Gürcüstanla bağlı nə varsa, mənə maraqlı gəlir. Çünki bu ölkə ilə məni doğma, qırılmaz tellər bağlayır.  Dünyaya gözümü açdığım, tarixi Borçalı, Başkeçid torpaqları taleyimin, həyatımın, mənəvi dünyamın ayrılmaz hissəsidir.

Siyasi prosseslərin içərisində olmasam da, onları vaxtaşırı izləyirəm. Qafqazla maraqlanan hər kəsə Salome Zurabaşvili adı çox tanışdır.

Gücüstanın ilk qadın prezidenti, ümumən isə 5-ci prezidenti olan Salome Zurabişvili bu vəzifəsinin icrasına 2018-ci ilin dekabr ayından başlayıb, hələ də bu vəzifəsini icra edir. Onun siyasi fəaliyyəti haqqında bildiklərim sadəcə mətbuatdan oxuduqlarımdı, ona görə də, bu yazımızda o  mövzuya toxunmayacam.

Bu yazının əsas məğzi isə onun yazdığı avtobioqrafik “Gürcüstana doğru” kitabında yer alan bir məsələ ilə bağlıdır.

Kitab 2020-ci ildə Bakıda “Alatoran” yayınevi tərəfindən dilimizə tərcümə edilib. Salome Zurabişvili kitabının 57 və 58-ci səhifələrində Qars və Ərdahan bölgələrinin  Lenin tərəfindən türklərə Rusiya-Türkiyə müharibəsində borcun ödənilməsi üçün verildiyini yazır. Görünən odur ki, xanım Zurabişvili bu faktı yazarkən geniş və əhatəli araşdırma aparmağa ehtiyac duymayıb, ya da ki, bu gerçəkliyi öyrənmək onun işinə yaramayıb.

Zurabişvilinin qeyd etdiyinin əksinə olaraq, bu ərazilər 1921-ci ildə Türkiyə ordusu tərəfindən aparılmış hərbi əməliyyatlar zamanı alınıb. Sonradan Qars müqaviləsində də öz əksini tapıb. Batum şəhəri belə rusların, Leninin təkidindən sonra gürcülərə qaytarılıb.

Zurabaşvili isə bilərəkdən ya bilməyərəkdən faktı bu şəkildə təqdim edir.  Hər halda kitabda onun öz fikirlərində türklərə qarşı simpatiyasının olmadığı da dəqiq görünür.

Aida İSMAYILOVA,
tarix üzrə fəlsəfə doktoru, arxeoloq.

araz.az xəbər portalı.