Biz adətən belə xəbərləri Fransada, İsveçdə və bu kimi Avropa ölkələrində eşitməyə adət etmişik. Əlbəttə islamafobiyanın, antisemitizmin, irqi, dini ayrı-seçkiliyin olduğu, neonasizm ideallarının baş qaldırdığı ölkələrdə bunun olması hardasa normaldır. Amma əsrlərdir dinindən, dilindən, irqindən asılı olmayaraq müxtəlif xalqların vəhtəd içərisində harmoniya ilə yaşadığı tolerantlıq, multikultural kimi dəyərlərin geniş təbliğ edildiyi Azərbaycanda yaşanması qəbuledilməzdir.
Məsələ ilə bağlı aidiyyəti orqanlar necə bir tədbir gördü, həmin şəxs cəzalandımı bilmirəm. Amma bu çox ciddi bir hadisədir. Məsələ təkcə “Quran”ın yandırıb, Məhəmməd peyğəmbərin təhqir olunması deyil. Məsələ bunun ictimaiyyətdə yarada biləcəyi əks reaksiyadır.
Onsuz da həssas coğrafi məkanda yerləşirik. Böyük güclər bizi öz çirkin, siyasi oyunlarına alət edib, münaqişlərə cəlb etmək istəyir. Bütün bunlar ilə yanaşı indi də ölkədə dini qarşıdurmanın baş verməsinə yol vermək olmaz.
Həmin şəxs cəzasız qalsa bu gələcəkdə bənzər hadisələrin təkrar baş verməsinə səbəb ola bilər. Üstəlik radikal görüşlü və xarici təsirə açıq fanatik bir çox şəxs də bənzər formada “İncil”ə, İsa peyğəmbərə, habelə “Tövrat”a Musa peyğəmbərə qarşı hörmətsizlik edə bilər.
Məsələyə vaxtında reaksiya verilməsə, hətta ölkədəki dini abidələrə qarşı təxribat xarakterli addımlar da ata bilərlər.
Dövlət təhlükəsizliyimiz, həmçinin din, vicdan, inanc azadlığının qorunması naminə “Qurani-Kərim”i yandırıb, Məhəmməd peyğəmbəri təhqir edən şəxs ən sərt şəkildə cəzalandırılmalıdır!
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.