Milli Məclisə seçkilərin zamanı yaxınlaşdıqca, uzun illərdir parlamentdə kök salan bəzi deputatlar adətləri üzrə yenidən seçki marafonu ilə bağlı hay-həşirə düşüblər.

Adları qalmaqallardan əsirgənməyən, yaxud milyonluq villaları ilə yerli medianın manşetlərini oxşayan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından əl çəkmir və ömrünün axır çağlarını 5 il öz kreslosuna yayxanaraq, səssiz-səmirsiz keçirmək istəyir.
Bu şəxslərdən biri də adı qalmaqallardan düşməyən, Böyük Britaniyadakı 50 milyonluq villası ilə saytların gündəminə gələn VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Belə ki, Milli Məclisin bitərəf deputatlarından olan Cavanşir Feyziyevin 115 saylı Şəki kənd seçki dairəsindən namizədliyini irəli sürməsi ilə bağlı ötən gün məlumat yayılmışdı.
Yenicag.az-ın qalmaqallı deputatları rubrikasının ilk “qonağı” da məhz odur.
Qısa araşdırma ilə C. Feyziyev və onun mülkləri haqqında bir çox məlumatlar tapmaq olar. 2010-cu ildən bəri Azərbaycan parlamentinin deputatı olan C. Feyziyev, eyni zamanda, Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupun rəhbəri olub. O, 2022-ci ilə qədər Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.
Bu ilin fevralında C.Feyziyevlə bağlı araşdırma yazısında qeyd edilmişdi ki, Britaniya məhkəməsinin onun qohumlarının hesablarındakı 5,6 milyon funtun dondurulması barədə qərarından sonra Feyziyev tutduğu vəzifələrdən çıxıb.
Qeyd edək ki, cari ilin fevralında Böyük Britaniya Ali Məhkəməsi keçirilən prosesdə C. Feyziyevin Londondakı 22 mülkünə həbs qoyulması barədə qərarı açıqlamışdı. Məhkəmənin bununla bağlı açıqlamasında isə bildirilmişdi ki, deputat və həyat yoldaşının bu mülklərin “qeyri-qanuni yollarla əldə edilən gəlir” vasitəsilə aldıqlarına dair şübhələr var. Bundan əlavə, dövri mətbuatda gedən informasiyalardan da bəlli olur ki, 39.5 milyon funt (təxminən 85 milyon AZN) dəyəri olan mülklər Böyük Britaniya Ali Məhkəməsinin 2023-cü ilin iyunundakı qərarından sonra dondurulub.
Hətta həmin vaxt Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) bildirmişdi ki, dondurulma qərarı mülklərin pulyuma vasitəsilə əldə olunan gəlirlə satın alınmasına dair “güclü dəlil” var.
Yeri gəlmişkən, jurnalistlərlə də münasibəti yaxşı olmayan C. Feyziyev 2022-ci ilin fevralında London məhkəməsində 5.5 milyon funt-sterlinq dəyərində olan mülklərlə bağlı yayılan informasiyalarla əlaqədar mətbuata göndərdiyi məktubu da rezonans doğurmuşdu. Belə ki, deputat mülkləri ilə bağlı araşdırma aparan jurnalistləri təhqir edib, hətta bəzilərini “Kürdəxanı “ziyarətinə” gedib çata bilməmişlər” belə adlandırmışdı.
Xülasə, media ilə arası yaxşı olmayan, parlamentdə keçirdiyi 12 illik vaxtını var-dövlət yığmağa həsr edən cənab Feyziyev maraqlıdır ki, yenidən hansı həvəslə deputatlığa namizədliyini verir? Axı onu bu cəmiyyətin ən sadə vətəndaşı belə topdağıtmaz mülkləri ilə xatırlayırsa, belə bir şəxsin parlamentdə xalqın dərdinə yanacağına inanan varmı?
Mövzunu davam etdirəcəyik…
www.yenicag.az

araz.az xəbər portalı.