Milli Elmər Akademiyamız Novruz bayramında papaq atmaqdan imtina etməyə çağırıb.

 

AXCP-nin rəhbərlərindən biri hörmətli Razi Nurullyev də  KOSA-dan və KEÇƏL-dən imtina eləməyə  və  yeni obrazlar yaratmağı təklif  edib. 

 

Gənc siyasətçi öz təklifində qeyd edib, ki, “Bizim Novruz bayramı qəhrəmanlarımız olan Kosa və Keçəl obrazları xoşuma gəlmir. Mənə belə gəlir ki, bizim müdrik olan babalarımız xalqımız üçün belə aşağılayıcı obrazlar düşünə bilməzdilər. Deyirik ki, mədəniyyətimizi Avropada, dünyada təbliğ edək. Keçəli və Kosanı görənlər düşünəcəklər ki, bizim hamımız Kosa və Keçəlik. Bu obrazlardan imtina etmək zamanı deyilmi? Niyə xalqımıza başucalığı gətirən obrazlar yaratmayaq”
Razi Nurulalyevin düşüncəsinə görə, Kosadan və Keçəldən imtina edən kimi Avropa ailəsinə qovuşacğıq.
Qərbə inteqrasiyanın yolu guya Keçəldən və Kosadan imtina etməkdən keçir…
Vallah, bunlar hamısı sadəlövh düşüncənin məhsuludur. Yaxşı, tutaq ki, Keçəldən və Kosadan imtina etdik və onların yerinə hansısa bir modern obrazlar qoyduq. Bəs, sonra?
Bəs, ən əsası içimizdəki keçəlliyi və ruhumuzdakı kosalığı nə edək? Bunları ki, kəsib atmaq mümkün deyil.
Bu bilirsiniz nəyə oxşayır? Mən müşahidə etmişəm ki, bəzi deputatlarımız Avropaya inteqrasiya olunmaq üçün lopa bığlarını qırxırlar və elə bilirlər ki, bununla Avropanın ürəyinə yol tapacaqlar. Biz bir cəmiyyət olaraq elliklə bığımızı, başımızı, hər yerimizi qırxdırsaq da Avropaya inteqrasiya oluna bilmərik. Avropaya inteqrasiyanın yolu başqa yerdən keçir və başqa yazının mövzusudur.
Razi Nurullayev deyir ki, “Keçəli və Kosanı görənlər düşünəcəklər ki, bizim hamımız Kosa və Keçəlik”.
Bəs, əksini necə düşünsünlər, a bəy?
Bəlkə, sən özün haqqında başqa cür düşünürsən?
Deyirsən ki, “Bizim müdrik olan babalarımız xalqımız üçün Kosa və Keçəl kimi aşağılayıcı obrazlar düşünə bilməzdilər”.
Bəs, bu obrazlar göydən düşüb?
Fikirini davam etdirən Razi Nurullayev bildirir ki, “Vaxtı ilə “Bakılı oğlanlar” da Moskvada verilişlərində azərbaycanlıları kartofsatan, göysatan kimi təqdim edirdilər. Elə bizi ona görə də bütün post-sovet məkanında bazar adamı kimi tanıdılar. Axı, bizim dünyaya təqdim edəcəyimiz mədəniyyət nümunələrimiz çoxdur. Niyə də özümüzü aşağılayıcı obrazlarla rüsvay edirik”

“Bazar adamı” geniş anlayışdır, a bəy…

AXCP sədrinin müavini başa düşmür ki, bazar adamı geniş anlyışdır. Təkcə bazarda kartof, soğan satana bazar adamı demirlər. Alim də, xalq şairi də, akademik də, siaysətçi də, deputata da, nazir də, din xadimi də bazar adamı ola bilər. Və bunlar bazarda göy satan, kartof satandan daha qorxulu və təhlükəlidir. Avropa bizim kartof-soğan satanlara görə, Kosaya, keçələ görə bizə gülməz, diplom satanlar, millətin maraqlarını satanlara, deputat mandatı və başqa şeyləri satanlara görə bizə yuxarıdan aşağı baxır, bizi ələ salırlar. Bu gün alimlik 5-6 min dollara, doktorluq 10 min dollara satılır. Müxalifətdə nə qədər mandat alverçisi var? Niyə onlardan deyil, Keçəldən, Kosadan imtina edək? Kosa, Keçəl onlardan biabırçıdır?
Kosadan, Keçəldən imtina etməyə nə var..?
Niyə bazarda kartof satana, göy satana bazar adamı deyə bilirik, ancaq diplom satana ziyalı deyirik.
Öz təşkilatını bir mandata satana müxalifətin vahid namizəd deyirik.
Gənc siyasətçi Kosadan, Keçəldən imtina edəndən sonra təklif edir ki, “Niyə xalqımıza başucalığı gətirən obrazlar yaratmayaq”.
Bax, ən maraqlı məqam budur ki, dövləti idarə etmək iddiasında olan (əslində mən burada heç bir pis şey görmürəm) bir siyasi təşkilatın liderlərindən biri heç nə təklif etmir. Ancaq Kosanı, Keçəli yıxaq…Bəs, sonra..? Bəs, onların yerinə nə qoyaq..?

Kamran MƏHƏRRƏMLİ,
nuh.az saytının Baş redaktoru.

araz.az xəbər portalı.