Bəzən pensiya yaşına çatan vətəndaşlar öz təqaüdlərini birdəfəyə götürmək istəyirlər. Yəni belə bir fikir var ki, yığılan kapital onlarındır və vəsait birdəfəlik verilməlidir. Xarici ölkələrdə belə bir sistem mövcuddur. Müəyyən şərtlər daxilində vətəndaşlar pensiya kapitalını birdəfəyə götürə bilirlər. Aylıq pensiya ödənişləri sabit və aylıq olur, məbləğ isə əməkhaqqına uyğun təyin edilir. Birdəfəlik pensiyada isə vəsait birdəfəlik verilir və vətəndaş həmin kapitalı idarə etməyi bacarmalıdır.
Bəs Azərbaycanda vətədanşlar pensiya kapitalını birdəfəyə götürə bilər? araz.az xəbər verir ki,mövzunu Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, vətəndaş pensiya kapitalını birdəfəyə götürsə, müəyyən problemlər yaşana bilər:
“Deyək ki, bir nəfər pensiya kapitalının tamamını götürdü. Daha sonra həmin kapitalı oğurlatdı. Həmin adamın yerdə qalan dövr üçün təminatı necə olacaq? Bu vaxt suallar yaranmağa başlayır. Yaşlı adam dövlətin bütün sosial təminat hüququnu əldə etdiyi üçün dövlətə yalvaracaq. Bəs bu məsələlər necə həll olunacaq? Bu suallar müzakirə olunmur. Hər hansı bir məsələdə istək və arzular ola bilər. Amma digər məqamlarda var. Sözügedən təcrübə xaricdə var. Azərbaycan xarici təcrübələri yaxından izləyir. Hətta bununıa bağlı qanunvericilik təşəbbüsləri var. Hazırda qüvvəyə minməyib. Amma bununla bağlı “Özəl pensiya fondları haqqında” qanunvericiliyə dəyişiklik edilib”.
Ekspertin sözlərinə görə, xaricdə olan dəyişikliklər icbari pensiya təminatı ilə əlaqədar deyil. Bütün bunlar könüllü pensiya təminatları ilə əlaqədardır:
“Vətəndaşların burada bir neçə pensiya planı olur. Birinci növbədə dövlətə ödədikləri, ikincisi isə könüllü surətdə üzv olduqları pensiya fondlarıdır. Bunu işverənlər təklif edir yaxud vətəndaşlar könüllü olaraq proqramları özü seçir. Onlar həm dövrün sonunda pulu birdəfəyə götürürlər və hissə-hissə aylıq ödəmələr alırlar. Yəni daha kiçik məbləğdə pensiya ödəmələri olur. Bu o demək deyil ki, bir dənə seçim olur. Onların bir neçə seçimləri olur. Amma bunun üçün yadda saxlamaq lazımdır ki, pensiya gördən düşmür. Bütün bunlar vətəndaşın maaşından tutulur”.
Xalid Kərimli bildirib ki, Azərbaycanda bir dənə icbari pensiya sistemi var. Dövlət bizim maaşlardan həmin məbləği tutur və dövrün sonunda pensiya planımıza uyğun olaraq bizə təqaüd təyin edir:
“Bunun 10-15 illik müddəti var. Əvvəlki sovet pensiya sistemi tamam fərqli idi. İndi bunu fərdi pensiya sisteminə keçiriblər. Yəni nə qədər ödəyiriksə, dövlət bizə o qədər pensiya verir. Digər məqamları isə özəl pensiya fondları ilə həll etməyi düşünür. Vətəndaşlar dövr ərzində könüllü şəkildə bu cür istəkləri varsa, həmin pensiya fondlarında planlarını könüllü olaraq seçmək imkanı olacaq. Qanunvericilik hələ qüvvəyə minməyib. Özəl pensiya fondları yaradıldıqdan sonra məsələlər həll olunacaq və bununla əlaqədar işlər gedir. Vətəndaş bu vaxt həmin planlardan istifadə edə biləcək”.
araz.az xəbər portalı.