İqtisadiyyatı güclü olan dövlət hər bir nailiyyətə qadirdir.

 

Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya olunan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin edən müstəqil dövlətdir. Təsadüfi deyil ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var.
Sovetlər Birliyinin dağılması, ümumi daxili məhsulun (ÜDM) artımının zəifləməsi və iqtisadi durğunluğun keçmiş imperiyanın süqutunda mühüm rol oynadığını nəzərə alsaq, yenicə müstəqillik qazanan ittifaq ölkələrinin qarşısında iqtisadi inkişafı, əhalinin sosial-iqtisadi rifahını təmin etmək kimi çətin missiya dayanırdı. Necə ki, Ulu Öndər Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”
Sabitliyi və ərazi bütövlüyünü təmin etmək, beynəlxalq münasibətlər sistemində öz yerini tutmaq, regional proseslərdə aparıcı güc mərkəzinə çevrilmək və buna zəmin hazırlamaq, bilavasitə ölkə iqtisadiyyatının gücləndirilməsindən keçirdi.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev idarəetməyə geniş və çoxvektorlu iqtisadi islahatlarla başladı. Baxmayaraq ki, ona qarşı böyük təzyiqlər vardı, məkrli xarici qüvvələr ölkəmizi parçalamağa çalışır və daxildə separatçı meyillər baş qaldırırdı, lakin bu məhrumiyyətlərə rəğmən, Heydər Əliyev bütün gücünü Azərbaycanın iqtisadi qüdrətini artırmağa yönəltdi. Heç bir təzyiq, təhdid Ümummilli Lideri bu müqəddəs missiyanı həyata keçirməkdən yayındıra bilmədi.
Ülu Öndər Heydər Əliyev iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə irəli aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa geniş imkanlar yaratmaq və dünya iqtisadiyyatına inteqrasiyanı nəzərdə tuturdu.
Ümummilli Lider Heydər Əliyevin ölkəəhəmiyyətli nailiyyətlərindən biri də məhz enerji siyasəti ilə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsini yüksəltmək həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Ulu Öndər Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1998-ci ilin oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsorsium arasında 30 illik saziş imzalandı. Dünyanın ən qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma sənayesinə müasir texnologiyalar gətirdilər. Həyata keçirilən tədbirlər nəticəsində respublikanın neft sənayesi dirçəldi və sürətlə inkişaf etməyə başladı. İstehsal etdiyi nefti Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail oldu. Ümummilli Lider Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu, eyni zamanda neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qaldı.
Ulu Öndər Heydər Əliyevin fərmanı ilə sovetlər dövründən miras qalan dövlət əmlakının özəlləşdirilməyə çıxarılması və əsas payçılar qismində vətəndaşların tanınması, “Daşınmaz əmlakın dövlət reyestri”, “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası qanunlarının qəbulu vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına xidmət edirdi. Yenicə təşəkkül tapan əmlak qiymətləndirmələri zamanı hüquqi bazanın işlənib hazırlanması, peşəkar qiymətləndirmə şirkətləri və mütəxəssislərinin bu prosesə cəlbi isə sektorun qarşısında geniş imkanlar açdı.
1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini yaratmaları, qurumun bu sahədə fəaliyyət göstərən müəssisələri öz ətrafına toplaması, beynəlxalq qiymətləndirmə standartlarının ölkəmizdə tətbiqi, peşəkar qiymətləndirmə mütəxəssislərinin yetişdirilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla təmin edilən iqtisadi uğurlarımızın vacib komponentlərindən biridir. Bununla bağlı “Borc öhdəlikləri və ssudalar üzrə təminatın qiymətləndirilməsi”, “Əmlak və sair hüquqların qiymətləndirilməsi”, “İntellektual mülkiyyətin qiymətləndirilməsi”, “Bazar dəyəri qiymətləndirmə bazası kimi”, “Qiymətləndiricilərin peşə etikası kodeksi”, “Qiymətli kağızların qiymətləndirilməsi”, “Daşınmaz əmlakın qiymətləndirilməsi”, “İnvestisiya proqramlarının qiymətləndirilməsi” və digər sənəd və proqramların işlənib hazırlanması bunun bariz nümunəsidir.
Azərbaycan qiymətləndiriciləri öz fəaliyyət tarixinin çox məsluyyətli və önəmli dövrlərini yaşayırlar. 2022-ci ilin mayında keçirilmiş hesabat-seçki konfransından sonra start alan yeni dövrdə sektorun problemləri və onların həlli yolları dövlət qurumlarının diqqətinə daha ardıcıl formada çatdırıldı. Qiymətləndiricilər sektorunun əsas təşkilatı olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində xüsusi aktivlik hiss edildi. AQC beynəlxalq əlaqələrini gücləndirdi, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyinə nail olunması istiqamətində apardığı  siyasətin dəstəkçisinə çevrildi. Məhz Azərbaycanın təşəbbüsü ilə türk dövlətlərinin qiymətləndiriciləri arasında dərin inteqrasiyaya start verildi. Bütün bu uğurların fonunda dövlət başçısı tərəfindən 2023-cü il dekabrtın 30-da yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun təsdiq olundu. Bu addımı yeni il öncəsi ölkə qiymətləndiricilərinin fəaliyyətinə verilmiş yüksək dəyər kimi qəbul etdik. Sözügedən qanuna əsasən, yaxın müddətdə Azərbaycan Qiymətləndiricilər Palatasının təsis edilməsi planlaşdırılır. Sözsüz ki, bu fakt əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli davamçısı İlham Əliyev tərəfindən inkişaf etdirilən iqtisadi siyasətin, institusional və çoxvektorlu islahatların bir nümunəsi kimi qiymətləndirmə sektorunda qeyri-elmi yanaşmanın aradan qaldırılmasında, sektorun yenidən və sağlam şəkildə dizayn olunmasında mühüm mərhələ olacaq.
Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli ölkəyə, regionun lider, dünyanın isə önəmli bir dövlətinə çevrilib. Ermənistanın siyasi rəhbərliyi ölkəsinin əhalisinin sayını azaltdığı, onların sosial səfalət üzündən kütləvi şəkildə mühacirətə üz tutmasına şərait yaratdığı illərdə Azərbaycan öz iqtisadi, hərbi, siyasi qüdrətini artırır, gələcək qələbə üçün tarixi zəmin yaradırdı. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirirdi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Ümumilli Lider Heydər Əliyevin başlatdığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi praqmatik, rasional, məntiqli siyasətin məntiqi yekunu idi.
Bu gün Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoyub. Ölkəmizin iqtisadi qüdrəti getdikcə daha da güclənir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin yeni yüksəliş strategiyasına uyğun olaraq davamlı və inklüziv iqtisadi inkişaf ölkəmizə çox böyük dividendlər qazandıracaq.

Vüqar ORUC,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti.

araz.az xəbər portalı.