58821F31 243A 4871 B174 04C673ACF701

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib. İclasda 2018-ci ilin noyabrnda Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və Türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu, erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.
YTB-nın sədr müavini Abdulhadi Turus isə təmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. Bundan başqa, o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini, xaircdəki türklərə yaşadıqları ölkədə onların hüquq və azadlıqları ilə bağlı təlim proqramının həyata keçirildiyini qeyd edib. A.Turus bu və digər layihələr çərçivəsində Azərbaycan diasporu ilə əməkdaşlığın daha səmərəli olacağını deyib.
Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrıseçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəsini artırmaq məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.
İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk Diaspor Forumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrini gücləndirilməsi, bir sıra ölkələrdə yerli idarəetmə orqanlarına seçkilər zamanı ortaq namizədlərin müəyyən edilməsi ilə bağlı konkret addımların atılması, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.
İclasdan sonra qonaqlar DİDK-nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə şöbələrdə əməkdaşlarla görüşüb. Onlara hər bir şöbənin fəaliyyəti, gördüyü işlər haqqında məlumat verilib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, YTB nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramınının açılışında və Türk Şurasının Təmas qrupunun 5-ci iclasında iştiak etmək məqsədilə Bakıya gəlib.

araz.az xəbər portalı.