Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, müvafiq ölçü götürülməlidir
Cahan.info xəbər verir ki, bunu araz.az yazıb. Kooperasiya Universiteti ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar baş verən təhsil ocağıdır.
Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda “mahirdir”. Bütün bunlar isə, məhz deputat-rektor Eldar Quliyevin elmi sahədə “xidmətlərinin” acı nəticəsidir.
Azərbaycan Kooperasiya Universitetində baş verən neqativ hallarla bağlı mətbuatda dəfələrlə yazılıb. Xüsusən də digər universitetlərdən fərqli olaraq, bu təhsil müəssisəsində tələbələrdən rüşvətin açıq şəkildə yığılması, yəni leqallaşdırılması haqda informasiyalar heç də yeni deyil.
Muxalifet.az yazmışdı ki, ali məktəbin rəhbərliyi burada təhsilin səviyyəsini yüksəltməyə maraq göstərməkdənsə, rüşvətxorluğun daha da genişlənməsinə yol açan qaydalar tətbiq etməklə, öz gəlirlərini ilbəil artırmağa çalışırlar.
Məsələn, Kooperasiya Universitetində tələbələrin dərsə davamiyyəti çox aşağı səviyyədə olsa da, bu neqativ fakt rəhbərliyi narahat etmir.
Əksinə, onlar davamiyyətin aşağı olmasında maraqlıdırlar. Çünki sessiyalarda iştirak etməyən tələbələr imtahanlara buraxılmaq üçün külli miqdarda vəsait ödəmək məcburiyyətindədirlər.
Mənbə deyir ki, Kooperasiya Universitetində dərsə davamiyyəti aşağı olan tələbələr imtahana buraxılması üçün, fakültəsindən asılı olaraq, hər fənnə görə 100-200 AZN rüşvət verməli olurlar. Bu pullar əksər hallarda qrup nümayəndələri, bəzən isə dekanlar tərəfindən toplanır.
Ümumilikdə isə, Kooperasiya Universitetində imtahanlar formal xarakter daşıyır. Tədris prosesində baloniya sisteminin tətbiq olunmasına baxmayaraq, fakültə rəhbərlərinin maddi maraqlarına əsasında, tələbələrə məqbul yazılır.
Məlumata əsasən, sessiya zamanı universitetdə hər tələbədən imtahanlara görə 650-750 AZN pul toplanılır. Bu pullar da yenə qrup nümayəndələri və dekanlar tərəfindən yığılır.
Azərbaycan Kooperasiya Universitetində tələbələrin öz savadları ilə imtahanlardan müsbət qiymətlər alması mümkün deyil. “Ödə, davam et” prinsipi ilə idarə olun bir universitetdən hansı təhsil səviyyəsini gözləmək olar?
Ali məktəblərdə qış semestr imtahanları başlayıb. Adı daim rüşvətdə hallanan və universitetdən daha çox “bazar”a bənzəyən təhsil ocağının qapanması əslində, təəccüblü olmaz.
Araz.az isə qeyd edir ki, elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir.
Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb.
Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır: “Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!.
Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir – gömrük işi, kənd təsərrüfatı və s., və i.
Özü də, Eldar Quliyev bu “uğurlarına” görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.
Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar indiyə qədər gizli qalıb?! Onun “dahiliyinin” yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?!
Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi.
Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?!
araz.az xəbər portalı.