Məhkumluğa məcbur edilən şirkət qurucusunun “cinayət dosyesi” adı altında gedən yazılarda göstərilən faktlar absurd görünür; Həmin faktlar, heç istintaq zamanı prokuror tərəfindən tərtib olunan və məhkəməyə təqdim edilən ittiham aktında da, yoxdur.
Bir vaxtlar həm ölkəmizdə, həm də dünya miqyasında həyata keçirdiyi yüksək səviyyəli işlərinə görə yaxşı yöndən tanınan “SOCAR – AQŞ”-nin qurucusu kimi, ictimaiyyət arasında ad-san çıxarmasına baxmayaraq, Ramin İsayev artıq bir ildən çoxdur türmə həyatı yaşamağa məcbur edilib. Beynəlxalq aləmdə neft-qaz sənayesi sahəsinin bacarıqlı və istedadlı mütəxəssisi kimi izini qoyan bu soydaşımız, qurub-yaratdığı gündən keçən 12 il 6 ay müddətində səhmdarlara aid bu MMC-nin Baş direktoru vəzifəsində vicdanla çalışıb. Bunun təsdiqi kimi, yalnız onu demək kifayətdir ki,
fəaliyyəti neft və qaz sənayesi ilə bağlı olan bu müəssisə onun rəhbərliyi altında dünya miqyasında qəbul edilən çoxsaylı ilklərə imza atıb. Bu işlərinə görədir ki, rəhbəri Ramin İsayev olarkən “SOCAR – AQŞ”-nin yüz milyardlarla dollarlıq xalis gəliri olub. Nə olsun, alqışlar qazanan bu deyilənlərin heç biri nəzərə alınmayıb və heç kimin gözləmədiyi halda, bir il öncə, tutduğu Baş direktor vəzifəsindən öz xahişi ilə gedən Ramin İsayev başqa bir iş başında olarkən gözlənilmədən həbs olunub. Onun bu tərzdə həbsinin sifarişli olduğunu artıq hamı deyir. Bu və bu kimi digər deyilənlərlə, eləcə də sabiq Baş direktorun başına gətirilənlərlə bağlı araz.az xəbər portalında dəfələrlə sensasion xarakterli yazılar dərc edilib. Uzunçuluq olmasın deyə, istəyən hər kəsə məsləhət görürük ki, baş verənlərlə bağlı ətraflı məlumatı həmin yazılardan oxusunlar. Bu yazımıza isə, indiyədək bu barədə qələmə aldıqlarımızdan fərqli bir mövzu seçib, həmkarlarımızın jurnalist kimi bzə utanc gətirən əməllərindən doğan vacib məsələlərə toxunmağı lazım bildik. Vacib olan isə budur ki, bu MMC-ni dünya səviyyəli müəssisələr sırasına qaldıra bilən Ramin İsayevin başına oyun gətirilir. Onunla bağlı prokurorluq orqanı apardığı ibtidai istintaqı düz bir ildən sonra bitirərək, öz hüquqi qiymətini alması üçün, barəsində toplayıb, tərtib etdiyi “cinayət dosyesini” Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Qaldırılmış cinayət işinin bu günlərdə başlayan məhkəmə istintaqı isə, Ramin İsayevə qarşı daha bir aqressivlik mərhələsinin başlandığına şahidlik edəcəyimizi ortaya qoyub — hakim Faiq Qəniyev başlanan məhkəmə prosesinin sonadək qapalı keçiriləcəyi barədə qərar verib. Artıq, hakimin ictimai qınağa tuş gələn bu qərarına qarşı etirazların sayı-hesabı yoxdur! Nə olsun, heç nəyin xeyri yoxdur, sifarişli cinayət işi “öz axarı ilə davam edir”. araz.az-ın son iki yazısı bu barədə olub. Həmin yazılarda xüsusi olaraq qeyd edilib ki, məhkəmə prosesinin hər iki iclası gərgin vəziyyətdə başa çatıb. Hakim Faiq Qəniyev öncə məhkumun özünə və onun hüquqlarını müdafiə edən etirazçı vəkillərə qarşı “əzələ nümayiş etdirib”. Lakin Ramin İsayevin cinayətkar olmadığı barədə ortaya qoyulan inkarolunmaz etiraz faktları az keçmiş hakimin sakitləşməsinə səbəb olub.
Dəhşətdir, vallah!
Məhkəmə iclasları başlayan gündən, mətbuat təmsilçisi olaraq mənim özüm, ölkənin yuxarılara, söz sahibi yüksək vəzifə sahiblərinə, oliqarx iş adamlarına bağlı olduqları deyilən “tanınan və nüfuzlu” mətbu orqanlarının Ramin İsayevin özü, eləcə də onun başlanan məhkəməsi barədə dərc etdikləri böhtan və yalanlar dolu yazılara görə, müəlliflərinin əvəzinə xəcalət çəkirəm. Ona görə ki, Ramin İsayevin həbsinin sifarişli olduğunu dərin jurnalist araşdırmalarımla, çoxsaylı sensasion faktlarla üzə çıxara bilmişəm. Çox təəssüf ki, məhkumun müdafiəsinə
köklənən belə yazılar araz.az-la bərabər, bir-iki media vasitəsində görünüb. Konkret desəm, bu barədə həqiqətlər daha çox mənim qələmimdən çıxıb. Lap yuxarıdakı hakimiyyət adamlarına, sözləri keçən və nüfuz sahibi kimi adları önə çəkilən şəxslərə bağlı olduqları deyilən mətbuat orqanlarının əməkdaşlarına isə, bu barədə əsl həqiqəti yazmaq yuxarıdan qadağan olunub. Məhkəmə prosesi başlayan gündən isə, onları yamanca qızışdırıblar. Sanki dövlətə və millətə qarşı xəyanət və qatı cinayət yolu tutan birisi haqqında yazdırırlar. Dünya veclərinə deyil, ağıllarına gələni mətbuat səhifələrində işıqlandıra, qələmə aldıqlarımızın təkzibi olaraq, “gözə soxa” bilirlər.
Sifariş əsasında yazmaq məcburiyyəti qarşısında qalan bu naəlaclar nə yazdıqlarını yaxşı bilirlər. Daha doğrusu, yaxşı bilirlər ki, onların adıyla yalanlar dərc olunur. Bu yazılardakı “maraqlı təfərrüatlar” apardıqları hansısa araşdırmaları zamanı onlara məlum olmayıb, göstərilən “ilginc faktları” onlar üzə çıxarmayıblar. Ümumiyyətlə, bir sıra qurumlarda müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevin hansısa qanunsuz əməlləri ilə bağlı apardıqları heç bir araşdırma belə yalanları üzə çıxara bilməz. Çünki məhkəməyə təqdim olunan “cinayət dosyesinin” adıyla yazılanlar barədə, heç həmin rəsmi sənədin özündə belə hansısa cinayət epizodu yoxdur. Həm də onların bilməsi vacibdir ki, Ramin İsayev 2020-ci ildə sonuncu iş yeri olan “SOCAR – AQŞ”-nin tutduğu Baş direktoru vəzifəsindən yol verdiyi hansısa kobud nöqsanlara, mənimsəmə və digər sui-istifadə hallarına dair əsaslı şübhələrə görə uzaqlaşdırılmayıb, öz ərizəsi ilə, bu işindən gedib. Elə bu, məntiqə əsaslanmayan faktlarla bağlı irəli sürülən ittihamın yalan olduğunun daha bir sübutudur.
Artıq böhtançılar dünyaya car çəkiblər ki, guya, Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar cinayətə cəlb edilərək, həbs olunub. Əslində isə, bu kredit 2012 – 2014-cü illər dövründə, “Baghlan Group”la əlaqəli bir şirkətə Beynəlxalq Bank tərəfindən verilib. Di gəl ki, Ramin İsayev düz 12 il yarım “SOCAR – AQŞ”-nin Baş direktoru, bu vəzifədən getdikdən sonra, 3 il başqa iş başında olub. Onda, özünüz deyin, həmin dövrdə götürülən bu krediti Ramin İsayev necə mənimsəyə və “Baghlan Group”a aid olduğu deyilən həmin şirkətlə necə əlaqəsi ola bilərdi?! Görəsən, hansı məntiqin nəticəsi, buna görə, onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə imkan verib?!
Dəhşət həm də ondadır ki, Ramin İsayevin həbsi ilə bağlı son vaxtlar yazı verən media əməkdaşları, məhkəməyə sayılı günlər qalmış araşdırma aparan prokurorun Ramin İsayevin 16 milyon yox, 54 milyon manat mənimsədiyini üzə çıxarmasını da, xüsusi sevinc hissləri ilə qələmə alırlar. Bu azmış kimi, məsuliyyətdən yayınmaq üçün, Ramin İsayevin ölkəni tərk edib, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı almasını, soyadını Hakan soyadına dəyişib və rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunmasını da, öz yazılarında eyni çalarlarla verirlər. Ayıbdır, vallah! Ramin İsayevin belə qatı cinayətlər törətmədiyi tezliklə hamıya məlum olacaq – onda xəcalət çəkməyin nə faydası?!
Bu da, təəssüf doğuran digər yazılardakı başqa bir epizod: Guya, rəhbəri olduğu şirkətə aid külli miqdarda maliyyə vəsaitini mənimsəyərək, tez bir zamanda zəngin həyat tərzinə öyrəşən Ramin İsayev, mənimsədiyi vəsaitin bir hissəsini Türkiyə və digər dövlətlərin banklarına yatırıb, bu vəsaitin digər hissəsinə isə, İstanbul şəhərinin elit rayonlarında daşınmaz əmlak əldə edib. Türkiyə vətəndaşlığı almaqla və soyadını dəyişməklə, xarici ölkələrdə olan aktivlərini müvafiq dövlət qurumlarından gizlətməyə nail olub. Dəhşət ondadır ki, bu barədə rəsmi sorğulara, qardaş Türkiyə Cümhuriyyətinin əlaqədar dövlət qurumları tərfindən utancverici cavablar verilib: “Utanmırsınız, yalanlara söykənən belə sorğular göndərirsiniz, abır-həya yaxşı şeydir, axı!..”.
Uydurduqları yalanlara görə xəcalətlərini çəkdiyim həmkarlarım öz yazılarında, həm də, araşdırma zamanı, guya, Ramin İsayevin şirkətin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı və istifadə etdiyi çoxsaylı cinayət sxemləri müəyyən etdiyini belə sevinc içində vurğulayıb, buna misallar göstəriblər. Di gəl ki, bunun kimi, onun tapşırığı ilə, qohumlarının öz adlarına şirkətlər yaratdığı, həmin şirkətlər vasitəsilə “SOCAR – AQŞ” üçün şişirdilmiş qiymətlərə mal-material, avadanlıqlar aldıqları, xidmətlər göstərib, torpaq sahələri icarəyə götürdükləri və nəticədə, şirkətə milyonlarla ziyan vurduqları barədə yazılanlar da, yalandan başqa bir şey deyil. Onu da deyim ki, Ramin İsayevin tanınmış beynəlxalq şirkətlərin adlarını mənimsəməsi, bundan cinayət məqsədləri üçün istifadə etməsi, qohumlarının adlarına qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin adlarını dəyişməsi, Çində, Banqladeş Xalq Respublikasında bu ölkələrin vətəndaşları ilə, bizim ölkəmizdə isə, adları heç kimə məlum olmayan şirkətlərlə mənimsəməyə aid cinayətlər törətməsi barədə yazılanların yalan olduğunu öz araşdırmalarımla üzə çıxarmışam: Ramin İsayev hara, Çin, Banqladeş… hara,
ölkədaxili və xarici dövlətlərə aid “Baker Energy”, “Rotana”, “Bapex” şirkətləri hara?! Məlumatlı mənbə isə onu deyir ki, bu şirkətlərlə işbirliyi olanlar, elə, Ramin İsayevin “torbasını tikənlərin” özləridir.
Bəli, ortaya qoyulan bu və inandırıcı olmayan digər yazı epizodları xəcalətvericidir, vallah! Bu insanın adına yazılan belə cinayət sxemləri də heç cür ola bilməz. Uydurulan belə yalanlara necə inanmaq olar?! Bir də ki, təsisçiləri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) olan, kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olan belə bir şirkətdə yazılanlar boyda mənimsəmə mümkünsüz görünür. Bəyəm, bu müəssisənin ən böyük səhmdarı olan, özünü ölkənin ən böyük milyarderi kimi tanıdan Nəsib Həsənovun da, bu qədər mənimsəməyə ötən həmin illər ərzində reaksiyası olmayıb?! Bu səbəbdən, saxta maliyyə sənədləri əsasında, Ramin İsayevin ölkə banklarından kreditlər götürməyə nail olması da, mümkünsüz görünür. Üstəlik, bunlar onu da yalanlayır ki, “SOCAR – AQŞ”-nin Baş direktoru vəzifəsindən getdikdən sonra, Ramin İsayev onda olan heç bir qisas hissini rəhbər tutaraq, cinayət əməllərinin izini gizlətməyə çalışmayıb. Bu məqsədlə, onun bu qurumun serverlərinə kiberhücum edilməsi barədə tapşırıq verməsi də tamamilə yalandır. “SOCAR – AQŞ”, onun rəhbərliyi və səhmdarları haqqında hədələr göndərərək, böhtan xarakterli materiallar yayması isə, heç cür başa düşülən deyil. Ramin İsayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə səhvlərinin təkcə “SOCAR – AQŞ”-də fəaliyyət göstərdiyi dövrlə məhdudlaşmadığı, əvvəlki iş yerlərini əhatə etdiyi barədə yazılanlara da, heç cür inanmaq olmur. Çünki Ramin İsayev “KCA Deutag” adlı şirkətdə region üzrə biznesin inkişafı meneceri vəzifəsində çalışarkən, hansısa səhvlərə yol verməyib. Nə də ki, bu vəzifədə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən, şirkətin rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlməyib. Bir sözlə, burada həyata keçirdiyi işlər də, uğurlu alınıb.
Məhkəməyə inansaq, Ramin İsayevin günahsız olduğu, deyilən məbləğdə pul mənimsəmədiyi məhkəmə yekunlaşdıqda və hökm çıxarıldıqda məlum olacaq.
Bu adam haqqında bu qədər yalan uydurmaq isə, vicdan çərçivəsinə sığmır. Sözün bitdiyi anında, daha nəsə deyə bilməkdə çətinlik çəkirəm. Yalnız üzümü həmkarlarıma tutub, bunları deyə bilirəm: “Ayıbdır, yazmayın belə yalanları! Axı, saf olan jurnalistikamızın özümüzə qaytarılmasının vaxtı çoxdan çatıb! Etdikləriniz, bunun uğrunda aparılan mübarizəmizə sarsıdıcı bir zərbədir, vallah!”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
REDAKSİYADAN:
Son vaxtlar bu mövzu ilə bağlı, inandığımız məlumatlı mənbə tərəfindən araz.az-ın redaksiyasına adamı dəhşətə gətirən sensasion xarakterli fakt və məlumatlar daha çox ötürülür. Bu barədə yazdıqlarımıza görə məhkəməyə verildiyimizdən, əldə etdiyimiz yeni faktlar və məlumatlar əsasında hazırladığımız məqalələrimizi hələlik dərc edə bilmirik. Çünki məhkəmə bu mövzuda mübahisə predmeti ola biləcək yazıları araz.az-da dərc etməyi bizə müvəqqəti olaraq yasaqlayıb. Buna baxmayaraq, mübahisə predmetindən uzaq yazıları hazırlayıb, vaxtaşırı dərc edirik. Dəyərli oxucularımızın
diqqətinə çatdırırıq ki, əldə etdiyimiz sensasion faktlara və məlumatlara əsasən hazırladığımız belə bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırırıq. Bu yazının mövzusundakı ana xətti, Ramin İsayevin həbsində əli olan oliqarx vəzifə sahibinin qanunsuz əldə etdiyi 20 milyonu dünyanın ən nüfuzlu Panama ofşor, üst-üstə 138 milyonu isə, dünyanın digər ofşor təşkilatları vasitəsi ilə necə mənimsəməsi təşkil edir. Yazını bu yaxınlarda araz.az-da oxuya bilərsiniz.
araz.az xəbər portalı.