2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin rayonun Əlisoltanlı, Potubəyli, Bəylər və Mollavazlı kəndlərindən olan seçicilərlə görüşü keçirilib.Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxışında Azərbaycanın dünyada demokratik, dinamik inkişaf edən ölkə kimi tanındığını vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ərazi bütövlüyünü tam təmin edən Azərbaycan qalib dövlət olaraq tarixinin ən qürurlu dövrünü yaşayır: “44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya gücümüzü göstərmiş olduq. Bunun nəticəsi olaraq bu gün üçrəngli dövlət bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sevinc Gülüşova, Lütvəli Şıxəliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra yeni reallıqlar yaranıb. “İlk dəfə olaraq ölkəmizin bütün ərazilərində prezident seçkiləri keçirilib. İndi Azərbaycan növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır”, – deyə vurğulanıb.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir.


araz.az xəbər portalı.