Astara rayonundakı məktəblərdən birində, qəbul imtahanında unikal bir nəticə qeydə alınması barədə araz.az-a məlumat daxil olub. Məlumata görə, şəhər məktəblərindən olan 4 saylı tam orta məktəbdə bircə nəfər abituriyent belə, uğur qazana bilməyib! Daha dəqiq desək, nəinki 600 bal, heç 500 bal toplayan olmayıb. Ucqar kənd məktəbləri üçün belə, uğursuz hesab olunan bu nəticənin, məhz şəhər məktəbində qeydə alınması, ümumiyyətlə, dramatik göstəricidir və təbii ki, ictimaiyyətin diqqətini cəlb edib.

Qeydə alınan bu antirekordun səbəbləri barədə danışacağıq, lakin onu qeyd edək ki, nazir Emin Əmrullayev də bir müdddət öncə, müəllimlərin imtahanlarında uğursuz nəticələr barədə danışarkən, Astara rayonunu xüsusi qeyd etmişdi və burdakı hər 3 müəllimdən 1-i ilə vidalaşacaqlarını söyləmişdi. Nazirin sözügedən qeydi, əslində, ölkə üzrə ən pis təhsil durumunun, məhz bu rayonda olması anlamına gəlirdi.

Yaxşı, bəs, mövzubəhsi olan Astara şəhər 4 saylı tam orta məktəbdəki böhranlı durumun səbəbi nədir?

Əldə edilən ekskluziv məlumata görə, direktor R. Hüseynova, hövlnak şəkildə pedoqoji şuranı toplayıb və pis nəticələri şagirdlərin boynuna yıxmağa çalışıb, lakin bəzi müəllimlər buna etiraz ediblər.

Əlaqə saxlamağa çalışdığımız direktor R. Hüseynova mediadan yayındığı üçün ondan izah almaq mümkün olmadı.

Belədə isə, məktəbin məşhur psixoloqu, Daşqın Əliyevə müraciət edərək, mövcud vəziyyətin səbəbi barədə soruşduq. O, bunları dedi:

“Əvvəla, mən cəmi 3 ay ərzində- sentyabrın 15-dən dekabrın 15-nə qədər orda işləmişəm. Mən orda olduğum zaman, 2 abituriyentimiz, sınaq imtahanında 500 civarında bal toplamışdılar. Oktyabrdakı bu nəticənin üzərinə, qəbul imtahanlarına qədər ən az 50-100 bal qoyacaqlarına şəxsən mən inanırdım. Çünki fəaliyyətimlə, səylərimlə məktəbdə şagirdlər üçün psixoloji-təlim mühitini bir xeyli yaxşılaşdırmışdım. Lakin, bildiyiniz kimi, Rəna Hüseynova — Nigar Novruzova tandemi, kreslolarına təhlükə bildikləri üçün məni işdən çıxartdılar. Nəticə isə, göz qabağındadır! Bütün məktəbin psixoloji və təlimi mühiti, əvvəlkindən də betər duruma düşdü və bu da, sözsüz ki, abituriyentlərin nəticələrinə təsirsiz ötüşə bilməzdi. Baxmayaraq ki, mən bu 2 çalışqan abituriyentlərdən biri ilə sonradan həmişə əlaqə saxlayıb, dəstək olmağa, psixoloji durumunu düzəltməyə çalışdım, lakin təəssüf ki, zavuç Nigar Novruzova tərəfindən gözümçıxdıya salınmış şagirdimizin durumunu düzəltmək mümkün olmadı. Digər abituriyentimiz iləsə, təəssüf ki, əlaqə yaratmaq mümkün olmayıb. Mən, təlim-təhsilin bərbad durumda olduğu məktəbimizdə, 400 bal yığmış bu 2 çalışqan qızımızı uğursuz hesab etmirəm. Əminəm ki, onlar başqa, normal direktorun, normal “zavuç”un olduğu məktəbdə oxusaydılar, 600 bal yığacaqdılar. Lakin, yenə də mən məktəbimizdəki bu dəhşətli nəticələrə görə direktor və “zavuç”un, elə ya da belə, adekvat cəzalanacağına əminəm”.

Astara şəhər 4 saylı məktəbdəki böhranlı vəziyyətlə bağlı müraciət etdiyimiz müəllimlərdən biri isə, yalnız anonim qalmaq şərtilə açıqlama verə biləcəyini dedi:

“Mən burada uzun illərdir ki, çalışıram və Rəna Hüseynovadan da əvvəl 2 direktorla çalışmışam. Heç bir vaxt məktəbimizdə bu qədər rəzil, dəhşətli durum olmayıb. Sadəcə bir fakt qeyd edəcəm və bu faktı LARTİ rəhbəri Bəhruz müəllimin (Mehdiyev) də düşünməsini istəyirəm: 10 il əvvəl, yəni R.Hüseynova direktor olmazdan əvvəl, demək olar ki hər sinifdən 2 dənə mövcud idi. İndisə bütün siniflər 1 dənədir! Məktəbimizdə uşaq sayı artmaq əvəzinə, daha da azalır, vəziyyət dəhşətli həddə çatır! Əgər yalan deyirəmsə, buyurun, siz də araşdırın, görün 10 il əvvəl vəziyyət necə idi, indi necədir. Ona görə də, bu ilki qəbul imtahanı nəticələrinin biabırçı olmasına heç də təəccüblənmədim. R. Hüseynova getməsə, lap böyük biabırçılıqlar olacaq. Narazı müəllimlərimiz çoxdur, sizi də məktəbə dəvət edirik, gəlin, özünüz baxın, çəkin”.

Astara şəhər məktəbində qeydə alınan biabırçı nəticə ilə bağlı müraciət etdiyimiz digər şəxs isə, “Təhsil Araşdırmalar Mərkəzi”nin cənub nümayəndəsi Emin Mirzəli oldu. O, vəziyyətdən hamı kimi xəbərdar olduqlarını və bu barədə LARTİ-nin qərarını gözlədiklərini dedi: “Hazırki müdir, sözsüz ki, baş verənləri izləyir. Cənab Bəhruz Mehdiyev, uğursuz direktor Rəna Hüseynovanı vəzifədə saxlasa, artıq bu, ciddi şübhələrə yol açacaq ki, görəsən nəyin qarşılığında bunu edir. Çünki, R. Hüseynova tərəfindən qanunsuz yerə işdən çıxarılmış psixoloq Daşqın Əliyevlə bağlı Əmək Müfəttişliyinin konkret qərarı var ki, o, işə qayıtmalıdır. Hətta, məktəb rəhbərliyi buna görə 2 dəfə cərimə də olunub. Bu qərarı qətiləşdirmək üçün yaxın həftələrdə Astara Rayon Məhkəməsinin də qərarı çıxacaq və beləliklə də, Daşqın Əliyev rəsmən işə qayıdacaq. Mən sual edirəm: Biabırçı direktor Rəna Hüseynova və biabırçı “zavuç” Nigar Novruzova, gənc alim Daşqın Əliyev ilə, gələn dərs ilində necə çalışacaq, necə yola gedəcək? İlanlar yarpız ilə yola getmədiyi kimi, bunların Daşqın bəylə yola getməsi də mümkün deyil. Cənab Mehdiyev anlamalıdır ki, qarşıda bizi daha dəhşətli şeylər gözləyə bilər. Astarada çox təhlükəli şeylər yaşanmaqdadır və nazirin, məhz Astaranın adını çəkməsi də təsadüfi deyil. Yaxın zamanda siz Astarada dramatik ifşaları izləyəcəksiniz, mən bunu qarantiya edə bilərəm. Əlimizdəki şok sübutları sizlərə, mediaya təqdim edəcəyik!”.

Şikayəti çapa təqdim etdi:
Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.