1549989310_270531_src.jpg

Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət etsə də…
Elşən Uluxanlı: “Sağlamlığını itirməyən, sağ Milli Qəhrəmanımızın övladı ödənişli təhsildən azad edilmir”

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı qeyd edir ki, şəhid və sağ Milli Qəhrəmanlar və onların ailələrinin problemlərinin daim dövlətin diqqətində olmasına baxmayaraq, bu yüksək və şərəfli ada layiq olanlarla bağlı qanunvericilikdə müəyyən boşluqlar mövcuddur.

Qurum sədri “Bakı-Xəbər”ə verdiyi maraqlı müsahibədə qanunvericilikdə olan müəyyən boşluqların Milli Qəhrəmanlarımızın və onların ailə üzvlərinin bəzi imtiyazlardan yararlana bilməsinə maneə olduğunu qeyd edir. Milli Qəhrəmanlarımızın problemləri, onların adlarının əbədiləşdirilməsi və keçdikləri döyüş yolunun təbliği ilə məşğul olan İctimai Birliyin rəhbəri Elşən Uluxanlı ilə yuxarıda qeyd edilən mövzular ətrafında etdiyimiz söhbəti oxucuların diqqətinə çatdırırıq.

– Elşən müəllim, istərdik rəhbərlik etdiyiniz qurum və onun fəaliyyəti barədə ətraflı məlumat verəsiniz.

– Milli Qəhrəmanlarla bağlı mövzuya bu qədər həssas yanaşdığınız üçün qurumumuzun adından qəzetinizə dərin təşəkkürümü çatdırıram. Bizim İctimai Birlik 2001-ci ildə dövlət qeydiyyatından keçib. Elə həmin gündən etibarən biz Milli Qəhrəmanların anım və ad günlərinin qeyd edilməsi, onların şərəfli həyat yolunun gənclər arasında təbliğ olunması, təhsil ocaqlarında onlara aid guşələrin yaradılması, şərəfli döyüş yolu ilə bağlı kitabların hazırlanması və ümumiyyətlə, bu kateqoriyadan olan şəxslərin üzləşdiyi problemlərlə yaxından maraqlanmaq istiqamətləri üzrə fəaliyyət göstəririk.

– Azərbaycanda Milli Qəhrəman adına neçə nəfər layiq görülüb?

– Bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştiraka və digər sahələrdəki şücaətlərə görə 215 nəfər bu şərəfli ada layiq görülüb. Onlardan 198-i şəhid, 17-si isə sağdır.

– Sağ qalan Milli Qəhrəmanlarla əlaqələriniz nə səviyyədədir?

– Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi Milli Qəhrəmanlar və onların ailələrini öz ətrafında birləşdirən yeganə qurumdur. Biz onların hər biri ilə yaxından maraqlanır, bacardığımız qədər onlara diqqət göstəririk.

– Sağ Milli Qəhrəmanlara və dünyasını dəyişənlərin ailələrinə hansı məbləğdə müavinət verilir?

– Milli Qəhrəmanlara ötən ilə qədər 1200 manat Prezident təqaüdü verilirdi. Keçən ilin sonlarında isə onlara verilən təqaüdün məbləği 1500 manata qədər artırıldı. Şəhid ailələrinə verilən 11 min manat sığorta pulu, təbii ki, şəhid Milli Qəhrəman ailələrinə də ödənilib. Sağ Milli Qəhrəmanlarımız isə ancaq 1500 manat Prezident təqaüdü alırlar.

– Dünyasını dəyişən Milli Qəhrəmanların ailələrinə həmin 1500 manat necə və nə vaxta qədər verilir? İstərdik bu meyarlar barədə ətraflı məlumat verəsiniz.

– Fərmanda göstərilib ki, həmin 1500 manatı şəhid Milli Qəhrəmanın ata və ya anası, valideynləri yoxdursa, həyat yoldaşı və 18 yaşına çatmamış övladı almalıdır. Ən maraqlısı isə budur ki, hansısa şəhid Milli Qəhrəmanın valideynləri və öz övladı yoxdursa, həmin təqaüdü heç kim almır.

– Konkret olaraq, belə hallar varmı?

– Bəli, var. Hazırda 146 şəhid Milli Qəhrəman ailəsi həmin fərmandan yararlanır, qalanları isə yox. Elə şəhid Milli Qəhrəman ailəsi var ki, valideynlərini erkən yaşda itiriblər. Şəhid olan həmin cavan oğlanı bacısı böyüdüb. Mərhum ailə qurmamış gedib və şəhid olub. Hazırda ailə qurmayan həmin bacı qardaşına düşən 1500 manat təqaüdü ala bilməməklə yanaşı, heç şəhid ailəsi statusu da daşımır. Hazırda 50-yə yaxın belə şəhid Milli Qəhrəman ailəsi var.

– Bu, kifayət qədər ciddi problemdir. Niyə indiyə qədər bu məsələni qabartmayıbsınız? Bu vəziyyətin həlli yolu nədən ibarətdir?

– Milli Qəhrəman statusunun müəyyənləşməsi ilə bağlı qanunvericilikdə boşluqlar olduğu üçün, belə detallar üzə çıxır. Biz bütün əlaqədar qurumlara məsələnin həlli ilə bağlı təkliflərimizi irəli sürmüşük. Hesab edirəm ki, bu problem cənab Prezidentə lazımi şəkildə çatdırılmayıb. Çünki biz bilirik ki, sevimli ölkə başçımız bu cür problemlərin həllinə olduqca həssas yanaşır və operativ şəkildə həlli üçün göstəriş verir. Nəzərinizə bir faktı çatdırım ki, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş şəxslərin övladları həmin statusdan sərbəst şəkildə yararlana bilirdilər. Ancaq görürsünüz ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canını vermiş Milli Qəhrəmanlarımızın doğmaları qanunvericiliyimizdə olan bəzi boşluqlar səbəbindən elementar hüquqlardan məhrum olurlar.

– Sağ və şəhid Milli Qəhrəmanların mənzil şəraiti ilə bağlı vəziyyət necədir?

-Hesab edirəm ki, deyilən kateqoriya insanlarla bağlı ən ağrılı yer elə budur. Hazırda 3 sağ Milli Qəhrəmanımız mənzil növbəsinə dayanıb. Onlardan ikisi hazırda kirayədə yaşayır, biri isə birotaqlı mənzildə.

– Adlarını deyə bilərsiniz?

– Milli Qəhrəmanlarımız Mirzə və Zabit Quliyev hazırda kirayədə yaşayırlar. Sahil müəllim isə birotaqlı darısqal mənzildə yaşayır. Mənzilin genişlənməsinə ciddi ehtiyacı var. Bilirsiniz, bizim hazırda mənzilləri olmayan Milli Qəhrəmanlarımıza niyə ev verilmir? Çünki mövcud qanunvericiliklə onların mənzil almaq hüquqları da yoxdur. Çünki həmin Milli Qəhrəmanlar sağlamlıqlarını itirməyib ki, müharibə əlili statusu alsınlar. Nə də dünyasını dəyişməyib ki, şəhid statusundan ailələri yararlana bilsin. Bir az sadə dillə desək, heç bir yara almayan və sağ qalan şəxsin Milli Qəhrəman statusu ona mənzil almaq üçün imkan vermir. Bax, bu, qanunvericilikdə olan ciddi boşluqlardan biridir. Müharibə əlili olsaydılar, onlara mənzil verilərdi. Görürsünüz, hansı səviyyədə təzadlı mənzərə var.

Biz elə etməliyik ki, həmin adamların övladları da ataları ilə fəxr edə bilsin. Kirayədə yaşayan Milli Qəhrəman övladı atası barədə hansı fikirdə olar sizcə? Mənə elə gəlir ki, cəmi 215 Milli Qəhrəmanı növbədənkənar evlə təmin etmək elə bir problem deyil.

– Bilirsiniz ki, müəyyən peşə sahiblərinə dövlət pulsuz mənzillər paylayır. Yəqin ki, bu problem lazımi səviyyədə işıqlandırılmayıb.

– Bununla da razıyam. Amma biz bir çox rəsmilərlə bu barədə söhbətlər etmişik. Mən sizin qəzet vasitəsilə bu problemləri cənab Prezidentin diqqətinə çatdırmaq istərdim. Bizim onunla nə vaxt təmasımız olubsa, hansı məsələni qaldırmışıqsa, dərhal həllini tapıb. SSRİ vaxtında şəhərimizin ən gözəl yerində “Dom Qeroy” deyilən bir ev tikilib. Orada Sovet İttifaqı Qəhrəmanları və Böyük Vətən Müharibəsində digər yüksək fəxri adlara layiq olan şəxslər yaşayırdı. Mən istərdim ki, belə bir möhtəşəm binadan biri də tikilsin və orada bizim Milli Qəhrəmanlarımızın bütün ailələri evlə təmin edilsin. Adı da olsun “Milli Qəhrəmanlar evi”. Bu həm də vətənpərvərliyin təbliği üçün mühüm nümunə rolunu oynaya bilər.

– Bəs şəhid Milli Qəhrəman ailələrinin neçəsinin hazırda mənzil şəraitinin yaxşılaşmasına ehtiyac var?

– Onlarla bağlı vəziyyət yaxşıdır. Amma bir daha xatırladıram ki, həmin ailələr öz mənzil problemlərini Milli Qəhrəman ailəsi kimi deyil, şəhid ailəsi adından yararlanaraq həll edirlər.

– Milli Qəhrəmanların adlarının əbədiləşdirilməsi ilə bağlı vəziyyət necədir?

– Bu suala qısa cavab verəcəm. Aprel döyüşlərindən sonra möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə vurğuladı ki, həmin döyüşdə şəhid olanlar bizim üçün qəhrəmanlıq nümunəsi sayılmalıdırlar. Ancaq gəlin görək, aprel döyüşləri zamanı şəhid olub və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Murad Mirzəyevin adı bu günə kimi əbədiləşdirilibmi? Bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət göndərib ki, Yasamal rayonundakı 308 saylı məktəbə şəhid Milli Qəhrəman Murad Mirzəyevin adı verilsin. Nədənsə, həmin məsələ bu günə kimi həllini tapmır. Aprel döyüşləri zamanı şəhid olan bir şəxsin adının əbədiləşdirilməsində belə problem yaşanırsa, indi görün 1992-ci ildə şəhid olan Milli Qəhrəmanlarımızla bağlı vəziyyət necə olar? Bu sahədə olan vəziyyət də bizi tam qane etmir.

– Belə başa düşdük ki, Milli Qəhrəmanlar haqqında ayrıca bir qanun layihəsinin qəbuluna ehtiyac olduğu qənaətindəsiniz…

– Bəli, bununla bağlı biz təklif də hazırlayıb Milli Məclisə göndərmişik. Təəssüflə qeyd edim ki, həmin təklifimiz bu günə kimi Milli Məclisin müvafiq komissiyasında ilişib qalıb. 16 bənddən ibarət həmin layihədə biz Milli Qəhrəmanlarla bağlı statusun qəbul edilməsini istəyirik. Hesab edirik ki, bu yüksək ad verilibsə, onun mütləq mənada statusu da olmalıdır. Əminəm ki, belə bir qanun qüvvəyə minərsə, Milli Qəhrəmanlarımız öz problemlərinin həlli üçün gedib saatlarla dövlət qurumlarının qapısında gözləməz.

– Milli Qəhrəman övladlarının təhsil almaqla bağlı problemləri mövcuddurmu?

– Bu gün sağlamlığını itirməyən, sağ Milli Qəhrəmanımızın övladı ödənişli təhsildən azad edilmir. Mən sonda bəzi məmurlara məsləhət görərdim ki, onlar cənab Prezidentin şəhid ailələrinə, Milli Qəhrəmanlara olan davranışlarından bir nümunə götürsünlər. Ən azından, Ali Baş Komandanın münasibətinin 10 faizi həcmində bu məsələlərə diqqət ayırsalar, heç belə xırda narazılıqlar da olmaz.
Miq.Az

araz.az xəbər portalı.