Pakistanla Azərbaycan arasında uzun tarixə malik nümunəvi qardaşlıq və dostluq əlaqələrinin mövcudluğu bütün dünyaya məlumdur.

Elə, bunu nəzərə alaraq, hər iki xalqın elm, təhsil və mədəni əlaqələr sahəsinin inkişafına böyük töhfə olacağı məqsədi ilə, ölkəmizdə Pakistan Mədəniyyət Mərkəzinin açılmasına qərar verilib. Bu alqışalayiq təşəbbüs 2021-ci ilin mart ayında, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenini bu ali məktəbə dəvəti zamanı olub. Həmin yaddaqalan tədbirdə bu ölkələrin dillərinin, eləcə də mədəniyyətlərinin öyrənilməsinin vacibliyi xüsusi vurğulanıb.
Beləliklə, dost və qardaş ölkələrin tələbələrinə bir-birlərinin dilini və mədəniyyətini tanıtmağın ən səmərəli üsulu kimi, bu Mərkəzin açılması təklifi irəli sürülüb. Pakistan dövləti də, aktuallığını nəzərə alaraq, bu önəmli təklifi dəstəkləyib. Nəticədə, Azərbaycan Dillər Universiteti ilə, Pakistan Milli Müasir Dillər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Doğurdan da, bu iki ölkə arasındakı əlaqələrin inkişafında Pakistan Mədəniyyət Mərkəzinin rolu çox böyükdür. Mərkəzin əhəmiyyəti ondan aydın olur
ki, açılışında hətta Pakistan Milli Assambleyasının spikeri Asad Qeysərin şəxsən özü, deputat heyəti ilə birlikdə iştirak edib. Məhz bu Mərkəzin yaranmasından sonra, Pakistandan digər nümayəndə heyətləri ölkəmizə gələrək, mərkəzlə tanış olub, universitetin rektoru ilə görüşərək, mərkəzlə bağlı xoş təəssüratlarını bildiriblər. Həmin görüşlərdə də, iki ölkə arasındakı əlaqələrin gələcək planlarından danışılıb. Bu planlar əsasında, dövlət proqramlarına uyğun sərgilər, xarici qonaqların tələbələrlə görüşü, xüsusi günlərin qeyd olunması, səfir saatları və digər önəmli tədbirlər həyata keçirilib. Mərkəzin açılışı hər iki ölkənin tələbələri arasında mədəni əlaqələrin mənimsənilməsində də, xüsusi və geniş rol oynayıb. Pakistanşünaslıq ixtisasında təhsil alan tələbələrə bu Mərkəzdə Pakistan dili, bu ölkənin tarixi və mədəniyyəti öyrədilib. Keçirilən dövlət planlı səmərəli tədbirlər arasında isə, kecən ilin may ayının 28-ində Azərbaycanın Müstəqilliyi Gününə həsr olunmuş tədbiri qeyd etmək yerinə düşərdi. Həmin tədbir zamanı Pakistan Milli Assambleyasının sədri, spiker Asad Qeysərin və Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfərin tələbələrlə görüşləri də baş tutdu. Onda, rektor Məhəmməd Cəfər, hətta ADU-nun tələbələri üçün, olduqca maraqlı mühazirə də oxudu.
Sonda, konkret olaraq onu demək istəyirəm ki, Mərkəz yarandığı gündən ölkəmizdəki Pakistan səfirliyi ilə sıx təmasda olur. Qurumun təşəbbüsü ilə, Pakistanın Azərbaycandakı səfirliyində və ADU-da bir çox yaddaqalan tədbirlər keçirilir. Pakistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Mərkəzə lazımi yeni kitab və jurnallar da gətirilir. Onu da deyim ki, Mərkəzin üzvləri kitabları bir ay müddətində pusluz istifadəyə götürə bilirlər. Mərkəzdən istifadə ödənişsizdir. Mərkəzə daxil olan məktub və elektron müraciətlər isə, vaxtında cavablandırılır. Mərkəzə daxil olan bütün resurslar bir ay müddətində oxucuların istifadəsinə verilir.


Öz fəaliyyəti istiqamətinə uyğun olaraq, Mərkəzin əsas vəzifəsi urdu dilinin tədrisi və təbliğini, eləcə də Azərbaycanda Pakistanşünaslığı yüksək səviyyədə inkişaf etdirməkdir. İki ölkə arasında münasibətləri möhkəmləndirmək də, onun başlıca vəzifəsidir.
Sonda, onu qeyd etmək vacibdir ki, bu Mərkəzdə keçirilən bütün tədbirlər barədə, ADU-nun və Pakistanın Azərbaycandakı Səfirliyinin rəhbərlikləri vaxtaşırı məlumatlandırılır.
Yaşasın, nümunəvi Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!

Vüsal HÜMBƏTZADƏ, Pakistanın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfirinin köməkçisi.

araz.az xəbər portalı.