“Hazırda ailəmlə birlikdə Qaxda dincəlirəm. Deməzdim ki, yaxşıyam. Babatam. Qoca adamam da. Sizin səsinizi eşidib sevindim. Jurnalistlər dostlarımdır. Sağ olun ki, diqqətdə saxlayırsınız. Zəng edirlər, gəlib müsahibə almaq istəyirlər. Bu il Əhsən Dadaşovun 100 illik yubileyidir. Onunla çox işləmişəm. Gəlib məndən müsahibə almalı idilər. Onları Qaxa dəvət etdim. Hələ də gözləyirəm. Çox xahiş edirəm mənim dilimdən onun ünvanına xoş sözlər yazın. Bakıya gəlim, havalar da bir az özünə gəlsin hamı ilə görüşəcəm”
araz.az xəbər verir ki,bunu Medianews.az-a özəl açıqlamasında xalq artisti, tanınmış xanəndə Arif Babayev deyib. O daha sonra əlavə edib.
“Ağdam işğaldan yeni azad olunanda getmişəm. Bir zümlə getdik ki. Yollar da pis gündə idi. İndi hər yer abadlaşıb. İkinci dəfə yenə getmək istərdim. Niyə getməyim ki? Amma gərək bir az babatlaşım. Orada yerimək, gəzmək lazımdır. Mən Ağdamın Sarıhacılı kəndindənəm, o kəndlə bağlı danışacaqlarım, deyəcəklərim var. Orada kürsülü evim var idi. Bağçasında bülbüllər cəh-cəh vururdu. Qəbirstanlıq şumlanıb. Valideynlərimin məzarını tapa bilmədim. Ümid edirəm ki, həmin qəbirstanlıq bərpa olunar. Bərpa olunmasa da onların ruhu şaddır.. Çünki Ağdam azaddır, artıq ruhlar şəhəri deyil”, – deyə sənətkar bildirib.
Arif Babayev ən böyük arzusunu da dilə gətirib.
“Ağdamda ev muzeyimin olması ən böyük arzumdur. Bildiyimə görə Sarıhacılı kəndi şəhərlə birləşdirilib. Elə şəhərdə olsa yaxşıdır. Bakıdakı evimin otaqlarından birini muzey kimi ediblər. Amma əşyalarım çoxdur, tökülüb qalıb. Mən özümə muzey istəmirəm, xalqım üçün istəyirəm. Gələcək nəsillərə əmanət qalsın. İnanıram ki, dövlətimiz bunu da nəzərə alacaq. Dövlətimdən, prezidentimdən çox razıyam” – xalq artisti deyib.
araz.az xəbər portalı.