MKT-UCAR.jpg

Rövşən Həsənov 200 ailəni kədərə qərq edib; Baş direktor tərəfindən ölkə başçısının işsizlik siyasətinə qarşı təxribat

Doğrudan da, dolanışığın bu ağır dönəmində “MKT –Ucar” filialının 200 nəfər işçisi üçün, onların hər birinə gecə saatlarında çatdırılan bir xəbərdarlıq məktubu “qara xəbərə” bərabər olub. Filialın cari ilin mart ayının 1-dən bağlanacağı barədə olan bu xəbər, sanki 200 ailəyə hüznlü anlar yaşadıb. Araz.az-ın elektron poçtuna həmin MTK-nın Ramiz Abdulhəmidov, İkram Xəlilov, Ağadadaş Ağalarov, İlqar Həsənov, Nadir Mehdiyev, Elçin Həsənov, İsmayıl Xeyxatı, Famil Baxışıov, Sevda Yolçuyeva, Ədilə Məmmədova, Rəna Əliyeva, Hicayət Abdullayeva, Andrey Ağalarov, Cəfər Həsənov, Mövlud Hacıyev, Ağalar Ağalarov… ad-soyadlı işçiləri tərəfindən daxil olan şikayət xarakterli müraciətdə də, onlar bu ağır xəbərdən sonra hansı hisslər keçirirək, nələr yaşadıqlarını kədər doğuracaq sözlərlə açıq-aydın təsvir ediblər: “Bu xəbərdən sonra, elə bil, bizim hüzürümüz düşdü. Hazırda biz — “MKT –Ucar” filialının 200 işçisi çıxılmaz bir durumla üz-üzəyik. 1922-ci ildə inşa edilən “MKT — Ucar” filialı, əslində, 1926-cı ildə Ucar Pambıqtəmizləmə zavodu kimi istifadəyə verilib. Bu pambıqtəmizləmə zavodu sovetlər dönəminin ən məhşur böyük müəssisələrindən biri olub. 2016-cı ildə “MKT — Ucar” filial olub. Burada 200 nəfər işləyir ki, hər bir işçinin evində 5-6 nəfər ailə üzvü var. Hər bir ailənin yeganə gəlir yeri də, bu müəssisədən aldığı əmək haqqıdır.

MKT-UCAR0000.jpg25 yanvar 2019-cu il tarixdə hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov tərəfindən xəbərdarlıq məktubu təqdim olundu. Həmin məktubda qeyd edilirdi: “Nəzərinizə çatdırmaq istəyirik ki, 07.01.2019-cu il tarixdə sizinlə “MKT İK” MMC ilə qarşılıqlı razılaşma əsasında, 31.01.2019-cu il tarixə kimi, əmək müqaviləsi müddəti uzadılmışdı. Qanunvericiliyə əsasən, sizinlə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.01.2019-cu il tarixdə xitam veriləcək. Bununla əlaqədar olaraq, hesablanmış son haqq-hesab məbləği — əmək haqqı hesabınıza köçürüləcəkdir. Xahiş edirik, əmək kitabçanızı təhvil almaq üçün, həmin tarixdə filialın kadrlar söbəsinə yaxınlaşasınız”.

Biz, bu xəbərdarlıq məktubunu “qara xəbər” kimi qəbul edib, etirazımızı bildirdik. Dedik ki, bəs, bizim ailəmiz bundan sonra necə dolanacaq, nə edəcəyik?! Rəhbərlik etirazımıza bir neçə gün reaksiya verdi. Dedi ki, yuxarıdan göstəriş verilib ki, zavod fəaliyyətini dayandırmayacaq, işləyəcək. Bir neçə gün sonra nə baş verdisə, yenidən bizə deyildi ki, yenə yuxarıdan göstəriş verilib ki, zavod 01 mart 2019-cu il tarixdən fəaliyyətini dayandıracaq.
Doğrudan da, indi biz çıxılmaz bir vəziyyətlə üzləşmişik. Ümidimiz bir Allaha, bir də möhtərəm prezidentimiz cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevayadır. Onların da nəzərinə çatdırmaq istəyirik ki, zavodun fəaliyyətinin dayandırılmasına heç bir əsas yoxdur. İnanmaq da olmur ki, ölkə başçısının xüsusi göstərişi əsasında yeni iş yerlərinin açıldığı, üstəlik, pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda, fəaliyyəti zəruri olan böyük bir zavodun fəaliyyəti yuxarıların göstərişi ilə, qəfil dayandırılsin, 200 nəfər zəhmətkeş işçisi çörəksiz qalsın. 200 nəfər işçinin hər birinin evində 5 ailə üzvünü də hesaba alanda, bu, 1000 nəfər insanın çörəksiz qoyulması deməkdir; Bu, prezident siyasətinə qarşı bir təxribat deyilmi?!
Bütün xəbərdarlıqlara baxmayaraq, biz ümidimizi hələ də üzməmişik. Ona görə ki, İlham Əliyev kimi qayğıkeş prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli birinci xanım var. Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox-çox xahiş edirik ki, “MKT — Ucar” filialının bağlanması təxribatının qarşısını almaqda bizə köməklik göstərsinlər. Ümidimiz yalnız onlaradir. Biz — 1000 nəfər ölkə vətəndaşının təmsilçiləri onların son qərarlarını gözləyirik. İnanırıq ki, onlar, bizim sosial şəbəkələrdə yaydığımız şikayət xarakterli video-müraciətimizi dinləyəndən sonra, bizim ağrı-acımızı tam başa düşüb, bu məsələni təcili araşdıraraq, tədbir görəcəklər”.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.