DSC_8885.jpgMətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Araz.az-a Mətbuat Şurasından daxil olan məlumatda deyilir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının KİV və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın “istixeber.info” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, şikayətçidə narazılıq doğuran material hazırlanarkən, balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Sayt əməkdaşlarına müraciət edilməsinə və araşdırma üçün şərait yaradılmasına baxmayaraq, tənqid ruhlu material birtərəfli hazırlanıb, qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış məqamlar qabardılıb. MŞ adından “istixeber.info” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətin araşdıran Komissiya üzvləri bildiriblər ki, sözügedən şikayət təkrarən müzakirəyə çıxarılır. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il tarixli iclasında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və “Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib, xəbərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma məsələlər üzərində qurulduğu, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilmədiyi sayt təmsilçisi tərəfindən etiraf edilib. Sayt redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razı olub. Lakin, sonradan bu vədin yerinə yetirilməməsi, təkzib verilməməsi “Open.az” saytının qeyd olunan mövzu üzrə fərqli maraqlarının olduğunu təsdiqləyir. Komissiya üzvləri geniş kontekstdə araşdırma aparılması üçün məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilməsinə dair rəy veriblər.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “müxalifet.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt təmsilçisi materialların birtərəfli, əsaslandırılmamış hazırlandığını etiraf edib, onların saytdan götürüldüyünü bildirib. Amma qarşı tərəf bununla yanaşı, təkzib verilməsini istəyib. Komissiya üzvləri sayta təkzib verilməsini tövsiyyə ediblər.
“Bakı Metropoliteni” QSC-nin “pressinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəy veriblər ki, saytın hazırladığı materialda balans prinsipi pozulub. Qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış fikirlər yer alıb. MŞ adından “pressinfo.az” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.
araz.az

araz.az xəbər portalı.