Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirmişdir.
T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etmişdir. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulamışdır.
Göründüyü kimi, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad etmişdir.
araz.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.
Qərbi Azərbaycan İcması Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir”.
araz.az xəbər portalı.