Düz bir ildir araz.az xəbər portalı yazır ki, artıq dünyada tanınan “SOCAR – AQŞ” kimi nüfuzlu bir şirkətin qurucusu və 12 il 6 ay Baş direktoru olan Ramin İsayevin sifarişli həbsi vicdansızlıqdan başqa bir şey deyil.
Neft-qaz sənayesi sahəsinin bacarıqlı və istedadlı mütəxəssisi kimi izini qoyan bu soydaşımız rəhbər fəaliyyəti dövründə təkcə ölkə səviyyəsində deyil, dünya miqyasında qəbul edilən çoxsaylı ilklərə imza atdığına görədir ki, səhmdarlara aid bu MMC az müddət ərzində beynəlxalq aləmdə qəbul edilib, həyata keçirdiyi əksər işləri nümunə olaraq göstərilib. Bütün bunlara görədir ki, özünün reytinqi də beynəlxalq aləmə aid sıralamada gözəçarpan yerdədir. Deyilənlər barədə çox yazmışıq, lakin ona qarşı olanları susduran tapılmır. Bu azmış kimi, belələri onun özünə məxsus hər şeyini ələ keçirməkdən də çəkinmirlər.
Yeri gəldi deyə qeyd edim ki, bir media subyekti əməkdaşı olaraq, hazırda həbsə atılan bu soydaşımızın qürurverici işləri ilə həmişə özüm də maraqlanardım. Onlardan biri barədə: 2019-cu ilin son ayları olduğu yadımdadır. Eşitdim ki, Ramin İsayev uğurla həyata keçirdiyi öz qürurverici işlərinə daha bir ilkini əlavə edib. Onda xarici mətbuat belə bu barədə ətraflı yazılar dərc edirdi. Həmin maraqlı yazılarda deyilirdi ki, fitri istedadı hesabına Ramin İsayev Bakıda özünə məxsus ən unikal innovativ dinamik qazma simulyatorlarla təchiz olunmuş Qazma Tədris Mərkəzini (“Bakı Drilling School”) açıb. Bu məktəb Xəzər Hövzəsi regionunda tamamilə yeni, üstəlik gələcəkdə neft ölkəsi Azərbaycana böyük xeyirlər gətirə biləcək ən müasir məktəbdir.
Qeyd edim ki, “Baku Drilling School”un yüksək səviyyədə təşkil olunan açılış mərasimində təkcə yerli deyil, beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri hesab edilən BP, SOCAR, Total, Halliburton, Schlumberger, Weatherford, Gulf Drilling, “Turan Mühəndislik və Qazma” MMC… şirkətlərinin seçilən nümayəndə heyətləri də iştirak edirdilər. Elə, həmin tədbirdəcə ‘’Baku Drilling School’’ MMC ilə, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan — Fransa Universiteti və Azərbaycan Texniki Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları da imzalandı.
Onu da deyim ki, olduqca perspektivli görünən bu tədris müəssisəsi ilə bağlı, onda, işlədiyim redaksiya və digər mətbu orqanlar tərəfindən çoxsaylı məlumatlar yayımlanırdı və onların qısa xülasəsi beləydi: “Neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən “Baku Drilling School” MMC regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (İADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı(OPİTO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə edə bilən ilk təlim mərkəzidir.
Ramin İsayevin paytaxtda açdığı bu qeyri-adi məktəbin çox işlər gördüyünə şahidlik edirik. Fəaliyyəti müasirliyə köklənən “Baku Drilling School” ən innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə regionda peşəkar qazma heyətinin yetişdirilməsində önəmli rol oynayır. Mərkəzdə yaradılan innovativ maddi-texniki baza gənc mütəxəssislərin belə həm nəzəri, həm də təcrübi biliklərinin vəhdətinə önəmli töhfələr verir. Bir sözlə, müasir tələblərə cavab verən kadrların yetişdirilməsində bu məktəbin rolu əvəzsizdir.
Dünyanın ən son çoxfuksional simulyatoru hesab edilən “Endeavor XI Platinum” dinamik simulyatoru da, bu Qazma Təlim Mərkəzində quraşdırılıb. Bu simulyator layın geofiziki və geoloji xüsusiyyətlərini öncədən proqramlaşdıraraq, quyuların qazılması zamanı baş verə biləcək mürəkkəbləşmələri və riskləri öncədən proqnozlaşdmaqda və qarşısını almaqda mütəxəssislərə unikal təcrübə imkanı yaradır. Təlim iştirakçıları bu simulyatorun geniş imkanlarından yararlanaraq, GeoCube modelinin 3D formatı vasitəsi ilə, istənilən qazma qurğusunu və quyuları əhatəli təsvir və idarə edə bilir. Əldə olunmuş təcrübə sayəsində gənc kadrlar həm peşəkarlıq, həm də psixoloji baxımdan real qazma şəraitindəki tapşırıqların öhdəsindən uğurla gəlmək iqtidarında olurlar.
“SOCAR — AQŞ”-nin Baş direktoru Ramin İsayevin özü isə, bu barədə belə deyir: “Özümə aid “Baku Drilling School”u təsis etməklə, regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfələr vermək qərarına gəldim. Ən son simulyator texnikasını və peşəkar təlimçiləri cəlb etməklə, regionda rəqabətədavamlı təsisatların da təşəkkül tapmasına dəstək verirdim. Ümidvaram ki, “Baku Drilling School” tezliklə dünyada fəaliyyət göstərən digər qazma təlim mərkəzləri arasında öz layiqli yerini tutacaq və Azərbaycan qazmaçılarının tarixi öncül rolunun bütün dünyada tanınmasına xidmət edəcək. Onsuz da, onilliklər ərzində paytaxt Bakı dünyanın neft sənayesi mütəxəssisləri üçün bir məktəb olub. Əminik ki, Bakı Qazma Məktəbi də, Azərbaycandan qeyri-neft xidmətləri ixracının artmasına önəmli töhfə verə biləcək”.
Bu mürəkkəb sahənin tanınmış mütəxəssisləri isə, ölkə paytaxtında ən müasir QazmaTəlim Mərkəzinin fəaliyyətə başlamasından qurur duyduqlarını bildirirlər. Xüsusi olaraq qeyd edirlər ki, 173 illik zəngin neft tarixinə malik Bakı, öz şöhrəti ilə, “Baku Drilling School”a böyük üstünlüklər verir. Mərkəzin yaradılmasında bilavasitə böyük rolu olan Ramin İsayev isə, yenilikçiliyi və öncüllüyü ilə nümunə olaraq göstərilir. Ortada tam olan bir əminlik var ki, bu tədris müəssisəsi keyfiyyətli təlim proqramları və uğurlu fəaliyyəti ilə, ona göstərilən böyük etimadı tam olaraq doğruldacaq!”.
Bu xülasəni verməklə də onu demək istəyirəm ki, onda bu tədris müəssisəsinin Ramin İsayevin özünə məxsusluğu yazılarda xüsusi olaraq qeyd olunurdu. Son vaxtlar isə, diqqətimi cəlb edən başqa bir məqamla rastlaşıram: Sabiq Baş direktorun ictimai narahatlıq yaradan müəmma dolu həbsindən sonra, deyilənlər barədə mətbuata ötürülən məlumatlarda “başqa hava çalınır”. Bu
məlumatlarda bildirilir ki, bu məktəbin Ramin İsayevə heç bir dəxli yoxdur, “SOCAR – AQŞ”-yə aiddir. Bununla bağlı ortaya çıxan suallarıma həmin qurum rəhbərlərindən cavab da ala bilmirəm. Hər şey isə, göz qabağındadır: Məlumatlar da onu deyir ki, bu məktəb Ramin İsayevin əlindən alınıb. Bunun təsdiqi kimi, bu məktəbin adıyla keçirilən bir tədbir haqqında mətbuatda gedən bu yazını oxumaq kifayətdir: “Imzalanan müqavilələr çərçivəsində Bakı Qazma Məktəbi Qazma Quyularına Nəzarət və İmmersiv (real) Simulyator təlimlərini, o cümlədən İnsan Faktoru və Heyət üçün Resursların İdarə Edilməsi üzrə təlim proqramlarını təmin edəcək.
Bu proqramların əsas məqsədi həm BP, həm də onun subpodratçılarının əməkdaşları üçün təhlükəsiz və səmərəli qazma əməliyyatları ilə bağlı lazımi bilik və bacarıqları təchiz etməkdir. Bakı Qazma Məktəbi ilə BP arasındakı bu əməkdaşlıq, Xəzər regionunda istedadların inkişafı və mükəmməlliyə birgə öhdəliyi birbaşa özündə cəmləyərək, enerji sənayesində mühüm mərhələnin olacağını özündə ehtiva edir. İxtisaslaşmış təlim proqramlarının təmin edilməsi məqsədi ilə, Beynəlxalq Akkreditasiyalara malik ilk yerli təlim məktəbi kimi, BP tərəfindən bu məktəbin seçilməsindən qürur hissi duyulur. Məktəb rəhbərliyi bu etimadı doğrultmağa və neft-qaz sənayesinə yüksək keyfiyyətli təlim xidmətlərini təqdim etməyə çalışır. Konkret desək, Bakı Qazma Məktəbi ortadakı sənaye tendensiyalarına uyğun olaraq, neft və qaz mütəxəssisləri üçün təhlükəsizliyə əsaslanan, innovativ, effektiv və kompleks təlim proqramları ortaya qoyur. Bu, Xəzər regionunda IWCF və IADC tərəfindən akkreditasiya olunmuş təlim proqramları təqdim edən qabaqcıl çoxfunksiyalı X1-platinum simulyatoruna malik müasir Qazma Tədris Mərkəzidir. Hazırda məktəb tərəfindən müştərilərin tələblərinə uyğun hazırlanmış kurslar təqdim, neft-qaz sənayesinin müxtəlif sahələri üzrə isə, 60-dan çox təlim kursu təklif edilir”.
Düşündürücüdür, vallah! Axı, bu necə ola bilər?! Bəyəm, Ramin İsayevin gərginlik dolu məhkəməsi getdiyi həssas bir məqamda, azadlığını əlindən almağa nail olanlar, məhkəmə qərarı olmadan, onun mülkiyyət hüququnu pozmaqdan da qorxub-çəkinmirlər?!. Bununla bağlı araşdırmalarımızı davam etdiririk.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.