağırış Milli Məclis seçkilərində 52 saylı Quba seçki dairəsində qalib gələrək, deputat mandatı qazanmışdı.

Vahid Əhmədovun namizədlikdən geri çəkilməsindən sonra 59 saylı Quba seçki dairəsindən deputat mandatı qazanmağa ən iddialı şəxs namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Əlibala Səttar oğlu Məhərrəmzadədir.

araz.az  Bizim.Media-ya istinadən bildirir ki,  Əlibala Məhərrəmzadə ictimai fəaliyyəti ilə yanaşı, bizneslə də məşğuldur.

Əlibala Məhərrəmzadə kimdir?

Ə.Məhərrəmzadə 9 avqust 1976-cı ildə Qubada anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib. 1993-1997-ci illərdə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun (UNEC) İdarəçilik fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Həmin təhsil illəri müddətində Ulu Öndər Heydər Əliyev və “Türk Dünyası Araşdırma Vakfi” nın rəhbəri olmuş Turan Yazqanın təşəbbüsü ilə Türkiyənin Boğazıçı Universitetində təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin qrupunda yer alıb. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. Professordur.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, eyni zamanda Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.

Əlibala Məhərrəmzadənin biznes fəaliyyəti 

Ə.Məhərrəmzadə 2006-ci ildə “Caspian Audit Company” MMC-ni təsis edib. O, indi də həmin şirkətin direktorudur.

Eyni zamanda, o, Azərbaycan orta əsrlər tarixini əks etdirən “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-sənədli filminin prodüseri olan “Shahdag Cinema Production” MMC -nin təsisçisidir.

2015-ci ildə isə Əlibala Məhərrəmzadə “Şahdağ İdman Klubu”-nu təsis edib.

Əlibala Məhərrəmzadə 2019-cu ilin dekabrında açılışı olmuş Ukrayna Ticarət Evinə də rəhbərlik edir. “Şahdağ Quba Truskavets” Tibbi Sanatoriyası da 2019-cu ildə Əlibala Məhərrəmzadə tərəfindən təsis olunub.

Qeyd edək ki, Əlibala Məhərrəmzadə daha əvvəl də parlament seçkilərində namizədliyini irəli sürüb. Belə ki, o, 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olsa da, seçicilərin etimadını qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

araz.az xəbər portalı.