Bir neçə müddətdir ki, “Aztelekom”un ölkənin bir sıra şəhər və rayonlarında internet xətlərinin yenilənməsi prosesi ilə bağlı işlər aparılır.

Rəsmi açıqlamada bu işlərin Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəldiyi bildirilir. Ancaq bununla belə dövlət büdcəsindən milyonlarla vəsaitin hesabına həyata keçirilən bu layihələrə görə vətəndaşlardan da pul tələb olunur. Gununsesi.info-ya müraciət edən Mingəçevir şəhər sakinləri belə yazır. “Hörmətli, redaksiya!

“Aztelekom”un ərazi üzrə xidmətlərindən əhaliyə bildiriblər ki, birdəfəlik 110 AZN ödəyərək onların internetini qəbul etsinlər, əks halda nömrələri əllərindən alınacaq.

Biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bölgələr üzrə 170 qaynar xəttinə müraciət edəndə isə qəribə cavab aldıq. Bildirdilər ki, “bizim internetə qoşulmaya bilərsiniz, lakin 110 AZN əlavə ödəyib nömrənizi özünüzdə saxlaya bilərsiniz“.

Uzun illərdir ki, nömrələrimiz var. Bu bizim əmlak sayılır. Niyə, özümüzə məxsus telefon nömrəsi üçün pul verməliyik. Xahiş edirik ki, bu məsələni işıqlandırasınız”.

Məsələ ilə bağlı Aztelekom MMC –nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva ilə əlaqə saxladıq. A. Mustafayeva əməkdaşımızla söhbətində sualımızı rəsmi yollamağımızı tövsiyə etdi.

Lakin, “Aztelekom” sözçüsünün dediyi sorğunu rəsmi yazsaq da hər hansı bir cavab ala bilmədik.//siam.az

araz.az xəbər portalı.