Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 24,29 milyard dollar artıb.

araz.az  Yeniavaz.com-a istinadənxəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə (Bloomberg Billionaires Index) əsasən məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 6,37 milyard dollar qazanıb və bununla da onun sərvəti 25,2 milyard dollar olub. “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5,89 milyard dollar artaraq, 26,8 milyard dollara çatıb. “Lukoyl”un təsisçisi Vahid Ələkbərov isə 3,24 milyard dollar qazanıb və beləliklə, onun sərvəti 27,9 milyard dollar təşkil edib.
Ən böyük itkiyə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov məruz qalıb. Belə ki, onun sərvəti 4,85 milyard dollar azalaraq 16,2 milyard dollara düşüb.
Qeyd edək ki, agentlik 2012-ci ilin mart ayından planetin ən varlı 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

araz.az xəbər portalı.