Ukrayna ordusu avqustun 6-da Rusiya sərhədini keçərək Kursk vilayətinin Sucansk rayonuna daxil oldu və bir sıra kəndləri ələ keçirdi. Bu həm siyasi, həm strateji baxımdan çox yanlış həmlədir.
Əvvəlcə onu deyim ki, Ukrayna ordusunun Kursk basqını “arxa cəbhə” strategiyasının tərkib hissəsidir. Yəni Kiyev bununla Kremlə mesaj verir ki, o, təkcə raket və dron hücumları deyil, quru əməliyyatları ilə də Rusiya ərazisinə hücum edə, ərazilərini ələ keçirə bilər.
Mümkündür ki, əməliyyat Qərbin icazəsi ilə baş tutub. Bunu Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stanonun Rusiyanın Kursk vilayətində baş verənləri şərh edərkən dedikləri də təsdiqləyir:
“Ukrayna özünümüdafiə hüququna malikdir və Rusiya ərazisinə zərbələr endirə bilər. Beynəlxalq hüquq Ukraynanın özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüquqa malik olduğunu təmin edir”.
Ukrayna ordusu əksər istiqamətlərdə rus ordusunun irəliləyişini dayandırmışdı. Son günlər rus ordusu irəliləsə də, cəbhə xəttini genişləndirmək, daha da irəli getmək niyyətində deyildi. Rusiya işğal etdiyi əraziləri geri qaytarmaq barədə düşünmürdü, lakin indiki məqamda irəli getməsi inandırıcı deyildi, çünki bu ərazilərin işğalı qədər müdafiəsi də çətindir.
Fikrimcə, Kiyevin addımı Kremli daha da aqressivləşdirəcək:
Birincisi, Rusiya hücumların miqyasını genişləndirəcək. Putin deyib ki, “Kiyev rejimi növbəti irimiqyaslı təxribata əl atıb və mülki binaları müxtəlif növ silahlardan, o cümlədən raketlərdən yaşayış binasını, maşınları, təcili yardımı – fərq qoymadan atəşə tutur”.
Putinin çıxışında xüsusilə mülki binaların, təcili yardım maşınlarının vurulmasını qeyd etməsi Kremlin cavabının necə olacağı barədə ipucu verir.
İkincisi, Kreml uzun müddətdir ki, Ukraynada taktiki nüvə raketlərindən istifadə haqda düşünürdü. Kiyev Kursk basqını ilə Kremlə istədiyi bəhanəni verdi.
Üçüncüsü, Rusiya bu hücumdan istifadə edib müharibəyə yeni oyunçular cəlb edə bilər. Belə ki, hücum birbaşa Rusiya ərazilərinə edildiyi üçün rəsmi Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından 4-cü maddəni əsas gətirərək, regiona alyans qüvvələrinin gətirilməsinə nail olması mümkümdür. Hətta zəif ehtimal olsa da, Kreml Moskva Bəyannaməsinə əsasən Azərbaycandan dəstək istəyə bilər.
İran-İsrail gərginliyinin davam etdiyi bir zamanda Kursk basqını Kremlin əlini gücləndirdi. Moskva onsuz da İrana və onun proksilərinə silah satışı gerçəkləşdirir. Mövcud gərginlik fonunda isə silah tədarükü daha da artacaq. Rusiya Qərbin və ABŞ-ın başını İran-İsrail gərginliyi ilə qataraq Ukraynada aqressiv müharibə taktikasına keçə bilər.
Kiyev və Lvovun vurulması, Belarus sərhədindən yenidən hücumun olması istisna deyil.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.