mənfi təsirini azaltmaq vacibdir — TƏLƏBƏ SÖZÜ
Dağ-mədən sənayesinin inkişafı müqabilində ətraf mühitin hansı qlobal problemlərlə üzləşdiyi göz önündədir. Karbоhidrоgеn еhtiyatlarla zəngin ölkələrdə həyata keçirilən texnogen proseslərin həm həmin dövlətlərin iqtisadiyyatına, həm də onların əhalisinə faydası ilə yanaşı, ətraf еkоlожi və sоsial mühitlərinə zərərləri də danılmazdır. Dağ-mədən sənayesinin ətraf mühitə mənfi təsirinin səbəblərinə və ondan çıxış yollarına həsr etdiyim bu tədqiqat işimdə xüsusi olaraq göstərmişəm ki, bu fəsadlar hər hansı kiçik tikilidən tutmuş, nəhəng layihələrin icrasına qədər bütün prоsеslər zamanı özünü açıq-aydın büruzə verir və hər biri özünün müxtəlif həcminə, əhatəliyinə görə fərqlənir. Əsasən, karbohidrogen ehtiyatların axtarılması, hasilatı, emalı və nəqli zamanı olan belə mənfi təsirlərin azalması üçün, qabaqcıl ölkələrdə istənilən layihələrin icrasına, bu məqsədlə də, iri kapital qoyuluşları еdilir. Belə olmasa, getdikcə daha da inkişaf edən dağ-mədən sənayesi ətraf və sosial mühiti, cəmiyyəti, insanların sağlamlığını və təhlükəsizliyini daha acınacaqlı xoşagəlməzliklərlə üz-üzə qoyar.
Karbohidrogen ehtiyatların mənimsənilməsi prosesi zamanı, ilk növbədə, onu yerin dərin qatlarından çıxarmaq üçün qazma işləri həyata keçirilir. Bu vaxt zərərli tullantıların idarə olunması aktual problemə çevrilir. Bir qayda olaraq, belə tullantıların idarə olunması üçün müəssisələr artıq məsrəflər etməyə meylli olmurlar. Nəticədə, ərtafa atılan həmin tullantıların ekoloji mühitə ciddi təsirləri daha da çoxalır. Hasil olunan ehtiyatların nəqli zamanı istər hasilat ərazisi olan mədənlərdə, istərsə də nəql olunan marşurutlarda, əsasən kəmərlərin keçdiyi dəhlizlərdə həyata keçirilən tikinti işləri zamanı da, ekoloji mühitə və ətraf sosial mühitə mənfi təsirlər qaçılmazdır. Tikinti və istismar dövründə qeydə alınan ciddi təsirlər, təbiəti mühafizə və təbiətdən istifadə sahəsində hər bir vətəndaş qarşısında mühüm və qəti tələblər qoyur, ilk növbədə ekoloji şəraitin sağlamlaşdırılmasına ictimai nəzarətin vacibliyini önə çəkir. Bu səbəbdən, faydalı qazıntıların qorunması, onlardan səmərəli istifadə edilməsi, ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinə ictimai nəzarətin gücləndirilməsi, təbiətimühafizə və təbii ehtiyatlardan istifadə sahəsində vahid elmi-texniki siyasətin həyata keçirilməsi dövlətimizin milli proqramlarında başlıca yer tutur. Bu proqramlara əsasən, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə, təbii mühit obyektlərinin çirkləndirilməsinə nəzarət üzrə respublika ekoloji qaydaları, standart və normativləri hazırlanıb. Bu zaman, ilkin olaraq, respublikada və xaricdə toplanmış təcrübə öyrənilib.
Tədqiqatlar da göstərir ki, faydalı qazıntılar çıxarılan ərazilərdə təbii mühit davamlı olaraq dəyişikliklərə məruz qalır, təbiətə xeyli ziyan vurulur. Nəticədə, istehsalat sahələri və kənd təsərrüfatı üçün ayrılan yararlı torpaqlar tutulur, bu ərazilərdə ciddi ekoloji, geoekoloji və geokimyəvi dəyişikliklər baş verir. Hətta zərərli maddələrlə və kimyəvi elementlərlə torpaqlar qarışıq, su hövzələri də çirkləndirilir. Yuxarıda deyilənləri də nəzərə alsaq, dağ-mədən işləri aparılan sahələrdə ətraf mühitin qorunması, eləcə də eroziyaya uğrayan torpaqların bərpası və funksiyası pozulmuş torpaqlardan səmərəli istifadə əsas məsələlərdən birinə çevrilir.
Dünya əhalisinin sayının artımı, mineral xammal ehtiyatlarından istifadənin durmadan çoxalması, sənaye sahələrində yeni texnologiyaların tətbiqi və istehsalın genişlənməsi də ətraf mühitə təzyiqin artmasına səbəb olur. Son vaxtlar yataqların açıq üsulla işlənməsi də, ətraf mühitə ciddi təsir göstərən əsas səbəblərdəndir. Belə hallarda da, təbii sərvətlərdən istifadəni və ətraf mühitin qorunmasını səmərəli şəkildə təmin etmək üçün, mühafizə tədbirləri görülməsi əsas məsələ kimi qarşıya qoyulur. Belə tədbirlərə tullantılardan istifadəni, əsas funksiyası pozulmuş torpaqların bərpasını, dağ-mədən işlərindən sonra yaranan boşluqların müxtəlif məqsədlər üçün istifadə olunmasını aid etmək olar. Bu zaman rekultivasiya işlərinin aparılması əsas məsələlərdəndir. Məqsədindən asılı olaraq, rekultivasiyanin aşağıdakı əsas istiqamətləri mövcuddur:
— Kənd təsərrüfatı istiqaməti üzrə, funksiyası pozulmuş ərazidə əkin (səpin) aparmaq, bağ salmaq, oranı çəmən və otlaq sahəsi kimi istifadə etmək;
— Meşə təsərrüfatı istiqaməti üzrə, məqsədyönlü və istismar əhəmiyyətli meşəliklər salmaq;
— Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti üzrə, istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya yaşıllaşdırılması;
— Müxtəlif təyinatlı su hövzələri yaratmaq;
— Pozulmuş ərazilərdə yaşayış və digər sahələr üçün tikililər yaratmaq;
— Xammalların istifadəsinə iqtisadi və ekoloji səmərənin əldə edilməsi üçün, kompleksliliyin optimal səviyyəyə qaldırılması, təbii sərvətlərin təkrar istehsalının təmini və ətraf mühitin mühafizəsi;
— Mədən sənayesi tullantılarının kəmiyyət və keyfiyyət baxımından pasportlaşdırılması;
— Polimetal filizlərinin tərkibindəki zərərli elementlərin ətraf mühitə yayılmasının qarşısının alınması.
Bütün bunlardan başqa, istehsal tullantılarını zərərsizləşdirən təkrar emal sexlərinin yaradılması tədbirlərinin həyata keçirilməsi də, dağ-mədən sənayesinin ətraf mühitə mənfi təsirini azaldacağı qənaitinə gəlməyə əsas verir. Elə, deyilənlərə görədir ki, təbii sərvətlərdən istifadənin və ətraf mühitin qorunmasının səmərəli şəkildə təminatı məqsədilə, mühüm mühafizə tədbirlərinin görülməsi bütün dövlət proqramlarında əsas məsələ kimi qarşıya qoyulur.
Elçin ABBASOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
kimya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi.
araz.az xəbər portalı.