“Tikinti materiallarının qiymətinin qalxması çoxdan müşahidə olunurdu. Qəpik-qəpik də olsa, qiymətlərin artımı hiss edilirdi”.
araz.az xəbər verir ki,bu sözləri valyuta.az-a iqtisadçı Rauf Qarayev tikinti materialları bazarında baş verən qiymət artımından danışarkən deyib.
Rauf Qarayevin sözlərinə görə, qiymətlərin bahalaşmasının hazırkı səbəbi yanacağın və daşınma xərclərinin artması ilə bağlıdır:
“Daşımalarda artan xərclər tikinti materiallarının da qiymətlərinin qalxmasına səbəb olub. Qiymət artımının səbəblərindən biri də daş karxanalarının bağlanmasıdır. Diqqət etsək görərik ki, qiymət artımı Azərbaycanın özündə istehsal edilən tikinti materillarındadır. Xüsusi ilə mişar daşının, kərpicin qiymətində artım müşahidə olunur. Ona görə bu məsələ xüsusi araşdırılmalıdır”.
Tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarına təsirləri haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, bu təsir özünü 4-5 ay sonra göstərəcək:
“Lakin qiymət artımının davam edəcəyini və bunun da tikinti bazarında durğunluğa səbəb ola biləcəyini düşünmürəm. Tikinti materialları satışı ilə məşğul olan sahibkarların da qiymətləri sabit saxlamağa çalışcağını düşünürəm”.
Artımın qarşısının almağın yolları haqqında da danışan Rauf Qarayev bildirib ki, əgər qiymətlər artmaqda davam edərsə, dövlət bu sahəyə kreditlər ayırıb, bazarda vəziyyəti düzəltməyə çalışa bilər:
“Bu isə həm sahibkarların, həm vətəndaşların, həm də bankların xeyrinə olmuş olar. Bildiyimiz kimi, bir çox məhsulların ölkədə kreditlə satışı təşkil olunsa da, tikinti materialları ilə bağlı yalnız bir neçə şəbəkə mağazaları bunu həyata keçirir. Ona görə də dövlət bu sahəyə dəstək ola bilər.
Qiymətlərin ucuzlaşması üçün isə Qarabağda tikinti materilları istehsal edən karxanalar yaratmaq olar. Bunun üçün xüsusi imkanlar da var. Bu karxaları artırmaqla qiymətə də təsir etmək mümkündür.
Bundan başqa daş karxanalarının azalmasının səbəblərini araşdırmaq lazımdır. Əgər bu vergilərə görə edilirsə, müəyyən vergi güzəştləri tətbiq edilə, işçilər ilə bağlı müəyyən güzəştlər oluna bilər. Digər alternativ variantlardan da istifadə etmək olar. Bütün bunların olması üçün isə bazar təhlil olunmalı, problem də buna uyğun həll edilməlidir”.
Davud.
araz.az xəbər portalı.