Türkiyədə qeyri-qanuni miqrantlar və milyonlarla suriyalı qaçqın problemi siyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Problemin ciddiliyi həm də ondan ibarətdir ki, çoxlu sayda gələnlərin heç bir qeydiyyatı olmadan Türkiyədə yaşadığı güman edilir.
Hökumət də öz növbəsində problemi həll etməyə çalışır. Bu ilin yazında Daxili İşlər Nazirliyi yerli miqrasiya idarələrinə qeydiyyat yerində olmayan və ya qeydiyyatsız yaşayan miqrantların müəyyən edilməsi ilə bağlı göstəriş verib. Yerlərdə yoxlamalara başlanılıb. Ankarada regional miqrasiya idarəsinin əməkdaşları polis və küçə nəzarətçiləri ilə birlikdə miqrantların qeydiyyatda olduqları yerdə yaşayıb-yaşamadığını öyrənmək üçün əvvəlcədən müəyyən edilmiş ünvanlara gediblər.
araz.az haqqın.az-a istinadən xəbər verir ki, bu yoxlamalardan birində bələdiyyə əməkdaşı(bekçi) Ankaranın Çankaya bölgəsindəki fərdi evə gedib. Siyahıya əsasən, bu ünvanda iki azərbaycanlı miqrant qeydiyyatda olub. Lakin binaya yaxınlaşanda evin polisin mühafizəsi altında olduğu üzə çıxıb. Bekçi polisə yaxınlaşaraq bu ünvanda qeydiyyatda olan şəxsləri soruşub. Daxili İşlər Nazirliyinin əməkdaşları ona şübhə ilə yanaşıb, saxlayıb və baş verənləri rəhbərlərinə çatdırıblar. Polis şöbəsi işi araşdırmağa başlayanda qalmaqal yaranıb. Məlum olub ki, bu evdə daxili işlər naziri Ali Yerlikaya yaşayır.
Türkiyə mətbuatı bu qalmaqallı faktla bağlı araşdırmalara başlandığını, miqrasiya xidmətinin bir neçə əməkdaşının işdən çıxarıldığını yazır. Məlum olub ki, daxili işlər nazirinin evində qeydiyyatda olan azərbaycanlılar Türkiyədəki hərbi məktəblərdən birinin kursantlarıdır. Onlar həftə sonları məktəb binasını tərk edə bilmək üçün Türkiyədə yaşamaq icazəsi almalı idilər. Bunun üçün miqrasiya xidmətini daimi yaşayış ünvanı ilə təmin etmək lazım idi. Kursantlar daimi yaşayış ünvanı kimi daxili işlər nazirinin evini göstəriblər və orada qeydiyyata düşüblər.
Bu xəbər mətbuata yayıldıqdan sonra Baş Miqrasiya İdarəsi açıqlama yayıb və iki xarici vətəndaşın daxili işlər naziri Əli Yerlikainin evində qeydiyyatda olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, bu fakt 2024-cü il mayın 9-da müəyyən edilib və barələrində cinayət işinin başlanması üçün prokurorluğa müraciət göndərilib. Faktla bağlı araşdırma başlanıb, iki azərbaycanlı kursant, həmçinin iki mülki şəxs barəsində Ankara Prokurorluğuna müraciət edilib.
araz.az xəbər portalı.