Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.
araz.az musavat.com-a istinadən xəbər verir ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib.
Lakin Elmar Məmmədyarov açıqlamasında xəbəri təkzib edib:
“Polad Bülbüloğlunu artıq seçmisiz? (Gülür). Nəyə əsaslanaraq bu barədə xəbərin yazılması haqda məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib? Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun soruşun, mənbəni haradan götürüblər… Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsizsə, sizin əlinizdə olsaydı, mən deyərdim, hə (Gülür). Amma bilirsiniz sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün məsələ yetişməlidir, ortaya çıxmalıdır”.
Qeyd edək ki, Elmar Məmmədyarovun səfir təyin ediləcəyi barədə məlumatı ilk olaraq Demokrat.az saytı yayıb.
Xatırladaq ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.
araz.az xəbər portalı.