“ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” təyyarəsinin İrəvandakı Zvartnots hava limanına hərbi yüklər və şəxsi heyət gətirməsi proseslərin fərqli məcraya getdiyini göstərir. İddialara görə, ABŞ hərbçiləri Zəngəzura daxil olub və Vaşinqton burada öz qüvvələrini cəmləməyə başlayıb”.

 

“Faktiki olaraq, əlbəttə, Ermənistanın sürətli formada silahlandırılması bölgə üçün yaxşı heç nə vəd etmir. Bu proseslər Cənubi Qafqaz regionunda sülhün, rifahın, barışın və sabitliyin əldə edilməsinə əngəl törədir. Əslində, tərəflərdən birinin daim silahlandırılması sülhlə bağlı Ermənistanın geri addımlar atmasına səbəb olur. Biz aydın formada görürük ki, Ermənistana dəstək verilməsi, Fransa tərəfindən hücum silahlarının verilməsi ABŞ-ın gəlib Ermənistanda hərbi təlimlər keçməsi Ermənistanın daha da aqressivləşməyinə və sülhlə bağlı konkret həlledici formullar ortaya qoya bilməməsinə səbəb olur. Eyni zamanda Ermənistan ərazisində daha əvvəl Avropa İttifaqının mülki müşahidə missiyası Rusiya və İran əleyhinə fəaliyyət göstərirdi”.

araz.az xəbər verir ki,bu fikirləri aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, indi isə ABŞ-ın Ermənistan ərazisində fəaliyyətinin genişləndirilməsi, Qərbin Ermənistan ərazilərindən plasdarm kimi istifadə etməyini növbəti dəfə stimullaşdırır.

“Təbii ki, bütün bunlar regionda hərbi qarşıdurma meyllərini də artırır və bizim qarşımızda Ermənistan kimi güvənilməz bir ölkə olduğuna görə Qərbdən verilən mesajların fonunda Ermənistanın bundan sonra hansı addımlar ata biləcəyi özü müəyyən şübhələr və spekulyasiyalar yaradır. Nəticədə Ermənistanın Cənubi Qafqaz regionunu Qərbin kəşfiyyat poliqonuna çevirmək cəhdlərini biz açıq-aydın müşahidə edirik. Ermənistan ərazilərində Qərb Ermənistanı təkcə qızışdırmır, həm də buradan istifadə edərək bölgədə gərginliyin qalmasında maraqlı tərəf qismində iştirak edir. Əslində Fransa heç Ermənistana dövlət kimi dəyər vermir. Çünki Fransa Ermənistanın ləyaqətli bir dövlət kimi inkişafını istəsə idi, o zaman çalışardı ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın, Türkiyə ilə münasibətlərini yaxşılaşdırsın. Ancaq görürük ki, Qərb isə əksinə, aqressivlik göstərərək Ermənistanı hərbi ritorikaya sürükləyir ki, bunun da nəticələri çox ağır olacaq”.

 

Rəfiqə NAMAZƏLİYEVA.

araz.az xəbər portalı.