Bundan əvvəlki yazımızda Kursk əməliyyatından sonra Rusiya cəmiyyətində mümkün etirazların olacağı barədə proqnozlar, ehtimallar səsləndirilmişdi. Genişmiqyaslı olmasa da, artıq Rusiyanın həm mərkəz bölgələrində, həm də ucqarlarında etirazlar haqqında sosial şəbəkələrdə məlumatlar paylaşılır.
Bu etirazlar əsasən orduya yenicə qatılmış çağırışçıların Kursk cəbhəsində daha çox ölməsi, əsir düşməsi ilə bağlıdır. Ümumiyyətlə, Ukrayna ilə müharibədə çağırışçıların ölüm sayı sürətlə artır. Artıq çağırışçı əsgərlərin anaları çağırışçıların Kursk vilayətindən çıxarılması haqqında Putinə müraciət petitsiyaları hazırlayırlar. Analar müraciətlərində gənc əsgərlərin hərbi dəfetmə təcrübələrinin olmamasını qabardırlar.
Rusiya sosial şəbəkələrində Kurskda ölən çağırışçıların nekroloqları paylaşılır. Prosesin bu şəkildə davam etməməsi üçün müqavimət amili olmalıdır. İctimai müqavimət zəif olarsa və ya heç olmazsa, qarşıdakı yeni payız çağırışında 18-yaşlı oğlanlar müharibəyə aparılacaq. Əgər əvvəllər mərkəzdəki şəhərlərdən, vilayətlərdən çağırışçılar cəbhəyə göndərilmirdisə, son günlər yaranmış mürəkkəb vəziyyətə görə, aktiv döyüş bölgəsinə əlavə olaraq təkcə Leninqrad vilayətindən 250 çağırışçı göndərilib. Baxmayaraq ki, RF qanununa görə döyüş bölgəsinə çağırışçılar yalnız 4 ay xidmət keçdikdən və hərbi hazırlıqdan sonra göndərilə bilər.
Ukrayna silahlı qüvvələrinin gözlənilmədən Kursk vilayətinə daxil olması Kremli canlı qüvvə çatışmazlığı ilə üzbəüz qoyub. Bu real problemdir. Rusiya Ordusu sıralarını tamamlamaq üçün hər ay 30.000 əsgər lazımdır. Vətənpərvərlik çağırışları, pul ödəmələri artıq işləmir və ona görə də Rusiya hakimiyyəti diqqəti çağırışçılara yönəldib. Yeni müdafiə naziri iqtisadçı olduğundan məsələnin hərbi tərəfindən çox maliyyə tərəflərini önə çəkir. Axı, çağırışçılar dövlət üçün həm də pula qənaət deməkdir. “Kontraktnik”dən fərqli olaraq çağrışçı ölümə pulsuz gedir.
Hiss olunur ki, anaların çıxılmaz vəziyyətdə oğullarını ölümdən qorumaq cəhdləri nəticə vermir. Putin məqsədlərinə çatmaq üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır. 30 il əvvəl əsgər anaları komitəsi Birinci Çeçen müharibəsini dayandıra bilmişdilər. Ukrayna müharibəsini necə, dayandırmaq anaların imkanı daxilində ola biləcəkmi? Kütləvilik olmadıqca bu mümkün olmayacaq.
araz.az xəbər portalı.